Dünən bəzi media qurumlarında Şimali Koreya lideri Kim Çen Inın beyin qanaması keçirib komaya düşdüyü və hətta öldüyü haqda məlumatlar yayıldı. Hətta bacısının hakimiyyəti ələ keçirdiyi haqda informasiyalar da ortaya çıxdı. Məlumatlar təsdiqlənməsə də, bu iddialar bir məsələni gündəmə gətirdi.
Şimali Koreya kimi bir dövlətin lideri olan Kim Çen Inın ölümü ölkəsində və dünyada nələri dəyişə bilər? O ölsə, ABŞ və digər supergüclərin Şimali Koreyaya müdaxiləsi mümkündürmü?

Mövzunu "Azpolitika"ya şərh edən politoloq Aydın Tağıyev bildirib ki, hal-hazırda Kim Çen Inın ölümü və ya komaya düşməsi barədə yayılan xəbərlər təsdiqlənməyib. Şimali Koreya dövlət mediası onun 19 oktyabrda Pyongyangda sərgidə göründüyünü əks etdirən fotolar yayıb. Lakin belə bir ssenari reallaşsa, ölkə daxilində hakimiyyətin ötürülməsi və beynəlxalq münasibətlərdə ciddi dəyişikliklər qaçılmaz ola bilər:
"Burda hakimiyyətin ötürülməsi prinsipində ən real namizəd Kim Çen Inın bacısı Kim Yo Jong sayılır. O, uzun illərdir qardaşının ən yaxın siyasi fiquru və təbliğat aparatının əsas simasıdır. Diqqət etsək son illərdə Kim Çen In qızını, Kim Ju Aeni ictimai tədbirlərdə ön plana çıxarırdı. Bu, monarxik varislik modelinə işarədir, lakin onun yaşı və təcrübəsi səbəbindən real liderlik ehtimalı zəifdir. Burda elita daxilində parçalanma ehtimalı da mümkündür. Ordunun və partiya rəhbərliyinin bir hissəsi bacı, digəri isə qızla bağlı mövqelər tutarsa, daxili gərginlik yarana bilər".
Politoloq əlavə edib ki, beynəlxalq reaksiyalar fonunda ABŞ və Cənubi Koreya kimi ölkələrdə Kim Çen Inın ölümü Vaşinqton və Seul üçün həm risk, həm fürsət yaranma ehtimalı kimi dəyərləndirilir:
"Risk nüvə arsenalının kim tərəfindən idarə olunacağı ilə bağlıdır. Yəni, fürsət aspektindən baxdıqda yeni liderin dialoqa açıq olması ehtimalı sual doğuran məqamlardandır. Eyni zamanda qeyd edim ki, bu ölkədə Çin faktoru danılmazdır. Pekin Şimali Koreyanın əsas dayağıdır desək heçdə yanılmalırıq. Hətta böhran ehtimalında Çin qoşun yeridə bilər ki, sabitliyi təmin etsin və ABŞ-ın bölgəyə müdaxiləsinin qarşısını alsın.
Başqa bir güclü fiqur Rusiya üçün isə Şimali Koreya ABŞ-a qarşı balans alətidir. Lider dəyişikliyi Rusiyanın bölgədəki təsirini gücləndirmək və ya zəiflətmək potensialına malikdir. Düşünürəm ki, bu rıçakı onlar əldən verməzlər. Bu halda birbaşa hərbi müdaxilə çox az ehtimal olunur. Çünki Şimali Koreya nüvə silahına malikdir və hərbi müdaxilə regional müharibəyə səbəb ola bilər".
Ekspertin sözlərinə görə, başqa bir aspektdən dolayı müdxilə ehtimlları da ola bilər:
"ABŞ və müttəfiqləri kəşfiyyat, diplomatik təzyiq və iqtisadi sanksiyalarla yeni lideri yönləndirməyə çalışa bilər. Çünki ABŞ-ın hər hansı addımı Pekinin reaksiyası ilə qarşılanacaq. Bu səbəbdən supergüclər daha çox diplomatik və iqtisadi alətlərdən istifadə edəcəklər. Bir daha qeyd edim ki, Kim Çen Inın ölümü təsdiqlənsə, Şimali Koreya hakimiyyətin ötürülməsi böhranı ilə üzləşəcək. Hesab edirəm ən real ssenari bacısı Kim Yo Jongun hakimiyyəti ələ alması ola bilər. Bu, ölkənin avtoritar kursunu davam etdirəcək, lakin beynəlxalq dialoqda yeni imkanlar da yaradacaq. ABŞ və digər güclərin birbaşa müdaxiləsi az ehtimal olunur, lakin Çin faktorunun bölgədə sabitliyin əsas təminatçısı olma ehtimalı daha çoxdur".
Günəş Fərəh
Azpolitika.info


Şərhlər