Azərbaycanda səhiyyə sistemində idarəetmənin yenidən təşkili sektorda yeni mərhələnin başlanğıcı ola bilər. TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi tibb müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi, idarəetmədə səmərəliliyin artırılması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm dəyişikliklər vəd edir. Bununla yanaşı, qərarın xəstəxanaların işinə, həkimlərin fəaliyyətinə və vətəndaşların tibbi xidmətlərə çıxışına necə təsir göstərəcəyi cəmiyyətdə maraq doğuran əsas məsələlərdəndir.
Bəs bu struktur dəyişikliyi səhiyyə sistemində hansı problemlərin həllinə kömək edə bilər?
Mövzunu "Azpolitika"ya şərh edən millət vəkili Aydın Mirzəzadə bildirib ki, TƏBİB strukturunun tabeçiliyinin dəyişdirilməsi çox düzgün addımdır:
"Səhiyyə Nazirliyinin tərkibində TƏBİB yenə də müstəqil departament kimi fəaliyyət göstərəcək. Ona ümumi rəhbərlik isə Səhiyyə Nazirliyinin nəzarəti altında həyata keçiriləcək. TƏBİB-in yaradılması Azərbaycan səhiyyəsində bir yenilik oldu. Bu strukturun formalaşması səhiyyəyə investisiyanın cəlb edilməsinə, özəl səhiyyə sektorunun inkişafına, tibb personalının işinə marağın artırılmasına böyük təkan verdi. Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərərkən bu imkanlar daha da böyüyəcək. Artıq dövlət istiqamətində görülən işlər daha da genişlənəcək. Keçmiş Səhiyyə nazirinin Baş nazirin müavini təyin edilməsi, onun təcrübəsindən artıq humanitar sahəyə rəhbərlikdə istifadə olunmasına imkan verəcək. Yeni Səhiyyə nazirimiz isə ixtisasca həkimdir və müxtəlif səhiyyə ocaqlarında işləyib. Onun TƏBİB-ə rəhbərlik etdiyi dönəmlərdə bir çox islahatlar həyata keçirilib. Bu gün Prezident İlham Əliyevin etdiyi dəyişikliklər Azərbaycanda səhiyyənin keyfiyyətinin artmasına, kadrların həm paytaxt, həm də regiondakı səhiyyə ocaqlarına cəlb edilməsinə, yeni avadanlıqların təchizinə, tibb personalının gücləndirilməsinə böyük töhfə bəxş edəcək".
Tibb elmləri doktoru, professor Adil Qeybulla da bildirib ki, Səhiyyə Nazirliyinin timsalında vahid bir icra qurumunun yaradılması müsbət addımdır:
"Əslində TƏBİB-in tarixi missiyası artıq başa çatmışdı. İndi Səhiyyə Nazirliyi vahid məsuliyyəti öz üzərinə götürəcək. Yəni xəstəxanalar arasında assosiativ əlaqələri təmin etmək, randevu sistemini qaydasına salmaq, vətəndaşların xəstəxanaların hər birinin imkanlarından istifadəsinə şərait yaratmaq, həkimlərin ölkədə qalıb işləməsinə çalışmaq, rayonlarda həkimlərin fəaliyyətini stimullaşdırmaq əsas prioritetə çevriləcək. Artıq vahid rəhbərlik sistemi öz müsbət tərəfini göstərəcək. Səhiyyə Nazirliyi ictimaiyyətlə işləyəcək və bu sahədə yüksək nəticə əldə ediləcək. Biz bunu gözləyirik".
Günəş Fərəh
Azpolitika.info


Şərhlər