Menu

“HEÇ KİM SÜLH YOLUNUN HAMAR OLACAĞINA SÖZ VERMƏMİŞDİ...” – “Bu strukturları siyasi terrorçular zəbt edib”

19.09.2026, 09:09
“HEÇ KİM SÜLH YOLUNUN HAMAR OLACAĞINA SÖZ VERMƏMİŞDİ...” – “Bu strukturları siyasi terrorçular zəbt edib”

Səməd Seyidov: "Bir millət, iki dövlət" konsepsiyasından "Bir millət, beş dövlət" mərhələsinə keçirik"

"Mənim seçmədiyim, bioqrafiyasını oxumadığım, səs vermədiyim bir hakimin Azərbaycan haqqında qərar verməyə nə dərəcədə hüquqi haqqı var?"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "AzPolitika"ya müsahibəsində Azərbaycan-Ermənistan sülh prosesindəki son vəziyyət, regionda toqquşan geosiyasi maraqlar, Türk Dövlətləri Təşkilatının (TDT) strateji əhəmiyyəti, həmçinin Qərb insitutları və Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ilə münasibətlərdəki mövcud mənzərəni şərh edib.

Səməd müəllim, son zamanlar Azərbaycan və Ermənistan arasındakı sülh prosesində müəyyən ləngimələr və gərginlik müşahidə olunur. Hər iki tərəfdən ictimai müstəvidə qarşılıqlı bəyanatlar səsləndirilir. Bu problemlər nə qədər dərindir və ümumilikdə sülh prosesinin tormozlanmasına gətirib çıxara bilərmi?

– Mən sülh istiqamətində gedən ümumi xətt üzrə ciddi bir əngəl görmürəm. Çünki bu regionda sülhün alternativi yoxdur. Azərbaycanın yaratdığı yeni reallıq artıq inkaredilməzdir. Lakin heç kim bu yolun hamar olacağını da söz verməmişdi. Biz sülh uğrunda həm diplomatik mübarizə, həm də müharibə aparmışıq. İndi isə sülhün əbədi olması üçün Azərbaycan dövləti və Prezident İlham Əliyev çox ardıcıl, qətiyyətli siyasət yürüdür. Bu xətt öz bəhrəsini verib və bundan sonra da verəcək.

Ancaq bu o demək deyil ki, revanşist qüvvələr və ya təhdidlər tamamilə yoxa çıxıb. Dövlət başçısı Türk Dövlətləri Təhlükəsizlik Şurasının katiblərinin toplantısında da açıq şəkildə bildirdi ki, təhlükələr və problemlər qalmaqdadır. Müxtəlif xarici mərkəzlər və qurumlar təkcə Azərbaycana deyil, bütün Türk dünyasına problemlər yaratmağa çalışırlar. Bu təzyiqlər yalnız fiziki yox, həm də ideoloji müstəvidə özünü göstərir.

– Ermənistan daxilindəki proseslər bu təhdidlərə necə təsir edir?

– Ermənistanda revanşistlər vaxtaşırı baş qaldırır, etirazlar edir və təxribat xarakterli bəyanatlar verirlər. Təəssüf ki, rəsmi İrəvan da bəzən bu tezisləri qətiyyətlə rədd etmək əvəzinə, onlarla müəyyən "oyunlar" oynamağa, itirilmiş mövzuları gündəmə gətirməyə çalışır. Biz bunu Prezidentin köməkçisi, hörmətli Hikmət Hacıyevin xarici səfirlər, diplomatlarla Qarabağa səfəri zamanı bir daha gördük. Çox yüksək səviyyəli tədbir keçirildi, həqiqətlər əyani şəkildə diplomatlara nümayiş etdirildi. Lakin Ermənistanda təkcə radikallar deyil, hakimiyyətə yaxın dairələr də dərhal aqressiv reaksiya verərək sualları suala caladılar.

Bu göstərir ki, hələ qarşıda görüləsi işlər çoxdur. İngilislərin dediyi kimi, “confidence building measures” – yəni etimadquruculuğu tədbirləri vacibdir. Məhz bu səbəbdən vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri keçirilir. Bişkekdə də Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri müxtəlif səviyyələrdə təmasların genişləndirilməsinin vacibliyini vurğuladılar. Yaranan ləngimələr sizi təəccübləndirməməlidir; biz bu yolda qətiyyətli addımlarımızı davam etdirəcəyik, lakin prosesin problemsiz ötüşəcəyini də gözləməməliyik.

