Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə Sankt-Peterburqda keçirdiyi danışıqlardan sonra Osloda Norveç Baş naziri Yonas Qar Störe ilə görüşüb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, onlar hava limanında, Uitkoffun olduğu təyyarədə Ukrayna müharibəsi ilə bağlı nizamlanmanın gedişatını müzakirə ediblər.
Görüş təxminən bir saat davam edib və bundan sonra Uitkoff ABŞ-yə yola düşüb. Norveç Baş nazirinin sözlərinə görə, Trampın elçisi ona Putinlə danışıqlarının nəticələri barədə məlumat verib. Optimist görünən Baş nazir deyib ki, "Görünür, biz elə bir mərhələyə qədəm qoyuruq ki, Rusiya da diplomatik nizamlanma imkanlarını araşdırmağa başlayır”.
O, tərəflərin noyabrın ortalarında Rusiya, Ukrayna və ABŞ arasında “yüksək səviyyəli” üçtərəfli görüş keçirmək barədə razılığa gəldiyini bildirib. Baş nazir deyib ki, həmin görüşdə müharibə bitdikdən sonra veriləcək təhlükəsizlik təminatları müzakirə olunacaq. Baş nazirdən Uitkoffun Avropa tərəfdaşları ilə görüşlərindən sonra Putinə hansı təklifləri apardığı soruşulub. Störe deyib ki, təkliflər Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətlərini, müharibədən sonrakı yenidənqurmanı və Qara dəniz vasitəsilə taxıl ixracına və enerji təchizatına imkan verəcək atəşkəs mexanizmlərini əhatə edib.
Uitkoff özü isə X platformasında Putinlə görüşün Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar zamanı "Osloda əldə edilən irəliləyişi inkişaf etdirmək" məqsədi daşıdığını bildirib. O əlavə edib ki, "bu müzakirələr konstruktiv olub və ABŞ, Rusiya və Ukrayna arasında texniki səviyyədə üçtərəfli danışıqlar formatında davam edəcək".
Xatırladaq ki, Uitkoff dünən Putinlə Ukraynada nizamlanmanı müzakirə etmək üçün üç saatdan çox davam edən görüş keçirib. O, Zelenski, Störe və Finlandiya Prezidenti Aleksandr Stubbun iştirakı ilə Osloda keçirilən danışıqlardan sonra hazırlanmış təklifləri Putinə çatdırıb.
Uitkoffun səfərindən sonra Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Moskvanın noyabrın ortalarında üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb. O, həmçinin bildirib ki, AB və NATO Kremlin Ukrayna ilə bağlı təkliflərinə "daha ciddi yanaşmağa" başlayıb və “işlər münaqişənin sona çatmasına doğru gedir".
Bütün bu oiptimist bəyanatlar Ukraynadakı qanlı müharibənin dayandırılmasına dair ümidlər yaratsa da, bu danışıqlara skeptik yanaşanlar da az deyil. Belə ki, bir çox müşahidəçilər danışıqların Ukrayna münaqişəsinin həllindən daha çox ABŞ administrasiyası ilə Kreml arasında biznes layihələrinə, o cümlədən “Lukoil”-in xaricdəki aktivlərinin Trampa yaxın iş adamlarına devr edilməsinə, əvəzində isə Rusiya üzərindən bəzi sanksiyaların götürülməsinə həsr olunduğunu iddia edirlər. Məhz bunun üçün danışıqları, ABŞ-nin xarici siyasətinə cavabdeh olan Dövlət katibi Marko Rubio deyil, Trampın “biznes tərəfdaşı” kimi təqdim olunan Uitkoffun apardığı iddia olunur.
Bütün bunların fonunda isə Ukraynanın mülki infrastrukturunun, dinc əhalisinin bombalanması və Ukraynanın cavab zərbələri davam edir…
E. Qüdrətoğlu
“AzPolitika.info”


Şərhlər