Professor Xaləddin İbrahimli: “Məkkə sazişi alternativ regional təhlükəsizlik mərkəzidir”

“Bölgə dövlətləri təhlükəsizliklərini artıq yalnız ABŞ–İsrail mərkəzli sistemə bağlamaq istəmirlər”

Bölgədə və dünyada cərəyan edən son hərbi-siyasi proseslər, Türkiyənin regional təhlükəsizlik həmlələri, Yaxın Şərqdə dəyişən geostrateji dəngələr, Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələsi və Azərbaycanın çoxvektorlu xarici siyasəti ilə bağlı Professor Xaləddin İbrahimlinin “AzPolitika”-ya müsahibəsini təqdim edirik:

– Bu günlərdə Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilən Çərçivə qanunu nə vəd edir? Bu istiqamətdə hansı addımlar atılacaq və Türkiyə cəmiyyətinin mövqeyi nədən ibarətdir?

– Qəbul edilən qanunun əsas məqsədi PKK/KCK-nın tərksilahı və özünü buraxması prosesinə hüquqi çərçivə yaratmaqdır. Bu, ümumi amnistiya deyil. Təşkilatın ləğvi və silahların təhvil verilməsi dövlət tərəfindən təsdiqləndikdən sonra təşkilatda tutduğu mövqeyə və törətdiyi əməllərə görə şəxslərə fərqli hüquqi mexanizmlər tətbiq ediləcək.

Türkiyə cəmiyyətinin böyük hissəsi terrorun və qan tökülməsinin dayandırılmasını dəstəkləyir. Lakin prosesin amnistiyaya, PKK-nın legitimləşdirilməsinə və ya dövlətin ünitar quruluşunun zəiflədilməsinə çevriləcəyindən ehtiyat edən ciddi bir kəsim də var. Buna görə ictimai dəstəyin davamlılığı prosesin şəffaf və dövlət nəzarəti altında aparılmasından asılıdır.

– Hökumətin bu addımına regional hadisələr kontekstində baxdıqda hansı mənzərə yaranır?

– Bu proses yalnız Türkiyənin daxili siyasəti ilə izah edilə bilməz. Yaxın Şərqdə qüvvələr nisbətinin və siyasi sərhədlərin müzakirəyə açıldığı bir mərhələdə Ankara daxildəki silahlı qarşıdurmanı başa çatdırmaq, Suriyadakı dəyişikliklərin Türkiyəyə təsirini məhdudlaşdırmaq və xarici güclərin kürd məsələsindən təzyiq vasitəsi kimi istifadə imkanlarını azaltmaq istəyir.

Lakin Türkiyə daxilində PKK-nın tərksilahı ilə Suriyadakı YPG məsələsi arasında uyğunluq yaradılmasa, prosesin strateji nəticələri məhdud qala bilər. Türkiyə daxilində PKK-nın silahı yerə qoyması problemin yalnız bir hissəsini həll edir, çünki Ankara YPG-ni PKK-nın Suriyadakı davamı hesab edir. YPG-nin silahlı strukturu aradan qaldırılmasa, təhlükə sadəcə Türkiyə daxilindən Suriya sərhədinə çəkilmiş olar və əlverişli şərait yarandıqda qarşıdurma bir müddət sonra yenidən təkrarlana bilər.

– Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı qarşılıqlı müdafiə haqqında Məkkə protokolu imzaladılar. Ankaranın bu pakta qoşulması hansı ehtiyacdan doğub və onun işlək olması mümkündürmü?

– Məkkə Birgə Müdafiə Sazişi üzvlərdən birinə hücumun digər üzvlərə də hücum sayılması prinsipinə əsaslanır. Türkiyə bununla NATO-dan uzaqlaşmır, NATO ilə yanaşı regional təhlükəsizlik dayağı yaratmağa çalışır. Pakistan hərbi və nüvə gücü, Səudiyyə Ərəbistanı maliyyə imkanları, Türkiyə isə ordusu, müdafiə sənayesi və NATO təcrübəsi ilə bu mexanizmi tamamlayır.

Sazişin imzalanmasını sürətləndirən əsas səbəblərdən biri Yəməndəki husilərin Səudiyyə Ərəbistanına raket və pilotsuz uçuş aparatları ilə hücum etmək imkanını qorumasıdır. Belə hücum qarşılıqlı müdafiə öhdəliyini gündəmə gətirə və Türkiyə ilə Pakistanı Səudiyyə Ərəbistanının müdafiəsinə cəlb edə bilər. Lakin ilk mərhələdə bu dəstəyin birbaşa qoşun göndərilməsindən çox kəşfiyyat mübadiləsi, hava hücumundan müdafiə, silah təchizatı və logistika şəklində olması ehtimalı daha yüksəkdir.

İranın husiləri dəstəkləməsi vəziyyəti mürəkkəbləşdirir. Tehran rəsmi olaraq paktdan narahat olmadığını bildirsə də, saziş İranın regional təsirini məhdudlaşdıran təhlükəsizlik quruluşuna çevrilərsə, münasibətlər gərginləşə bilər.

Bununla belə, İranla üç ölkə arasında birbaşa müharibə ehtimalı hazırda yüksək deyil. Çünki Türkiyə və Pakistan İranla həmsərhəddir və genişmiqyaslı qarşıdurmanın təhlükəli nəticələrini yaxşı anlayırlar. Daha real təhlükə İranın husilər və digər regional qüvvələr vasitəsilə dolayı təzyiq göstərməsi, üç ölkənin isə Səudiyyə Ərəbistanının müdafiəsinə müxtəlif formalarda qoşulmasıdır. Belə vəziyyət nəzarətdən çıxarsa, dolayı qarşıdurma birbaşa dövlətlərarası münaqişəyə çevrilə bilər.

Məkkə sazişi İbrahim razılaşmalarının avtomatik olaraq tarixə gömülməsi demək deyil. Həmin razılaşmalar İsraillə ərəb dövlətləri arasında münasibətlərin normallaşdırılmasına, Məkkə sazişi isə regional təhlükəsizlik və qarşılıqlı müdafiəyə əsaslanır. Lakin yeni pakt göstərir ki, bölgə dövlətləri təhlükəsizliklərini artıq yalnız ABŞ–İsrail mərkəzli sistemə bağlamaq istəmirlər. Buna görə İbrahim razılaşmaları ləğv edilməsə də, onların genişlənməsi zəifləyə, Məkkə sazişi isə alternativ regional təhlükəsizlik mərkəzi kimi ön plana çıxa bilər.

Mənim fikrimcə, bu üçlü sazişə yaxın zamanlarda Azərbaycan və Suriya da qoşulacaq.

– Bundan sonra Türkiyə İranla münasibətlərini necə quracaq?

– Ankara Tehranla həm rəqabət aparır, həm də enerji, ticarət, sərhəd təhlükəsizliyi və regional sabitlik sahələrində əməkdaşlığa ehtiyac duyur. Buna görə Türkiyə bir tərəfdən Səudiyyə Ərəbistanı və Pakistanla təhlükəsizlik əməkdaşlığını gücləndirəcək, digər tərəfdən İranla diplomatik kanalları açıq saxlayacaq. Ancaq İranın regional müttəfiqləri vasitəsilə Türkiyənin maraqlarına təhdid yaratması münasibətləri daha sərt rəqabət mərhələsinə keçirə bilər. Bunu əvvəllər gördük. Fələstin, Livan, İraq, Suriya və Yəməndə məzhəb təməlində yaradılan hərbi birləşmələr İranın dəstəyi və təhriki ilə Orta Şərqi qan gölünə döndərdi. Bu işdən isə bölgə dövlətlərini parçalayıb kiçik və təhlükəsiz dövlətlər yaratmaq istəyən İsrail və ABŞ faydalandı. Son mərhələdə bumeranq Tehranın özünə döndü. Tehran rejiminin indi birliyə çağıran ritorikasında, müsəlman dövlətlərinə tövsiyələr verməsində zərrə qədər də səmimiyyət yoxdur. İmkan düşən kimi yenə himayə etdiyi proksi qüvvələrdən istifadə edib, bölgədə gərginliyi pozmağa çalışacaq. Məkkə anlaşmasını bu baxımdan Orta Şərqdə istiqrar yaradan və onu qoruyan bir anlaşma kimi də anlamaq doğru olardı.