– Yaranmış gərginliyi həm də geosiyasi amillərlə bağlayırlar. Ermənistanın xarici siyasət seçimi ilə bağlı sıxışdırıldığını, İranın, Avropanın müxtəlif bəyanatlarını görürük. Bu böyük güclərin toqquşması sülh prosesinə necə təsir edir?

– Ermənistan hakimiyyətinin Azərbaycanın təklif etdiyi sülh gündəliyinə tam uyğun davranması bütün bu suallara ən yaxşı cavab olardı. Bakının təqdim etdiyi sülh proqramından uzaqlaşıb kənar dövlətlərə sığınmaq İrəvana heç bir xeyir gətirməyəcək.

Geosiyasi amillərə gəldikdə, bu region həmişə nəhəng güclərin maraq toqquşması meydanı olub. Lakin əsas fərq ondadır ki, indi regionun özü köklü şəkildə dəyişib. Azərbaycanın yaratdığı yeni reallıq regionda tamamilə başqa bir vəziyyət formalaşdırıb. Böyük mərkəzlər köhnə yanaşmalarla Cənubi Qafqazda siyasət yürüdə bilməzlər. Azərbaycan elə bir inkişaf səviyyəsinə çatıb, elə bir gücə və təsir imkanlarına malikdir ki, artıq regional "orta güc" mərkəzinə çevrilib. Böyük dövlətlər istəsələr də, istəməsələr də bu reallıqla hesablaşmalıdırlar.

– Ermənistan bu geosiyasi təzyiqlərin qarşısında niyə bu qədər aciz görünür?

– Çünki Azərbaycanla Ermənistanın güc imkanları müqayisəolunmazdır. İrəvan zəif bənd olduğu üçün xarici təsirlər orada daha qabarıq və açıq şəkildə görünür. Lakin Cənubi Qafqaz ölkələri – Azərbaycan, Gürcüstan və Ermənistan bir-biri ilə sıx bağlıdır.

Ermənistan anlamalıdır ki, Qarabağın işğalı dövründə o, müstəqil dövlət deyil, başqa güclərin əlində bir alət, fortpost idi. İndi isə tarixində ilk dəfə real dövlətçiliyini, suverenliyini qurmaq üçün şans qazanıb. Delimitasiya-demarkasiya prosesinin getməsi, Qazaxın kəndlərinin qaytarılması, Kərki mövzusunun müzakirəsi göstərir ki, onlar öz sərhədlərinə malik müstəqil subyekt olmaq istəyirlərsə, xarici təsirlərdən azad olmalıdırlar. Bu geosiyasi məqamda Azərbaycan və Türkiyə Ermənistan üçün hava və su kimi lazımdır. Ermənistan Bakı və Ankara ilə münasibətləri bərpa etməklə kimsənin aləti deyil, regiona inteqrasiya olunmuş dövlətə çevrilə bilər. Bunun alternativi isə Ermənistan üçün xaos, dağılma və yenidən kiminsə əlində oyuncaq olmaqdır.

– Azərbaycanın Ermənistandan Konstitusiya dəyişikliyi və referendum tələbi var. Paşinyanın bu addımları atmağa və iddialardan imtina etməyə real siyasi gücü çatacaqmı?

– Məsələyə başqa bucaqdan baxaq: Azərbaycan heç kimdən heç nəyi kor-koranə tələb etmir. Azərbaycan şərt qoyur. Şərtimiz isə bəsit və məntiqlidir: Əgər sən mənimlə normal qonşuluq münasibəti qurmaq, regionda əbədi sülh yaratmaq istəyirsənsə, öz ana qanunundan mənə qarşı olan ərazi iddialarını çıxarmalısan. Ərazi iddiasının olduğu bir şəraitdə sülh müqaviləsi bağlamaq mümkün deyil.

