Menu

KARTDAN-KARTA KÖÇÜRMƏLƏRƏ QOYULAN LİMİT NƏYİ DƏYİŞDİ? – Ekspertdən AÇIQLAMA

19.09.2026, 09:14
KARTDAN-KARTA KÖÇÜRMƏLƏRƏ QOYULAN LİMİT NƏYİ DƏYİŞDİ? – Ekspertdən AÇIQLAMA

Kartdan-karta köçürmələrə tətbiq olunan yeni limitlər ictimai müzakirələrə səbəb olub. Avqustun 1-dən qüvvəyə minən qaydalara əsasən, bank kartı sahibi gün ərzində kartından 5 dəfə köçürmə edə və eyni sayda ödəniş qəbul edə bilər. Bundan əlavə, kartdan-karta köçürmələrin ümumi məbləği üzrə aylıq 20 min manat limit müəyyənləşdirilib. Bu məhdudiyyətlərin maliyyə əməliyyatlarının şəffaflığına və vətəndaşların gündəlik istifadəsinə təsiri diqqət çəkir.

Kartdan-karta köçürmələrə tətbiq olunan limitlər gözlənilən nəticəni verirmi? Məhdudiyyətlər özünü doğrultmasa, onların yumşaldılması və ya ləğvi mümkündürmü?

Bu barədə “AzPolitika”ya danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, ilk növbədə, bu qaydaların dövlət tərəfindən qəbul edilmədiyini xatırlatmaq lazımdır. Bu, dövlət qərarı deyil.

Onun sözlərinə görə, qaydaları Banklar Assosiasiyası və Fintex Assosiasiyası qəbul edib: “Formal olaraq, bunu bankların öz təşəbbüsü kimi təqdim etmək olar. Lakin əslində, bu, qanunsuzdur. Bu, inhisarçı sövdələşmədir və qanunvericiliyə ziddir. Təbii ki, qaydaları necə qəbul ediblərsə, sabah elə də ləğv edə bilərlər”.

Ekspert buna müvafiq dövlət qurumlarının da razılıq verdiyini qeyd edir: “Buna şübhəm yoxdur. Axı hansısa assosiasiya və ya banklar niyə belə bir qərar qəbul etməlidir? Hansı səbəbdən bu, rəsmi qərar şəklində deyil, bu formada həyata keçirib? Əlbəttə, məqsəd aydındır – köçürmələri məhdudlaşdırmaq. Amma artıq bir aydan çox vaxt keçib və bu qərarın hansı nəticələr verdiyini söyləmək hələ tezdir. Bununla bağlı fikir yürütmək üçün ən azı bir il gözləmək lazımdır”.

Ekspert qeyd edib ki, ilk gündən proqnozlaşdırmışam ki, nağd dövriyyə artacaq: “Bu imkanlardan vergidən yayınmaq və digər qanunsuz əməllər üçün istifadə edənlər yenidən nağd dövriyyəyə qayıdacaqlar. Kimlərin isə belə bir niyyəti yoxdursa, onlar üçün heç bir problem yoxdur və öz əməliyyatlarını əvvəlki kimi davam etdirəcəklər”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol