Son günlər sosial şəbəkələrdə Kəlbəcərdə yerləşən “İstisu” mineral su zavodunun yaxınlığındakı suyun qəsdən kəsildiyi barədə iddia yayılıb.
İddia belə təqdim olunur ki, guya sakinlərin əvvəllər sərbəst istifadə etdiyi mineral su çıxışı yığışdırılıb.
“Azpolitika” xəbər verir ki, bu iddia həqiqəti əks etdirmir.
Məsələnin mahiyyəti çox sadədir: zavodun yaxınlığındakı su çıxışında profilaktik və texniki işlər mütəmadi şəkildə aparılır. Su xəttinin borusu hər həftə müəyyən müddətə bağlanır, xətt və çıxış təmizlənir, zəruri profilaktik tədbirlər həyata keçirilir və işlər başa çatdıqdan sonra su yenidən açılır.
Sosial şəbəkələrdə yayılan görüntülərdə borunun yerində olmaması məsələsinə gəlincə, həmin borunun yerindən götürülməsi və təmizlik işləri aparıldıqda sonra yenidən quraşdırılması da texniki-profilaktik tədbirlərin bir hissəsidir.
Bir neçə dəqiqəlik və ya müəyyən zaman kəsiyində çəkilmiş görüntünü təqdim edib bunu “suyun bağlanması” kimi göstərmək isə heç də xoş niyyətə xidmət etməyən dezinformasiyadır.
Bu məsələdə ən yaxşı cavab söz yox, faktdır. Hər həftə aparılan profilaktik işlərin, borunun bağlanması, təmizlənməsi və işlər başa çatdıqdan sonra suyun yenidən açılmasını aşağıda təqdim etdiyimiz görüntülər əyani olaraq təsdiqləyir.
Elman İsmayıllı
“AzPolitika.info”

Şərhlər