İndi top Ermənistan tərəfindədir. Paşinyan da yaxşı anlayır ki, bu, təkcə Azərbaycanın təzyiqi deyil, Ermənistan dövlətçiliyi üçün fundamental məsələdir. Revanşistlər, Ermənistanı başqalarının əlində oyuncağa çevirmək isteyənlər bu dəyişikliyə qarşı çıxacaqlar. Lakin real dövlət qurmaq istəyirlərsə, bu addımı atmalıdırlar. Konstitusiya dəyişikliyi baş tutsa, dərhal sülh müqaviləsinin imzalanmasının şahidi olacağıq. Əks halda, sülh sənədindən söhbət gedə bilməz.

– Azərbaycanın xarici siyasətində Türk dünyası inteqrasiyası açıq-aşkar prioritete çevrilib. Eyni zamanda, Qərblə də dərin iqtisadi və siyasi əlaqələr mövcuddur. Azərbaycan xarici siyasətdə Asiya və Avropa arasında konkret seçim edibmi?

– Bizim konkret və aydın prioritetimiz var. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi: Bizim bir ailəmiz var, o da Türk Dövlətləri ailəsidir. Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində 63 istiqamət üzrə sıx əməkdaşlıq həyata keçirilir. Şuşa Bəyannaməsi unikal bir sənəddir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: "Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü isə Türkiyənin gücüdür". Biz artıq "Bir millət, iki dövlət" konsepsiyasından "Bir millət, beş dövlət" mərhələsinə keçirik. Bu, tarixi bir dönüşdür.

Statistikaya baxarsaq, Türk dövlətlərinin ümumi daxili məhsulu 2.4 trilyon dollardır – bu, dünyada 12-ci göstərici deməkdir. Biz bu nəhəng potensialı inkişaf etdiririk. Xəzərin dibi ilə optik-kabellərin çəkilməsi, Orta Dəhliz layihəsi, Özbəkistan və Qırğızıstanla strateji və əbədi dostluq müqavilələri bu siyasi iradənin göstəricisidir. TDT prioritetdir, çünki bizə və regionumuza qarşı gələn təhdidlər həm də ideoloji və kiber sahədən gəlir. Bu təhdidlərə cavab vermək üçün Türk dünyası birliyi həyati əhəmiyyət kəsb edir.

– Bəs bu fonda Qərb istiqamətində münasibətlər necə tənzimlənir?

– Qərblə münasibətlərə gəldikdə, burada fərqli müstəviləri ayırmaq lazımdır. Avropa İttifaqı (Aİ) və onun icraedici orqanları ilə işgüzar, iqtisadi əlaqələrimiz yüksək səviyyədədir. Ursula fon der Leyen də bəyan edib ki, Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır. Azərbaycan qazı artıq Almaniyaya qədər çatır, Orta Dəhliz ən aktual layihədir. Biz imzaladığımız hər bir sənədə, verdiyimiz hər bir sözə hörmətlə yanaşırıq.

Ancaq məsələ Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Avropa Parlamentinə gəldikdə, mənzərə dəyişir. Dövlət başçısı da bu qurumların iç yüzünü açıq şəkildə ifşa etdi. AŞPA illərlə işğalçı Ermənistana göz yumdu, lakin torpaqlarını azad edən Azərbaycana sanksiya tətbiq etməyə qalxdı. Bu, ikili standartların pik zirvəsidir. Ona görə də biz AŞPA-da fəaliyyətimizi dondurduq. Bu strukturları siyasi terrorçular, islamofoblar zəbt edib. Onlar köhnə təfəkkürlə yaşayır və yeni geosiyasi reallığı qəbul etmək istəmirlər. Lakin bu yanaşma ilə özləri uduzurlar və siyasi səhnədən silinirlər.

– Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişi üzrə danışıqların bərpası gündəmdədir. Hər iki tərəf üçün prinsipial məsələlər fonunda Bakı və Brüssel ortaq məxrəcə gələ bilərmi?

– Bir daha vurğulayım: Azərbaycan parlamentinin bu ilin mayında qəbul etdiyi qətnaməyə əsasən, Avropa Parlamenti ilə bütün əlaqələr kəsilib, "Evronest"dən çıxış proseduru başlayıb. Çünki Avropa Parlamenti islamofobiya və korrupsiya yuvasına çevrilib.

