İlqar Orucov: "Bu ağır yük azyaşlılarda tənəffüs və qan dövranı sisteminin funksional imkanlarını məhdudlaşdırır"
İbtidai sinif şagirdlərinin məktəb çantalarının həddindən artıq ağır olması valideynləri narahat edən məsələlərdən biridir. Azyaşlı uşaqların hər gün daşıdığı dərslik və dərs ləvazimatlarının ümumi çəkisi onların fiziki imkanları üçün artıq yük yarada bilər. Xüsusilə dərsliklərin ölçüsü, sayı və məktəb ləvazimatlarının çoxluğu bu problemi daha da aktuallaşdırır. Ağır çantaların uşaqların onurğa sütununa, duruşuna və ümumi fiziki inkişafına mümkün təsirləri məsələyə diqqəti artırır.
Şagirdlərin hər gün bütün dərslikləri məktəbə aparmaq məcburiyyətini aradan qaldırmaq üçün təhsil sistemində hansı dəyişikliklər edilə bilər? İbtidai sinif dərsliklərinin həcm və çəkisinin azaldılması uşaqların məktəb çantası ilə bağlı problemini həll edə bilərmi?
Mövzu ilə bağlı “AzPolitika”ya danışan fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, ibtidai sinif şagirdlərinın bədən ölçüləri ilə daşıdıqları təlim ləvazimatlarının çəkisi arasındakı uyğunsuzluq müasir uşaq fiziologiyası və sağlamlıq standartları baxımından aktual problemlərdən biridir.

Onun sözlərinə görə, uşaq anatomiyası sahəsində aparılan fundamental tədqiqatlar sübut edir ki, azyaşlı şagirdin daşıdığı çantanın çəkisi onun bədən kütləsinin 10%-lik kritik həddini aşmamalıdır: “Bu normativ hüdudların pozulması, skelet-əzələ sisteminin intensiv formalaşma mərhələsində olduğu ibtidai sinif dövründə onurğa sütununun təbii quruluşunun zədələnməsinə, skolioz və kifoz kimi qamət patologiyalarının yaranmasına birbaşa səbəb olur. Eyni zamanda, bu ağır yük azyaşlılarda tənəffüs və qan dövranı sisteminin funksional imkanlarını məhdudlaşdırır. Bu baxımdan, problemin aradan qaldırılması sadəcə çanta çəkisinin texniki normalarla tənzimlənməsi ilə deyil, təhsil menecmentində struktur və metodiki islahatların reallaşdırılması ilə mümkündür”.
Ekspert qeyd edib ki, dərsliklərin vizual-poliqrafik strukturunun yenidən qurulması, yəni həcm və çəkisinin azaldılması bu problemin həllində mühüm elementlərdən biridir, lakin bütövlükdə məsələni tam həll etmək gücündə deyil: “Pedaqoji sosiologiya müstəvisində aparılan monitorinqlər göstərir ki, çantanı ağırlaşdıran yeganə amil fundamental dərsliklər deyil, eyni zamanda iş dəftərləri, müxtəlif yardımçı təlim materialları, yaradıcı fəaliyyət ləvazimatları və uşaqların şəxsi ehtiyacları üçün daşıdıqları əlavə resurslardır. Buna görə də dərsliklərin hissələrə (rüblük və ya yarımillik modullara) bölünərək yumşaq cilddə çap edilməsi çəkini müəyyən qədər azaltsa da, bütöv bir həll modeli kimi tam effektiv olmur. Bu addım yalnız təhsil müəssisəsinin daxili idarəetmə prosesləri ilə paralel şəkildə həyata keçirildikdə real nəticə verə bilir”.
İ.Orucov əlavə edib ki, beynəlxalq təcrübədə bu problemin həlli istiqamətində fərqli innovativ və institusional idarəetmə modelləri tətbiq olunur. Avropa Təhsil Məkanı standartlarına əsasən, xüsusilə Fransa və Almaniyada ikiqat dərslik yanaşmasından geniş istifadə edilir: “Belə ki, şagirdlər ağır və əsas dərslikləri məktəbdə fərdi dolablarda saxlayır, evdə isə həmin vəsaitlərin rəqəmsal analoqlarından və ya daha yüngül iş vərəqlərindən istifadə edirlər. ABŞ-ın bir çox ştatlarında pedaqoji idarəetmə qaydalarına əsasən, çanta çəkisinin yuxarı həddini tənzimləyən qanunvericilik aktları qəbul edilib və çantanın daxili çəkisi hər səhər elektron tərəzilərlə monitorinq olunur. Cənubi Koreya və Sinqapur kimi rəqəmsal təhsilin lideri olan ölkələrdə isə ibtidai siniflərdə kağız daşıyıcıların payı minimuma endirilərək, dövlət proqramına tam inteqrasiya olunmuş planşetlər və bulud texnologiyalı asinxron platformalar vasitəsilə dərsliklərin ümumi çəkisi demək olar ki, sıfırlanmışdır”.

Fəlsəfə doktoru hesab edir ki, şagirdlərin hər gün bütün dərslik və ləvazimatları daşımaq məcburiyyətini aradan qaldırmaq üçün təhsil idarəçiliyi sistemində institusional və hibrid infrastruktur dəyişiklikləri həyata keçirilməlidir: “Təlim prosesinin metodoloji strukturunda rəqəmsal tədris payının artırılması qaçılmazdır. Məktəbdə keçirilən dərslər üçün fiziki kitablardan istifadə edildiyi halda, ev tapşırıqlarının və təkrar materialların dövlət təhsil portalları üzərindən elektron dərsliklər vasitəsilə icra edilməsi təmin olunmalıdır. Nəhayət, təhsil proqramlarının elmi əsaslarla optimallaşdırılması və fənlərarası inteqrasiyanın dərslik tərtibatına tətbiq edilməsi vacibdir. Çoxsaylı pərakəndə vəsaitlər əvəzinə, fənlərin inteqrasiya olunmuş vahid öyrənmə modulları şəklində birləşdirilməsi sinif mühitində istifadə olunan kağız daşıyıcıların sayını təbii olaraq azaldacaqdır. Fikrimcə müasir, keyfiyyətli və dünyəvi təhsil standartları şagirdin təkcə intellektual inkişafını deyil, onun fiziki sağlamlığının qorunmasını da eyni dərəcədə təmin etməlidir”.
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər