Ukrayna Prezidenti Vladimir Zelenski oktyabrın 21-də ABŞ-ın "Fox News" telekanalına verdiyi müsahibədə döyüş xəttində müharibənin dayandırılmasına hazır olduğunu bəyan edib. O qeyd edib ki, bundan sonra ABŞ və Avropa tərəfdaşları Rusiya təcavüzünün təkrarlanmayacağına dair təminat verməlidirlər.
Teleaparıcının münaqişənin səbəblərindən asılı olmayaraq indiki xətt üzrə dondurulmasını nəzərdən keçirib-keçirmədikləri ilə bağlı sualına Zelenski müsbət cavab verib: "Bəli. İndi bizə döyüş əməliyyatlarını dondurmaq lazımdır və bu, müharibəni bitirmək üçün real yoldur. Biz bunu atəşkəs və ya Prezident Trampın dediyi kimi, qətllərin dayandırılması adlandıracağıq". O, Rusiyadan bu mərhələdə tələb olunan minimum şərtin məhz dondurma və danışıqlar olduğunu vurğulayıb.
Zelenskinin sözlərinə görə, atəşkəsldən sonra Kiyev ABŞ və Avropa tərəfdaşlarına təhlükəsizlik zəmanətləri üçün müraciət edəcək. Bundan sonra isə ölkənin bərpasına başlanılmalıdır: "Doqquz milyon yarımdan çox vətəndaşımız evini itirib və dünyanın müxtəlif yerlərinə səpələnib. Onlar qayıdıb ölkəni yenidən quracaqlar".
Qeyd edək ki, son vaxtlar ABŞ Prezidenti Donald Tramp Zelenskinin Rusiya ilə razılığa gəlmək istəmədiyini iddia edərək onu sərt tənqid etmiş və Ukraynaya sülh sazişi bağlaya biləcək yeni liderin lazım olduğunu bildirmişdi. Zelenskinin bu açıqlaması isə mövcud təmas xətti boyunca münaqişənin dondurulmasına və diplomatik həllə hazır olduğunu nümayiş etdirən mühüm mesaj kimi qiymətləndirilir.
“AzPolitika.info”


Şərhlər