2027-ci ildə Azərbaycanda yaşayış minimumunun artırılması nəzərdə tutulur. Lakin qiymətlərin, ərzaq və kommunal xərclərin artdığı bir şəraitdə bu məbləğlərin vətəndaşların minimum ehtiyaclarını qarşılamağa nə dərəcədə yetərli olduğu sual doğurur. Xüsusilə aztəminatlı və çoxuşaqlı ailələr üçün müəyyən edilən yeni göstəricilər real yaşayış xərclərinə uyğun gəlirmi? Bəs dörd nəfərlik ailənin normal yaşaması üçün əslində nə qədər vəsait tələb olunur?
Mövzu ilə bağlı "AzPolitika"ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun ölkə üzrə 300 manatdan 314 manata çatdırılması nəzərdə tutulur. Bu, 14 manat və ya təxminən 4,7 faiz artım deməkdir. Əmək qabiliyyətli əhali üçün göstərici 317 manatdan 334 manata, pensiyaçılar üçün 245 manatdan 258 manata, uşaqlar üçün isə 260 manatdan 274 manata yüksəldilir:
"Hesab edirəm ki, bu artım əhalinin sosial ehtiyaclarını qarşılamaq baxımından kifayət deyil. Çünki 14 manatlıq artımın ailə büdcəsinə real təsiri olduqca məhduddur. Bu gün ərzaq məhsullarının, kommunal xidmətlərin, dərmanların və digər gündəlik tələbat mallarının qiymətlərini nəzərə alsaq, 314 manatla insanın normal yaşayışını təmin etməsi real görünmür. Əsas problem ondadır ki, yaşayış minimumunun artım tempi ilə əhalinin gündəlik xərclərinin artım tempi arasında fərq yaranır. Əgər ərzaq və xidmətlər 6-7 faiz bahalaşırsa, yaşayış minimumunun 4,7 faiz artırılması insanların alıcılıq qabiliyyətini qorumağa yetməyəcək. Bu halda nominal artım olsa da, real sosial vəziyyətdə ciddi yaxşılaşma baş verməyəcək".

Ekspertin sözlərinə görə, digər tərəfdən, yaşayış minimumunun hesablanması metodologiyası da yenidən nəzərdən keçirilməlidir:
"Çünki minimum istehlak səbəti insanların yalnız qidalanma ehtiyaclarını deyil, normal həyat üçün zəruri olan geyim, mənzil, səhiyyə, nəqliyyat və digər xərcləri də real şəkildə əks etdirməlidir. Hesab edirəm ki, yaşayış minimumu formal sosial göstəriciyə çevrilməməlidir. Onun məbləği real bazar qiymətləri və ailələrin faktiki xərcləri əsasında müəyyənləşdirilməlidir. Əks halda, hər il 10-15 manatlıq artımlarla əhalinin sosial rifahını yaxşılaşdırmaq mümkün olmayacaq. Əsas məsələ rəqəmin artırılması deyil, həmin məbləğin insanın minimum normal yaşayışını təmin edə bilməsidir".
Müşviq Tofiqoğlu
AzPolitika.info


Şərhlər