– Türkiyə Ukraynaya silah yardımı etmək üçün ABŞ-yə müraciət edib. Ankaranın siyasətindəki bu dəyişiklik nə ilə bağlıdır?

– Məlumata görə, Türkiyə ABŞ istehsalı olan bəzi M270 sistemləri, ATACMS raketləri və sursatın Ukraynaya verilməsi üçün Vaşinqtondan yenidən ixrac icazəsi istəyib. Buna hələ həyata keçirilmiş transfer kimi deyil, icazə mərhələsi kimi yanaşmaq lazımdır.

Bu addım tam siyasi dönüşdən çox, pozulmuş tarazlığın Ukrayna lehinə qismən bərpasıdır. Ankara Rusiyanın Qara dənizdə həddindən artıq güclənməsini və Ukraynanın ciddi şəkildə zəifləməsini öz təhlükəsizliyi üçün risk hesab edir. Bununla yanaşı, Türkiyə NATO daxilində mövqeyini gücləndirmək və ABŞ ilə müdafiə münasibətlərini yaxşılaşdırmaq istəyir.

Bir də Krım məsələsini unutmaq olmaz. Türkiyə Krımın Rusiyada olmasını istəmir. O, ya müstəqil Krım Tatar Cümhuriyyəti olacaq, ya da əskisi kimi Ukraynaya bağlı muxtar cümhuriyyət olacaq və yenə də baskın güc yerli xalq – tatarlar olacaq. İndiki vəziyyət üç təhlükə yaradır:

-Rusiya Federasiyası Qara dənizdə çox güclənir;

-Krım Ukraynadan qoparıldıqda yarımada olaraq problemlər yaşayır, çünki o, Ukraynanın bir parçası, oradan dənizə quru uzantısıdır, Rusiyanın yox;

-Tatarlar yenə pərişan durumda dünyaya səpələnmiş vəziyyətdə qalır.

– Rusiya–Türkiyə münasibətlərində böhran yarana bilərmi?

– Rusiyanın narazılığı və diplomatik gərginlik mümkündür. Lakin genişmiqyaslı böhran tərəflərin heç birinin maraqlarına uyğun deyil. Türkiyə və Rusiya enerji, turizm, ticarət, Suriya, Qafqaz və Qara dəniz məsələlərində bir-birinə ehtiyac duyurlar.

Əsas məsələ veriləcək silahların Rusiya ərazisinin dərinliklərinə zərbə vurmaq üçün istifadə olunub-olunmamasıdır. Belə istifadə gərginliyi ciddi şəkildə artıra bilər. Bununla belə, tərəflər münasibətləri yenə də idarə olunan rəqabət çərçivəsində saxlamağa çalışacaqlar.

– Rusiya–Ukrayna müharibəsinin hazırkı gedişini necə qiymətləndirirsiniz?

– Müharibə aşınma mərhələsindədir. Rusiya canlı qüvvə və sursat üstünlüyünə malik olsa da, bunu həlledici strateji qələbəyə çevirə bilməyib. Ukrayna isə bəzi cəbhə istiqamətlərində əraziləri geri alır və Rusiyanın enerji, liman və hərbi infrastrukturuna uzaqmənzilli zərbələri artırır.

Hazırda heç bir tərəf qarşı tərəfi qəti şəkildə məğlub etmək imkanına malik deyil. Müharibənin nəticəsini təkcə ərazi dəyişiklikləri deyil, insan ehtiyatları, silah istehsalı və xarici yardımın davamlılığı müəyyən edəcək.

– Rusiyanın sentyabr seçkilərindən sonra səfərbərliyə gedəcəyi barədə məlumatlar yayılır. Payızda müharibədə əsaslı dönüş ola bilərmi?

– Yeni səfərbərlik ehtimalı var, lakin bu məlumatlar hələ rəsmi şəkildə təsdiqlənməyib. Seçkilərdən sonra belə qərarın qəbul edilməsi siyasi baxımdan daha əlverişli görünür.