Ancaq Avropa Komissiyası və Avropa İttifaqı ilə münasibətlər fərqli prinsiplərə söykənir. Biz Avropa bazarında, iqtisadi layihələrdə maraqlıyıq. Avropa mədəniyyətini, rasional intellektual fikrini və ümumbəşəri dəyərlərini inkar etmirik. Bizim etirazımız bu dəyərlərdən bir alət kimi istifadə edib neo-müstəmləkəçilik siyasəti yürütmək istəyənlərədir.

Bu gün Avropa ciddi geosiyasi böhran içindədir. Onların siyasətçilərinin buraxdığı səhvlər ucbatından Avropanı bir çox qlobal danışıqlara heç dəvət də etmirlər. Cənubi Qafqazda da Ermənistana müşahidəçilər göndərməklə, "binokl diplomatiyası" yürütməklə böyük səhvlər etdilər. Lakin indi onlar da anlayırlar ki, Azərbaycansız Cənubi Qafqazda mövcud olmaq imkansızdır. Reallığı dərk etdikcə Bakı ilə hesablaşmaq məcburiyyətində qalırlar.

– Avropa Komissiyası Orta Dəhlizlə bağlı öz proqramını təqdim etməyə hazırlanır. Bu layihə üzərində böyük güclərin rəqabəti var. Azərbaycan hansı şərtləri qəbul edə bilər?

– Azərbaycan milli maraqlarına zidd olan heç bir layihəni və ya təklifi qəbul etməyəcək. Biz yalnız milli maraqlarımıza cavab verən, regionda sülhü və rifahı dəstəkləyən təşəbbüslərə açığıq. Azərbaycan kənar güclərin diktəsi ilə siyasət yürütmür. Təklif olunan layihələr bizim maraqlarımızla üst-üstə düşəcəksə, reallaşacaq, düşməyəcəksə, yaşamaq şansı yoxdur. Biz artıq regional gücüz və maraqlarımıza zidd olan istənilən müdaxilənin qarşısını almaq iqtidarındayıq.

– Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ilə münasibətlərində soyuqluq yarandığı, qərarların icrasında problemlər olduğu bildirilir. Bu məsələnin hüquqi və siyasi mahiyyəti nədir?

– Bu suala aydınlıq gətirmək üçün bir mexanizmi bilmək lazımdır. Avropa Şurasının, o cümlədən AİHM-in hakimləri AŞPA-da keçirilən seçkilərlə təyin olunurlar. Zamanında bu seçkilərdə Azərbaycan nümayəndə heyəti də fəal iştirak edirdi. Lakin AŞPA Azərbaycan nümayəndə heyətinin hüquqlarını məhdudlaşdırdıqdan sonra biz o seçkilərdə iştirak etmirik.

İndi məntiqi sual olunur: Mənim seçmədiyim, bioqrafiyasını oxumadığım, səs vermədiyim bir hakimin Azərbaycan haqqında qərar verməyə nə dərəcədə hüquqi haqqı var? Özlərini hüquqi ziddiyyətə salıblar. Mən tanımadığım və seçkisində iştirak etmədiyim hakimin qərarını necə icra edə bilərəm?

İkinci tərəfdən, AİHM-in daxilində dərin böhran var. Təqdim olunan hesabatlar da göstərir ki, AİHM-ə seçilən hakimlərin böyük hissəsi hakim təfəkküründən uzaq, QHT fəlsəfəsi ilə yaşayan şəxslərdir. Yəni məhkəmə faktiki olaraq "QHT-ləşir". Müstəqil ədalət mühakiməsi yürütmək əvəzinə, siyasi konyuktura ilə qərar verirlər. Bu səbəbdən təkcə Azərbaycan deyil, Avropa Şurasının bir çox digər üzv dövlətləri də AİHM-in qərarlarını icra etməkdən imtina edirlər. Bizim hazırda orada əvvəllər seçilmiş hakimimiz qalır, lakin yeni proseslərdə iştirak etmədiyimiz üçün bu cür ziddiyyətlərin yaranması təbiidir.

Elçin Rüstəmli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol