Rəsul Mirhəşimli
Kiçik balıq müdrik balığa yaxınlaşıb ondan suyu göstərməsini istəyir. Müdrik balıq isə deyir: “Sən su olmayan yeri göstər, mən sənə suyu göstərim”. Bu qısa dialoqda insanın bütün ömrü boyu axtardığı həqiqətin, bəzən elə içində yaşadığı gerçəkliyin fərqinə varmadan onun arxasınca getməsinin fəlsəfəsi gizlənir. Balıq suyun içində yaşadığı halda suyu görmür, çünki su onun üçün sadəcə bir mühit deyil, varlığının özüdür. Ondan ayrı təsəvvür edə bilmədiyi həyatın mahiyyətini dərk etmək üçün əvvəlcə yoxluğun nə olduğunu anlamalıdır. Bəlkə də insanın doğma yurda bağlılığı da belədir. Bəzən sahib olduğumuz nemətin qiymətini onu itirəndən sonra anlayır, nəfəs aldığımız havanın, ayaq basdığımız torpağın, uşaqlığımızın keçdiyi küçələrin, ata ocağından yüksələn tüstünün həyatımızda nə qədər böyük yer tutduğunu ayrılığın ağrısı ilə dərk edirik.
Qubadlı mənim üçün xəritədə sərhədləri müəyyənləşdirilmiş bir coğrafi məkan deyil. O, insanın özünü tapdığı, köklərini tanıdığı, yaddaşının ən dərin qatlarında qoruduğu mənəvi dünyadır. Doğma yurd insanın içində elə bir yer tutur ki, ondan uzaq düşəndə təkcə bir məkanı deyil, öz varlığının mühüm bir parçasını da itirmiş kimi olursan. İllər keçdikcə yaddaşın səni uşaqlığının izlərinə aparır, xatirələrin gözünün qarşısında canlanır, amma sən o xatirələrin içində dolaşarkən gerçək həyatda həmin yerlərə qayıda bilmirsən. Bir zamanlar adi hesab etdiyin küçələr, həyət-bacalar, dağlar, dərələr, doğmaların nəfəs aldığı evlər əlçatmaz bir aləmə çevrilir. İnsan ən çox da bu zaman anlayır ki, yurd həsrəti təkcə uzaqda qalan bir yerə duyulan sevgi deyil, hər gün içində böyüyən, zaman keçdikcə səni özünə daha möhkəm bağlayan mənəvi ağrıdır.
İşğal illəri Qubadlını yalnız torpaqlarımızın bir parçası kimi bizdən ayırmadı, həm də həyatımızın təbii axarını pozdu, xatirələrimizin üstünə ayrılığın kölgəsini saldı. Doğma yurdun adı çəkiləndə insanın ürəyində həm sevinc, həm də qəhər baş qaldırırdı. Çünki Qubadlı haqqında danışmaq bir tərəfdən uşaqlığa, ata-baba ocağına, itirilmiş rahatlığa qayıtmaq, digər tərəfdən isə illərlə davam edən ayrılığın ağrısını yenidən yaşamaq demək idi. Hərdən elə gəlirdi ki, zaman bizim üçün dayanıb, həyat öz axarı ilə davam etsə də, ruhumuz doğma torpağın hüdudlarında ilişib qalıb. Başqaları üçün illər yeni ümidlər, yeni başlanğıclar gətirirdi, biz isə hər yeni ilin içində bir sualın cavabını axtarırdıq, görəsən, doğma yurda qayıdacağımız günü görəcəyikmi?
Bu sualın ağırlığını iki nəslin taleyində axtarmaq lazımdır. Bir nəsil Qubadlının küçələrini, evlərini, bağlarını, dağlarını öz gözləri ilə görmüş, həmin torpaqda yaşamış, onun suyundan içmiş, çörəyini yemişdi. Onlar yurdun nə olduğunu kitabdan öyrənməmişdilər, çünki yurd onların yaşadıqları həyatın özü idi. Digər nəsil isə doğma torpağın həsrətini ata-analarının söhbətlərindən, kövrələn səslərindən, köhnə şəkillərdən, yarımçıq qalmış xatirələrdən öyrənmişdi. Birincilər itirdikləri dünyaya qayıtmaq istəyirdilər, ikincilər isə özlərinə danışılan dünyanı görmək, ata-babalarının ayaq izləri ilə addımlamaq arzusunda idilər. Amma hər iki nəslin qəlbində eyni nisgil yaşayırdı.
Ən ağır olanı budur ki, iki nəslin nümayəndələri Qubadlı həsrəti ilə bu dünyadan köçdülər. Bəziləri ömrünün sonuna qədər doğma evinin qapısını yenidən açmaq, həyətində dayanıb uzaqlara baxmaq, uşaqlığının keçdiyi torpağa son dəfə ayaq basmaq arzusu ilə yaşadı. Onlar bəlkə də hər qayıdış xəbərində ürəklərinin dərinliyində gizlətdikləri ümidi yenidən oyatdılar. Ancaq zaman hər kəsə eyni fürsəti vermir. Elə insanlar var ki, doğma yurda qayıdışın sevincini yaşamaq üçün ömürlərinin sonuna qədər gözlədilər, amma bu sevincin gerçəkləşdiyini görmədən dünyadan köçdülər. Onların həsrəti ilə bağlanan gözləri, yarımçıq qalan arzuları, doğma torpağa aparılmayan son salamları yaddaşımızda sağalmayan bir yara kimi qalır. Qubadlıya qayıdış sevincimizin içində onların yoxluğundan doğan bir kədər də var. Çünki azadlığa qovuşan yurdumuzun qapısını açmaq bizə nəsib olsa da, həmin qapıdan bizimlə birlikdə keçməli olan neçə-neçə doğmamız artıq həyatda yoxdur.
Bəzən insanın yaşamaq üçün nəyə ehtiyacı olduğunu anlamaqdan ötrü ondan nəyin alındığını görmək lazımdır. Balıq üçün su nədirsə, insan üçün də doğma yurdun mənəvi varlığı odur. Suyun içində üzən balıq onun həyatının mənası olduğunu bəlkə də düşünmür, amma sudan ayrı düşəndə bütün varlığı ilə öz təbii mühitinə qayıtmağa can atır. Mən də Qubadlının azad olunması xəbərini alanda doğma yurdun insan ruhu üçün nə demək olduğunu bütün dərinliyi ilə hiss etdim. O xəbər mənim üçün adi bir məlumat, hərbi əməliyyatın nəticəsi, xəritədə dəyişən bir xətt deyildi. Sanki uzun illər susuzluqdan əziyyət çəkən bir balığı yenidən suya atmışdılar. Həyatımın bir parçası öz yerinə qayıdırdı, ruhumun illərdir darıxdığı nəfəs sinəmə dolurdu. O an anladım ki, insanın bəzən bir xəbərə ehtiyacı olur, amma elə bir xəbər var ki, onunla birlikdə həyatın özü qayıdır.
2020-ci il oktyabrın 25-də Qubadlının işğaldan azad olunması xəbərinin gətirdiyi sevinc illərlə ürəyimizdə yığılıb qalan kədərin içindən doğdu. Bu, yalnız torpağın azadlığına qovuşması deyildi, həm də insanın öz yaddaşına, mənəvi köklərinə, yarımçıq qalmış ümidlərinə qayıtması idi. Həmin gün qəlbimdə elə bir hiss oyandı ki, onu adi sözlərlə ifadə etmək çətindir. Sanki illərdir içimdə susan bir səs yenidən danışmağa başlamışdı. Qubadlı adı artıq yalnız həsrətin, ayrılığın, keçmişə boylanan baxışların ünvanı deyildi. O adın içində qələbənin nəfəsi, qayıdışın işığı, sabaha açılan qapı vardı. Doğma torpağın azadlığı xəbəri mənə sudan çıxarılmış balığın yenidən suya atıldığı anı xatırlatdı. Bu, sadəcə xilas olmaq deyildi, özünə qayıtmaq, varlığının mənasını yenidən hiss etmək idi.
Ancaq bu qayıdışın sevincini düşünərkən onun hansı qiymətə başa gəldiyini unuda bilmərik. Qubadlının azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bu torpağın hər qarışında yaşayır. Onlar öz həyatlarını xalqımızın azadlığına, gələcək nəsillərin doğma yurdda başıuca yaşamasına qurban verdilər. Bu gün Qubadlıya qayıdışdan danışarkən onların adlarını ehtiramla anmaq, qarşılarında mənəvi borcumuzu dərk etmək hər birimizin vəzifəsidir. Şəhidlərimizin ömrü yarımçıq qaldı, amma onların uğrunda can verdikləri amal gerçəkləşdi. Bu torpağın azadlığı bizim sevincimiz, onların isə qanları ilə yazılmış müqəddəs əmanətimizdir. Qubadlının hər açılan qapısında, yenidən ucalan hər evində, torpağa dönən hər insanın addımında onların fədakarlığının izi var. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Onların xatirəsi qarşısında duyduğumuz minnətdarlıq heç vaxt azalmamalı, azadlığın məsuliyyətini dərk etməyimizə yol göstərməlidir.
Bu gün Qubadlının bərpası haqqında danışarkən qarşıda duran işlərin yalnız tikinti və quruculuqdan ibarət olmadığını da anlamalıyıq. Dağıdılmış evlərin yenidən tikilməsi, yolların çəkilməsi, məktəblərin, yaşayış məntəqələrinin bərpası böyük əhəmiyyət daşıyır. Lakin yurdun həqiqi dirçəlişi yalnız binaların ucalması ilə tamamlanmır. Həyətində yenidən uşaq səsi eşidilən, pəncərəsindən işıq süzülən, süfrəsində çörək bölünən, qapısından doğmaların girib-çıxdığı ev əsl mənada yaşayışa qayıdacaq. Qubadlının bərpasının ehtişamı da məhz bu mənəvi qayıdışda, illərlə susmuş həyatın yenidən səslənməsində, yurdla insan arasındakı qırılmış bağların bərpa olunmasındadır. Bir vaxtlar həsrətlə xatırlanan küçələrə yenidən ayaq basmaq, ata-baba torpağında gələcək haqqında düşünmək, övladlarının bu torpaqda böyüyəcəyinə inanmaq qələbənin ən böyük mənəvi bəhrələrindəndir.
İnsan doğma torpağın dəyərini yalnız onun üzərində yaşamaqla deyil, onu itirməyin ağrısını dərk etməklə də anlayır. Qubadlının azadlığı bizə bir həqiqəti yenidən xatırlatdı. Torpaq yalnız üstündə yaşadığımız yer deyil, kimliyimizin, tariximizin, mənəvi varlığımızın ayrılmaz hissəsidir. Onu qorumaq keçmişə ehtiram, bu günə məsuliyyət və gələcəyə sədaqətdir.
Müdrik balığın kiçik balığa verdiyi cavabın mənası bəlkə də elə burada açılır. Bəzən insanın sahib olduğu gerçəkliyi dərk etməsi üçün onun yoxluğunu yaşaması, bəzən həyatın qiymətini anlaması üçün ayrılığın nə olduğunu bilməsi lazım gəlir. Ancaq yurd həsrəti insana nə qədər dərin dərs versə də, bu dərsin ağrısını heç kim yaşamaq istəməz. Qubadlıdan ayrı düşdüyümüz illər bizə torpağın insan üçün nə qədər müqəddəs olduğunu anlatdı, amma bu həqiqəti anlamaq üçün çəkilən əzabın əvəzini heç nə ilə ölçmək mümkün deyil.
İnsan bəzən suyun içində yaşadığını unudur, bəzən də suyun yoxluğunda həyatın mənasını anlayır. Qubadlı bizə bu həqiqəti illərlə yaşatdı. İndi doğma torpaq yenidən nəfəs alır, evlər ucalır, yollar açılır, qayıdışın üfüqündə yeni həyat görünür.
Bu torpağın suyu heç vaxt qurumasın, ocaqları sönməsin, küçələrindən uşaq səsləri əskik olmasın!
Qubadlıda hər açılan səhər şəhidlərimizin ruhuna ehtiramın, yurd həsrəti ilə dünyadan köçənlərin xatirəsinə sədaqətin və gələcəyə inamın təcəssümü olsun!
Çünki doğma yurda qayıtmaq təkcə bir torpağa ayaq basmaq deyil, insanın öz varlığına, yaddaşına, mənəvi dünyasına qovuşmasıdır.
Qubadlıya qayıdış mənim üçün sudan çıxarılmış balığın yenidən həyata dönməsi kimi həyatverici bir möcüzədir. Və bu möcüzənin qədrini bilmək, onun sevincini gələcək nəsillərə ötürmək bizim həm haqqımız, həm də borcumuzdur.


Şərhlər