Ancaq səfərbərlik dərhal hərbi dönüş yaratmır. Yeni qüvvələrin hazırlanması, silahlandırılması və cəbhəyə uyğunlaşdırılması aylarla vaxt tələb edir. Payızda döyüşlərin intensivləşməsi mümkündür, amma əsaslı dönüş üçün yalnız əlavə canlı qüvvə kifayət etməyəcək.

– ABŞ-nin vasitəçiliyi ilə yenidən danışıqlar masasının qurulmasını necə şərh edirsiniz?

– Danışıqların bərpası müsbət hadisədir, lakin yaxın zamanda yekun sülhün əldə olunması real görünmür. Əsas fikir ayrılığı işğal edilmiş ərazilərin statusu və Ukraynanın gələcək təhlükəsizlik təminatları ilə bağlıdır.

Buna görə danışıqların ilkin nəticəsi ümumi sülhdən çox, əsir mübadiləsi, enerji və liman infrastrukturuna hücumların məhdudlaşdırılması və ya mərhələli atəşkəs ola bilər.

– Azərbaycanın xarici işlər naziri Kiyevə rəsmi səfər etdi. Bundan əvvəl Rusiyaya da səfər olmuşdu. Bakının siyasətini necə qiymətləndirirsiniz?

– Azərbaycanın siyasəti tərəf seçməkdən çox strateji tarazlıq yaratmağa əsaslanır. Bakı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Kiyevlə siyasi-humanitar əlaqələri inkişaf etdirir. Eyni zamanda, Rusiya ilə coğrafi, iqtisadi və təhlükəsizlik münasibətlərini qoruyur.

Moskva və Kiyevə ardıcıl səfərlər Azərbaycanın heç bir güc mərkəzinin peykinə çevrilmək istəmədiyini göstərir. Bu, passiv neytrallıq deyil, milli maraqlara söykənən çoxistiqamətli xarici siyasətdir.

– Prezident İlham Əliyevin Naxçıvan səfəri, TRIPP layihəsi və Gürcüstan Baş naziri İrakli Kobaxidzenin reaksiyası barədə nə demək olar?

– Prezidentin açıqlaması Azərbaycanın Qərbə çıxış yollarını şaxələndirmək niyyətini göstərir. TRIPP yalnız dəmir yolu və avtomobil yolu deyil; elektrik xətləri, fiber-optik rabitə, gələcəkdə isə neft və qaz kəmərləri daşıya biləcək çoxtəyinatlı dəhliz kimi nəzərdə tutulur. Bu, Naxçıvanı təcrid olunmuş ərazidən regional tranzit və enerji qovşağına çevirə bilər.

Kobaxidzenin reaksiyasında müəyyən narahatlıq hiss olunur. Gürcüstan uzun müddət Azərbaycanın Türkiyə və Avropaya əsas çıxış ölkəsi olub. Büdcəsinin nəzərəçarpacaq qismini bu tranzit imkanları hesabına doldurub. Yaranmış şərait ona 3 böyük layihə qazandırıb: BTC, Bakı-Ərzurum Qaz Kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu. Yaxınlarda Qara dəniz sualtı elektrik kabeli layihəsi də ona gəlir gətirəcək ki, bunu da 4-cü iri kommunikasiya layihəsi hesab etmək olar. İndi anlamalıdır ki, Azərbaycan üçün yeni əlaqə vektoru yaranıb və buna qısqanc yanaşmamalıdır. Azərbaycanın dünyaya açılan bütün yolları, layihələri Tbilisiyə bağlanası deyil ki…

O da gerçəklikdir ki, TRIPP Tbilisinin müstəsna tranzit mövqeyini qismən zəiflədəcək. Lakin burada söhbət Gürcüstanı kənarlaşdıran yeni situasiyadan deyil, Azərbaycanın risklərini bölüşdürməsindən gedir.

Gürcüstan marşrutu, Qara dəniz sualtı elektrik kabeli və TRIPP bir-birini əvəz edən deyil, tamamlayan layihələr ola bilər. Azərbaycan üçün ən əlverişli model Gürcüstan istiqamətini qorumaqla yanaşı, Naxçıvan–Türkiyə–Avropa xəttini də açmaqdır. Bu siyasət Azərbaycanın tranzit təhlükəsizliyini və regional çəkisini artıracaq.

E.Rüstəmli

“AzPolitika.info”