Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqdakı Konstantin sarayında ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkof ilə görüşü başlayıb. Danışıqlar zamanı əsas diqqət Ukraynadakı müharibənin nizamlanması, üçtərəfli formatın bərpası və "dizel sövdələşməsi" məsələlərinə yönəlib.
Belə ki, Putinin Uitkoffla görüşündən müəyyən gözləntilər var.
“AzPolitika” Rusiya KİV-lərinə istinadla xəbər verir ki, danışıqlar zamanı Rusiya lideri Ukraynadakı müharibənin həlli məsələsinə göstərdiyi diqqətə görə Donald Trampa təşəkkür edib.
Görüş zamanı Putin Osloda Ukrayna Prezidenti Volodimir Zelenski ilə Uitkoff arasında keçirilən danışıqların nəticələri ilə maraqlanıb. Putin bildirib ki, son söhbətləri zamanı Tramp insan itkisinin qarşısını almaq üçün Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini vurğulayıb.
Cavab olaraq, Uitkoff Oslo danışıqlarını məhsuldar adlandırıb və müəyyən irəliləyişlər olduğunu bildirib. O iddia edib ki, Ukraynada atəşkəsə yaxınlaşmaq üçün artıq təməllər qoyulub.
ABŞ-nin xüsusi nümayəndəsi həmçinin Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqların bərpasına ümid etdiyini bildirib. Görüş zamanı o, Putinin bu imkanı nəzərdən keçirəcəyinə ümid etdiyini qeyd edib.
Uitkoff həmçinin bildirib ki, Ukraynadakı vəziyyətin həllinə yanaşmaları əks etdirən sənədləri özü ilə Sankt-Peterburqa gətirib.
Bundan əlavə, o, Trampın adından Putinə "dizel müqaviləsi" ilə bağlı qərara görə təşəkkür edib və qeyd edib ki, Ukraynadakı müharibə bitdikdən sonra Rusiya və ABŞ arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün böyük perspektivlər var.
Vladimir Putin görüş zamanı 2024-cü ildə mühakimə olunmuş 74 yaşlı ABŞ vətəndaşı Stiven Habbardın azad edildiyini elan edib. Onun sözlərinə görə, Habbard artıq Pulkovo aeroportundadır. Qeyd edək ki, Habbard 2014-cü ildən Ukraynada yaşayıb və müharibə başlandıqdan sonra ərazi müdafiə qüvvələrinə qoşulmuşdu.
Putin Uitkoffla görüşü zamanı Trampla Çində mümkün görüşdən də bəhs edib: "Dizel müqaviləsi" çərçivəsindəki müqavilələrə gəldikdə, Rusiya başçısı deyib ki, yanacaq daşıyan ilk tankerlər "iki-üç gün ərzində yola düşəcək".
İlk tanker 40.000 ton dizel yanacağı aparacaq.
Uitkoff deyib ki, ABŞ Vaşinqton və Moskvanın işgüzar əməkdaşlığı barədə Ukraynaya açıq şəkildə məlumat verir.
O, həmçinin Sankt-Peterburqdakı danışıqların "Ukraynadakı münaqişənin həlli istiqamətində daha bir addım" olacağına ümid etdiyini bildirib.
Təbii ki, bunlar görüşün rəsmi hissəsində səslənən optimist bəyanatlardır. Qeyri-rəsmi danışıqlarda nələrin müzakirə olunduğu, hansısa nəticələrin əldə edilib-edilmədiyi məlum deyil. Ancaq hər halda, bu görüşün Ukraynada heç olmasa enerji atəşkəsinə nail olunmasına xidmət edəcəyinə ümidlər var.
Lakin qeyd edək ki, görüşdən əvvəl Putinin sözçüsü Dmitri Peskov Rusiyanın Ukrayna ilə enerji atəşkəsinə hazır olmadığını bəyan edib və Moskvanın “atəşkəs yox, sülh istədiyini” bəyan edib. Təbii ki, onun nəzərdə tutduğu “sülh” Rusiyanın məlum şərtlərinin yerinə yetirilməsini tələb edir ki, buna da Ukrayna razılıq vermir.
Xatırladaq ki, bu, Putinlə Uitkoff arasında 6-cı görüşdür və bu görüşlər hələlik Ukraynada sülhə gətirib çıxarmayıb. Lakin ABŞ ilə Rusiya arasında iqtisadi əməkdaşlığın bərpası istiqamətində addımlar artıb.
E.Qüdrətoğlu
“AzPolitika.info”


Şərhlər