Menu

İKI ARTİSTİN SAVAŞI... - Trampla Zelenskini birləşdirən və ayıran nədir?

16.10.2026, 13:33
İKI ARTİSTİN SAVAŞI... - Trampla Zelenskini birləşdirən və ayıran nədir?

İstər ABŞ Prezidenti Donald Tramp, istərsə də Ukrayna Prezidenti Volodimir Zelenski həm dünya, həm də öz ölkələrinin tarixində xüsusi yer tutacaqlar. Ancaq hərəsi bir cür. Və bu yerin nə dərəcədə şərəfli olacağını da yaxın tarix göstərəcək...

Hələliksə, hakimiyyətə gəlmələrində xüsusi rol oynamış populizm və artistlik kimi ortaq istedadın birləşdirdiyi bu iki şəxs arasında, bütün dünyanın gözü önündə açıq savaş davam edir. Ancaq görünən odur ki, amerikalı rəqibi öz “fitri istedadı” ilə zamanında peşəkar səhnə adamı olmuş Zelenskini kölgədə qoyacaq səviyyələrə qalxıb. Ona görə də bəzi konsperoloji nəzəriyyə tərəfdarları Trampla Zelenski arasındakı savaşın “səhnələşdirildiyi” barədə iddialarla çıxış edirlər. Lakin bu iddianı sual altına alan xeyli ciddi məqamlar var. 

Bu “tamaşa” kimin üçün oynanır - Rusiya üçünmü, ABŞ seçicisi üçünmü, Avropa üçünmü?


İki ölkə başçısı arasındakı bu “atışma”nın fonunda isə Ukraynada hər gün onlarla mülki şəxs Rusiya bombaları altında həlak və şikəst olur, milyonlarla insan susuz, işıqsız, istiliksiz qalır, ölüm və işğal təhlükəsi altında yaşayır, şəhərlər və kəndlər dağıdılır...

Qonşu Meksikadan Kanadaya, Qrenlandiyadan, Avropadan Səudiyyə Ərəbistanına qədər az qala bütün ABŞ müttəfiqlərilə yuxarıdan aşağı münasibət, açıq təzyiq və təhdid dililə danışan Trampın Zelenski başda olmaqla Ukraynanın “başını sığallayacağı” zatən gözlənilən deyildi. Onun Zelenskiyə bəzən açıq çalarlar alan nifrəti hələ birinci prezidentliyi dövründə - Co Baydenin oğlunun və özünün Ukrayna ilə əlaqələri məsələsində özünü göstərmişdi. İndi isə Zelenski Tramp üçün Rusiya ilə “sövdələşməyə” (o cümlədən İranla və neft-qaz biznesi ilə bağlı), Ukraynadakı müharibəni Moskvanın maraqlarına yaxın şərtlərlə bitirməyə mane olan “kal armud”a, həm də öz beynəlxalq uğursuzluqlarını, neftin bahalaşmasını və s. üzərinə atacağı “qurbanlıq keçi”yə çevrilib.

Son açıqlamasında Tramp ümumiyyətlə, Zelenski ilə iş görmək istəmədiyini dedi. Çünki onun iddiasına görə, Ukrayna başçısı müharibəni bitirmək üçün Rusiya ilə danışıqlar aparmaq istəmir.

Tramp “Newsmax”-a verdiyi müsahibədə deyib: "Zelenski bizim münasibət qurmalı olduğumuz insan deyil. O, danışıqlar aparmaq istəmir. Danışıqlar aparmaq istədiyini deyir, amma istəmir. Xeyr, mən Zelenskinin böyük fanatı deyiləm".

Bunun ardınca, fikrini “əsaslandırmaq” üçün Tramp bu yaxınlarda izlədiyi Ukraynadan olan bir gənc qadının videosunu misal gətirib. Həmin videoda qadın Zelenskinin "ölkəmizi məhv etdiyini və insanlarımızı əlimizdən aldığını” deyib. Marqlıdır ki, Rusiya tərəfində də buna bənzər çoxsaylı videolar və şərhlər olsa da, Tramp onlara rast gəlməyib…

Tramp eləcə də Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələrindən narazılığını bildirib. O, bunun qlobal neft qiymətlərinin artmasına səbəb olduğunu iddia edib:“Bizim və bütün dünyanın ehtiyac duyduğu dizel yanacağının istehsal edildiyi zavodlara zərbə endirəndə dünya üçün heç bir yaxşı iş görmürsünüz…Onun etdiyi yeganə şey dünyada neftin qiymətini artırmaqdır. Məncə, bu, biabırçılıqdır”.

Ancaq maraqlıdır ki, neft bazarından, dünya iqtisadiyyatından az-çox başı çıxanlar neftin qiymətinin artmasında Zelenskini deyil, İrana qarşı savaşa başlayan və nəticədə Hörmüz boğazında blokadaya səbəb olan ABŞ-ni və şəxsən Trampı günahkar sayırlar…

Müsahibə zamanı Tramp əlavə edib ki, Vladimir Putinlə müqayisədə Zelenski ilə münasibət qurmaq onu üçün daha çətindir. Sual yaranır: niyə?


