Şençjendə ABŞ, Çin və Rusiya liderləri arasında keçirilən görüş zamanı İran məsələsinin müzakirə olunduğu barədə rəsmi məlumat verilməsə də, bu məsələ ilə bağlı tərəflər arasında müəyyən fikir mübadiləsinin aparılmadığını düşünmək çətindir. Çünki İran ətrafında yaranmış vəziyyət artıq regional münaqişə çərçivəsini aşaraq böyük dövlətlərin geosiyasi və iqtisadi maraqlarına toxunur və qlobal xarakter alır.
Donald Tramp İranı dəniz blokadasına almaqla kifayətlənmək niyyətində deyil. O, bununla münaqişənin yekunlaşacağını düşünmür. Əksinə, Vaşinqtonun hərbi hazırlıqları və bölgəyə yeni qüvvələrin cəmləşdirilməsi ABŞ-ın yeni əməliyyat mərhələsinə keçə biləcəyindən xəbər verir.
Hazırda ABŞ-ın Yaxın Şərqdəki hərbi-dəniz qüvvələrinin tərkibində iki aviadaşıyıcı zərbə qrupu, çoxsaylı esmineslər, kreyserlər və digər dəstək gəmiləri var. Söhbət “USS George H.W. Bush” və “USS Theodore Roosevelt” aviadaşıyıcılarından gedir. Noyabrın 15-də “Theodore Roosevelt” zərbə qrupu CENTCOM-un məsuliyyət zonasına daxil olub. Onunla birlikdə “USS Chosin” kreyseri və “USS Decatur” esminesi də regiona gətirilib. Amma hansı səbəbdənsə, “George Washington” aviadaşıyıcısı noyabrın 18-də bölgəni tərk edərək Hind okeanı istiqamətində hərəkət edib. Bütün bunlarla yanaşı, ABŞ-ın bölgədə təxminən 17-18 hərbi gəmisinin və bir neçə digər dəstək gəmisinin olduğu bildirilir. Aviadaşıyıcıların göyərtəsindəki F/A-18 Super Hornet və F-35C qırıcıları, MH-60R və MH-60S helikopterləri, eləcə də esmineslərdəki “Aegis” hava və raketdən müdafiə sistemləri ABŞ-ın regiondakı hərbi potensialını xeyli artırır.

Maraqlıdır ki, ABŞ İranın sənaye, hərbi və nəqliyyat infrastrukturuna ciddi zərbələr endirməsinə baxmayaraq, neft emalı zavodlarını və elektrik enerjisi istehsalını təmin edən qaz emalı obyektlərini sıradan çıxarmayıb. Tramp İranı daş dövrünə qaytaracağı barədə sərt bəyanatlar versə də, Vaşinqtonun bu imkanlardan tam istifadə etməməsinin, yəqin ki, müəyyən səbəbləri var. Ola bilər ki, İranın cavab olaraq Körfəz ölkələrinin su təchizatı sistemlərinə, neft-qaz infrastrukturuna və digər strateji obyektlərinə zərbələr endirə biləcəyi nəzərə alınıb.
Dəniz suyunun duzsuzlaşdırılması zavodlarının məhv edilməsi regionda ciddi humanitar fəlakətə gətirib çıxara bilər. Bu baımdan ABŞ-nin İranın bütün strateji infrastrukturunu məhv etməkdən çəkinməsi hərbi imkanlarının azlığı ilə deyil, regionda yarana biləcək humanitar böhranla bağlı ola bilər.
Elə bunu yaxşı anlayan İran ABŞ blokadasına baxmayaraq, satış üçün öz neftini daşıyan tankerləri Körfəzdən çıxaracağını bəyan edir və əks təqdirdə, region ölkələrinin mühüm infrastrukturuna zərbələr endirəcəyi ilə hədələyir. Digər tərəfdən, İranın dəniz minaları, sürətli hücum katerləri və dronları neft və qaz məhsullarının dünya bazarlarına çatdırılmasına ciddi maneələr törədir.

Noyabrın 23-də İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi ABŞ blokadasına qarşı Tehranın bütün mümkün vasitələrdən istifadə edəcəyini bildirib. Blokada nəticəsində İranın xam neft ixracı son aylarda demək olar ki, dayanıb. Beləliklə, görürük ki, ABŞ hərbi əməliyyatlarla yanaşı, İranın iqtisadi imkanlarını da ciddi strateji təhlükə ilə üz-üzə qoyub.
ABŞ-nin İranı dəniz blokadasına alması ölkəni iqtisadi cəhətdən çətin vəziyyətə saldığını rəsmi Tehran da etiraf edir. İran prezidenti Məsud Pezeşkian deyib ki, yolların bağlanması nəticəsində neft sata bilmirlər və buna görə də ölkəyə dollar daxil olmur. Pezeşkian bu səbəbdən dövlətin pulunun qalmadığını vurğulayıb. İrandan gələn məlumata görə, hətta ölkənin bəzi əyalətlərində çörək satışına limit qoyulub.

Bununla bağlı Xuzistan və Zəncanda çörək alışının məhdudlaşdırılmasına dair xüsusi preventiv tədbirlər planı həyata keçirilir. Məlum olduğu kimi, İran ölkəyə taxılla yanaşı, düyü və xeyli sayda digər ərzaq məhsulları da idxal edir. Əgər iqtisadi blokada uzun müddət davam edərsə, sənaye istehsalının və dövlət gəlirlərinin azalması ciddi sosial etirazlara səbəb ola bilər.
İran çıxılmaz vəziyyətdən qurtulmaq üçün Çindən hərbi və diplomatik yardım gözləyir. Sözsüz ki, Çin İran ətrafında baş verənləri yalnız Tehranın ABŞ-la qarşıdurması kimi dəyərləndirmir. Pekin Hörmüz boğazında uzunmüddətli böhranın öz enerji təhlükəsizliyinə birbaşa təsir göstərəcəyini yaxşı anlayır. Çin dünyanın ən böyük enerji istehlakçılarından biridir və Körfəz regionundan neft tədarükünün pozulması onun iqtisadiyyatına zərbə vura bilər. Bu səbəbdən Çin İranla əlaqələri intensivləşdirməkdə maraqlıdır. Çinin dəvəti ilə İran nümayəndə heyətinin Pekinə gedəcəyi gözlənilir və nümayəndə heyətinə İranın ali dini rəhbərinin hərbi məsələlər üzrə müşaviri Yəhya Səfəvinin rəhbərlik edəcəyi bildirilir. Rusiya və Çin İrana texniki, diplomatik və müəyyən hərbi-texniki dəstək göstərə bilsələr də, ABŞ-ın genişmiqyaslı hava və dəniz əməliyyatlarının qarşısını almaq imkanları məhduddur.

Heç şübhə yoxdur ki, Trampın qarşısında duran ən önəmli məsələ İranın zənginləşdirilmiş uran ehtiyatlarına nəzarəti ələ keçirməkdir. Amma bunun necə həyata keçiriləcəyi hələ də tam aydın deyil. İran rəhbərliyi bu məsələdə geri çəkilməyəcəyini bildirir və nüvə silahına sahib olmağı ölkənin təhlükəsizliyi ilə əlaqələndirir. Elə buna görə də mətbuatda ABŞ-ın İranın bəzi nüvə obyektlərinə taktiki nüvə zərbəsi vura biləcəyi barədə yazılara rast gəlinir.
Nüvə silahından istifadə özü ilə bərabər xeyli risklər gətirəcəyindən, ABŞ-ın hücum zamanı adi hərbi vasitələrdən istifadə etməsi daha real görünür. ABŞ-ın quru əməliyyatı keçirməsi məsələsinə gəldikdə isə, İran ərazisinə genişmiqyaslı qoşun yeridilməsi olduqca riskli variantdır. Bununla belə, məhdud xüsusi əməliyyat və ya konkret hərbi-siyasi məqsəd daşıyan lokal müdaxilə ehtimalını tamamilə istisna etmək olmaz.
Tehrandan səslənən sərt bəyanatların arxasında ABŞ-nin istənilən an hücum edə biləcəyi ehtimalına qarşı görülən xüsusi preventiv tədbirlər dayanır. İranın ona qarşı yönələn hücuma cavabın təkcə Körfəz ölkələri ilə məhdudlaşmayacağını bəyan etməsi özünü qorumaq niyyəti güdür. Belə ki, İranın Avropa ölkələrini, xüsusilə Ukraynanı ballistik raket zərbələri ilə hədələməsi də buna hesablanıb. Bu cür bəyanatlar Avropa dövlətlərini ABŞ-ın yanında dayanmaqdan çəkindirmək məqsədi daşıdığı və müəyyən mənada təsirli olduğunuqeyd etmək olar.

2027-ci ilin yanvarında yeni Konqres fəaliyyətə başlayacaq və demokratların Nümayəndələr Palatasında və Senatda üstünlük əldə etmələri halında Trampın hərbi siyasətinə mane olmağa çalışacaqları istisna deyil. Ancaq prezidentin xarici siyasət və hərbi əməliyyatlar sahəsində malik olduğu səlahiyyətlər ona müəyyən müddət ərzində Konqresin müqavimətinə baxmayaraq, sərbəst hərəkət etmək imkanı verir. Həm də yanvar ayına qədər hələ xeyli vaxt var və Trampın bu müddət ərzində hərbi və siyasi imkanlarından istifadə etməsi də mümkündür.
ABŞ-nin hərbi-dəniz qüvvələrinin regionda saxlanılması, aviadaşıyıcıların və raketdən müdafiə sistemlərinə malik esmineslərin mövcudluğu Ağ Evin hərbi variantı gündəmdən çıxarmadığını göstərir. Bununla belə, yeni hücumun nə zaman və hansı miqyasda baş verəcəyini indidən söyləmək çətindir.
Baş verən bütün hadisələrin ümumi yekunu kimi onu demək olar ki, ABŞ və İran arasında qarşıdurmanın növbəti mərhələsi təkcə hərbi üstünlük uğrunda mübarizə olmayacaq. Burada enerji təhlükəsizliyi, Çinin geosiyasi maraqları, Körfəz ölkələrinin təhlükəsizliyi ilə yanaşı, ən əsas məsələ dünya iqtisadiyyatının sıx qarşılıqlı asılılığına dəyə biləcək sarsıdıcı zərbənin hansı qlobal təlatümlərə yol açacağıdır.
Vaqif Nəsibov
AzPolitika.info


Şərhlər