Bu gün aramızda Nikol Paşinyana az qala “mələk donu” geydirib, onu “pir övladı”na – demokratiya, azadlıq, suverenlik simvoluna çevirənlər 2020-ci ilin 44 günlük Vətən Müharibəsi ərəfəsindəki durumu - Ermənistan Baş nazirinin Azərbaycana qarşı yuxarıdan aşağı münasibətini, yekəxana, başından böyük açıqlamalarını, Qarabağa səfərini, spesfik erməni ədalarını və s. çox tez unudublar.
Unudublar ki, Azərbaycan 44 günlük müharibədə və sonrakı müddətdə “büdrəsəydi”, qəhrəman Azərbaycan ordusu bu savaşda qalib gəlib Vətənimizi azad etməsəydi, bu gün qarşımızda tamamilə başqa bir Paşinyan, başqa simonyanlar, mirzoyanlar, rubinyanlar görəcəkdik və onlar qaniçənliyinə, faşist, qatı millətçi mövqelərinə görə qətiyyən koçaryanlardan, sarqsyanlardan fərqlənməyəcəkdilər. Unudublar ki, bu paşinyanları “yumşaldan” demokratik, liberal dəyərlər deyil, Azərbaycan dövlətinin, əsgərinin qüdrətidir...

Bu gün hələ də əli azərbaycanlıların qanına bulaşmış, ağır işğal, müharibə cinayətləri törətmiş Ermənistanın əvvəlki rəhbərliyi – işğalçı ölkənin hər üç keçmiş prezidenti və onların tərəfdarları, uşaq qatilləri layiq olduqları cəzanı almayıblar. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündəki çıxışında heç də təsadüfən yada salmadı. Təəssüf ki, cəzasızlıqdan başı gicəllənənlərin işğalçılıq həvəsi bu gün də qalır, özü də təkcə bizim regionda deyil, planetimizin bizdən heç də uzaqda olmayan bir çox nöqtəsində günahsız insanların qanı axıdılır, göz görə-görə suveren ölkələrin əraziləri işğal edilir, beynəlxalq hüquqa, suverenliyin və sərhədlərin toxunulmazlığına meydan oxunur.
Müsair tarixdə demək olar ki, yalnız Azərbaycan işğal aktının qarşısını öz gücü ilə, hərbi yolla alaraq, ərazi bütövlüyünü və suverenliyini bərpa edən yeganə ölkədir. Buna görə hazırda bir çox işğala məruz qalan ölkələrdə Azərbaycan nümunə kimi göstərilir. Odur ki, bu gün hələlik cəzasız qalan keçmiş Ermənistan rəhbərlərini də gec-tez ağır cəza gözləyir...
Bütün bunlarla yanaşı, yaddan çıxarmayaq ki, Azərbaycan Ermənistanın əvvəlki və 2018-ci ildə hakimiyyətə gəlmiş yeni hakimiyyətindən fərqli olaraq, dürüstlük, ləyaqət, humanizm nümunəsi göstərdi. Tam siyasi üstünlüyünə və hərbi qələbəsinə rəğmən, Qarabağda qətlə yetirilmiş, yurdundan didərgin salınmış, min bir əzab və məhrumiyyətlərlə üz-üzə qoyulmuş həmvətənlərimizə qarşı törədilən vəhşiliklərin qisasını sivil əhalidən deyil, döyüş meydanında - əli silahlı qanunsuz hərbi birləşmələrdən və işğalçı erməni ordusundan aldı! Prezidentin dediyi kimi, “artıq məğlub vəziyyətdə olana zərbə endirmədik, xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik”. Baxmayaraq ki, buna və bundan daha artığına layiq idilər...

Paşinyanı bu gün “göylərə qaldıranlar” onun arxasında duran əsas havadarlarının - Avropa Şurası və Avropa Parlamentinin ölkəmizə qarşı, xüsusilə də 44 günlük müharibə və ondan sonrakı davranışlarını da unutmasınlar. Prezidentin qeyd etdiyi kimi, beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan məhz Avropa Parlamenti və Avropa Şurası davamlı olaraq təcavüz qurbanı olan Azərbaycanı hədəfə aldı və təcavüzkar Ermənistanı həvəsləndirdi. Bu gün də ciddi olaraq dəyişən nəsə yoxdur, beynəlxalq təşkilatlar, birliklər, aparıcı güclər və s. sanki bəşəriyyət qarşısındakı məsuliyyətini dərk etmir. Hansı ki, BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi icra olunsaydı, sonradan bu qədər qan axıdılmazdı. Prezidentin dedyi kimi, əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Nəticədə təcavüzkarın cəzasız qalması onun həyasızlığının miqyasını yalnız daha da artırdı.
Ancaq beynəlxalq təşkilatların, hüququn edə bilmədiyini Azərbaycan təkbaşına etmək məcburiyyətindədir. Bu gün zamanında xalqımıza, dövlətimizə qarşı ağır hərbi cinayətlər törətmiş canilər heç vaxt ağıllarına belə gətirmədikləri bir məkanda - Bakı türməsindədirlər, vaxtilə yedikləri, lakin “təpik atdıqları” Azərbaycan çörəyini yenə yeyirlər, amma Şuşada, Xankəndində, azadlıqda yox, layiq olduqları dəmir barmaqlıqlar arxasında. Onların üzərindəki məhkəmə prosesi isə Nürnberq tribunalının analoqudur...
Ölkə başçısının son çıxışında geosiyasi baxımdan ən önəmli məqam isə beynəlxalq konyuktura ilə bağlı oldu. Burada açar ifadə o oldu ki, “BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq”. Bu, təkcə regionumuza deyil, beynəlxalq miqyasa fokuslanan aktual dəyərləndirmədir.
Doğrudan da, BMT TŞ-nin Azərbaycanın lehinə çıxardığı 4 qətnamə zamanında icra olunsaydı, işğal olunan ərazilərimiz qanla, itkilərlə deyil, sivil yolla qaytarıla, ədalət bərpa oluna bilərdi. Bu, əslində erməni tərəfi üçün də ən məqbul variant idi. Lakin regionda marağı olan böyük güclərin əlində tarixən alət olmağa, bir güc mərkəzinin “qucağından düşüb, digərinin qucağına oturmağa” adət etmiş ermənilər bunu anlamadılar və təəsüf ki, bu gün də özlərini “sülhpərvər” kimi göstərmələrinə rəğmən tam anlamırlar.
Bu baxımdan ölkə başçısının “bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır” fikri təsadüfi deyil və qarşı tərəf bu deyilənlərdən nə qədər tez nəticə çıxarsa, bir o qədər, ilk növbədə özü, daha sonra isə region üçün yaxşı olar...
Elxan Qüdrətoğlu
“AzPolitika.info”


Şərhlər