Zelenski britaniyalı jurnalist Piers Morqana verdiyi müsahibədə bu suala cavab verməyə çalışıb. Sözsüz ki, Tramp, İlon Mask, Vladimir Putin və digərlərini nəzərdə tutan Zelenskinin dediyinə görə, “bəzi nüfuzlu şəxslər” onu Ukrayna Prezidenti vəzifəsindən uzaqlaşdırmağa çalışırlar. Buna səbəb onun işğal olunmuş Ukrayna ərazilərini heç vaxt Rusiya ərazisi kimi tanımayacağı ilə bağlıdır. O, müharibənin onun məsuliyyəti olduğunu və istefa vermək niyyətində olmadığını vurğulayıb. Bu, həm də Trampın bir həftə əvvəl Ukraynanın “Rusiya ilə razılığa gələ biləcək yeni bir prezident tapmalı olduğuna” dair fikrinə cavab idi…

Bunun ardınca Ukrayna lideri Rusiya iki aylıq atəşkəsə razılaşarsa, Ukraynada prezident seçkiləri keçirməyə hazır olduğunu bildirdi. O, bu müddətin kampaniyanın təhlükəsizliyini təmin etmək üçün lazım olduğunu dedi, Kreml isə Ukraynaya yalnız seçki günü hücum etməməyə razı olduğunu bəyan etdi. Bu da Trampın iddialarına və müharibəni gerçəkdə kimin bitirmək istəmədiyinə cavab oldu… Üstəlik, Zelenski ABŞ-nin Ukraynaya qarşı xəyanətinə eyham vurdu və açıq şəkildə Ukraynanın Amerikanı "itirdiyini" bildirdi.

Bir sözlə, tərəflər bir-biri barədə nə düşündüyünü açıq deməkdən çəkinmirlər və hər şey ABŞ rəhbərliyinin “zəif bənd” kimi gördüyü, yaxud görmək istədiyi Zelenskinin bu və ya digər formada “zərəsizləşdirilməsi” perspektivi üzərində qurulur. Zelenski isə hələ seçkiönəcsi oynadığı “korrupsiya ilə mübarizə aparan sadə insan” rolunun öhdəsindən o qədər də uğurla gələ bilmir. Ukraynalıların çoxu onun xarici siyasəti, müharibədə tutduğu mövqe və iradəsindən razı olsalar da, daxili siyasətini, korrupsiyanı, idarəçilikdəki çatışmazlıqlarını qətiyyən bəyənmirlər…

Bəs, nə vaxtsa onun yerinə gələcək şəxs Trampın istədiklkərini edəcəkmi?

ABŞ mətbuatında artıq Zelenskinin yerinə gələ biləcək potensial namizədlərin adları müzakirə olunur. Bu şəxslər arasında Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov, keçmiş müdafiə naziri Mixail Fyodorov və keçmiş prezident Pyotr Poroşenko yer alır.

Qərb mətbuatındakı təhlillərə görə, ABŞ Kirill Budanova üstünlük verir. Ekspertlər qeyd edir ki, Tramp Zelenskinin yerinə onun tələblərinə və sülh şərtlərinə sözsüz əməl edəcək bir rəhbərin gəlməsində maraqlıdır. Lakin Budanovun bu rolla razılaşacağı, yumşaq desək, o qədər də inandırıcı görünmür. Elə digər namizədlərin də həmçinin…

Odur ki, kənardan bəzilərinə “iki artistin savaşı” kimi görünən bu qarşıdurma, əslində daha fundamental prinsiplərə əsaslanan baxış bucaqlarının savaşıdır. Zelenski, yaxud onun yerinə gələcək başqa birisi Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə alver etmək cəsarətinə malik olmayacaq, çünki bu, siyasi intihara bərabərdir – 5 ildir ölümlə üz-üzə duran Ukrayna cəmiyyəti bunu bağışlamayacaq. 

Ona görə də ABŞ administrasiyası tək Zelenski ilə deyil, Ukrayna cəmiyyəti ilə “dil tapmağa” çalışmalıdır. Bu isə o qədər də alınmır və yəqin ki, alına da bilməz. Ukraynada keçirilən son rəy sorğularına görə, Ukrayna əhalisinin 74%-i Donald Trampa qarşı birbaşa mənfi münasibətdədir. Qalan 26 faizin isə yalnız 7 faizi onun fəaliyyətini bəyənir, digərləri nisbətən mənfi, yaxud neytral münasibət göstərir. Bu, alqışa, tərifə adət etmiş bir xarici “artist”ə ukraynalı “tamaşıçı”nın qiymətidir. Ancaq onun öz yerli “artisti”nə verdiyi müsbət qiymət də getdikcə əriyir…

Elxan Qüdrətoğlu

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol