Menu

Azərbaycanda "Quşçuluq qrupu" fəaliyyətə başlayıb

03.11.2026, 10:48
Azərbaycanda "Quşçuluq qrupu" fəaliyyətə başlayıb

"Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin əlaqələndirilmiş şəkildə icrasını təmin etmək məqsədilə "Quşçuluq qrupu" fəaliyyətə başlayıb.

"AzPolitika" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, qurumda Dövlət Proqramı çərçivəsində quşçuluq sahəsinin inkişafının stimullaşdırılması, qarşıda duran vəzifələr və görüləcək işlərin müzakirəsinə həsr olunmuş görüş keçirilib. Görüşdə Nazirliyin məsul şəxsləri və struktur bölmələrinin əməkdaşları, "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin üzvləri və quşçuluq sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Bildirilib ki, "Quşçuluq qrupu"nun əsas fəaliyyət istiqamətləri quşçuluq təsərrüfatlarının ehtiyaclarının qiymətləndirilməsi, sahənin xüsusiyyətləri nəzərə alınmaqla torpaqların kateqoriyasının və ya məqsədli təyinatının dəyişdirilməsi prosesinin sürətləndirilməsi, quşçuluq binalarının və kəsimxanaların tikintisi, yumurta emalı müəssisəsinin yaradılması, eləcə də damazlıq işinin təşviqinə yönəlmiş dəstək mexanizmlərinin hazırlanmasını əhatə edir. Qeyd olunub ki, nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində quş əti istehsalının 30 %, yumurta istehsalının isə 27 % artırılması hədəflənir.

Görüşdə quşçuluq müəssisələrinin nümayəndələri fəaliyyətləri, mövcud istehsal imkanları və həyata keçirdikləri layihələr barədə məlumat verib, sahənin inkişafına dair təkliflərini diqqətə çatdırıblar. Həmçinin, ölkədə sənaye üsulu ilə quş əti istehsalının mövcud vəziyyəti, istehsal proseslərinin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, yem təminatının yaxşılaşdırılması və sahənin inkişafına təsir göstərən digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Dövlət Proqramında müəyyən edilmiş hədəflərə nail olunması üçün dövlət və özəl sektor arasında səmərəli əməkdaşlığın vacibliyi vurğulanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol