Azərbaycanlı hərbçi Nəsimi Musayevin Ermənistanda saxlanılma anının görüntüləri yayılıb.
“AzPolitika” xəbər verir ki, “Johovurd” qəzetinin paylaşdığı kadrlarda N.Musayevin Şaki kəndinin sakininin həyətindən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən çıxarılması əks olunub.
Daha əvvəl yayılan xəbərdə hərbçimizin dindirmə zamanı erməni ailənin evinə daxil olarkən kiməsə zərər vermək niyyətində olmadığını dediyi bildirilib.
“O qeyd edib ki, ev sahibindən onu buraxmasını bir neçə dəfə xahiş edib, lakin qadın onun silahından yapışdığından atəş açmağa məcbur olub. Bundan əlavə, Musayev yazılı şəkildə bildirib ki, ardınca qadın və onun ailə üzvləri ona hücum edib, bıçaqla zərbələr vurub və döyüblər”, - deyə qəzetin məlumatında qeyd olunub.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun sentyabrın 26-sı xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb.
Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.


Şərhlər