ABŞ Prezidenti Donald Tramp Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinə Ukrayna lideri Volodimir Zelenski ilə bağlı tapşırıq verməlidir.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial şəbəkə səhifəsində yazıb.
O, Zelenskinin "Trampa ciddi şəkildə qarşı çıxdığını” və “ona qarşı tamamilə kobud davrandığını" iddia edib. Medvedev Ukrayna Prezidentinə qarşı şikayətləri arasında onun Co Baydeni dəstəkləməsini, pul və silah tələblərini, danışıqlar təkliflərini qəbul etməkdən "imtina etməsini" xüsusi qeyd edib.
Sabiq Rusiya prezidenti həmçinin Zelenskini Trampın mövqeyinə baxmayaraq Rusiya neft emalı zavodlarına zərbələri davam etməkdə, Amerika yardımını mənimsəməkdə və Rusiya ilə NATO arasında nüvə münaqişəsi təhlükəsi yaratmaqda günahlandırıb. O əlavə edib ki, Ukrayna Prezidenti "mütəmadi olaraq ABŞ Prezidentinin üzünə tüpürür, onun çağırışlarına məhəl qoymur və vacib amerikalıları, avropalıları ona qarşı qaldırır".
Medvedevin fikrincə, Zelenskinin hərəkətləri Vaşinqtonun maraqlarına Venesuela, Kuba və İranın ümumilikdə vurduğu ziyandan daha çox ziyan vurur. "Tramp bu "köpək oğlu" ilə nə etməlidir? Cavab Amerika tarixindədir. Sadəcə olaraq, Müharibə nazirini və Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunu çağırıb onlara bu uğursuz anlaşılmazlığı düzəltmələrini tapşırmalıdır... Metod, yer və vasitələr vacib deyil", - deyə Təhlükəsizlik Şurasının sədr müavini yazıb.
Medvedev daha əvvəl Trampın Ukraynada "Venesuela ssenarisi" tətbiq etməsini təklif etmişdi. Yanvar ayında o, Zelenskinin səlahiyyət müddətinin "çoxdan bitdiyini" və onun hakimiyyətdən uzaqlaşdırılmasının yaxın gələcəyin məsələsi olduğunu bildirmişdi.
10 oktyabrda isə Tramp Ukraynanın Rusiya ilə müharibəyə son qoyması üçün "razılaşma əldə edə biləcək” yeni bir prezident seçməli olduğunu bildirdi.
Öz növbəsində, Ukrayna Moskva ilə Vaşinqton arasında dizel müqaviləsini tənqid edib. Zelenski qeyd edib ki, Rusiyanın neft məhsullarının satışına icazə verilməsi "müharibəyə investisiyadır".
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər