Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında xüsusi xidmət orqanlarının rəhbərləri və ölkənin aparıcı siyasi partiyalarının liderləri, o cümlədən prezidentliyə namizədlərlə qapalı görüş keçirib.
İclas dünyada təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsinə, xüsusən də Rusiyanın Avropaya yönəlmiş hibrid təhdidlərinə həsr olunub.
Makron bildirib ki, son həftələrdə Rusiyanın Avropa və Fransaya qarşı təhdidləri nəzərəçarpan dərəcədə artıb. O, Leypsiq hava limanında baş verən PUA insidentini xatırladaraq, analoji təxribatların istənilən Avropa ölkəsində təkrarlana biləcəyini vurğulayıb. Fransa dövlət başçısı hökumətə kritik infrastrukturların mümkün dron və kiberhücumlardan qorunması üçün təcili fəaliyyət planı hazırlamağı tapşırıb.
Müzakirələrdə Polşa Baş naziri Donald Tuskun bir qədər əvvəl səsləndirdiyi xəbərdarlıqlar da diqqət mərkəzində olub. Tusk Rusiya raketlərinin və ya PUA-larının NATO-nun şərq cinahındakı ölkələrin ərazisinə "səhvən" zərbələr endirə biləcəyini istisna etməyib. Fransız namizəd Rafael Qlüksmann da görüşdə Rusiyanın Polşa ərazisinə mümkün PUA zərbələri təhlükəsinin geniş müzakirə olunduğunu təsdiqləyib.
Makron Rusiyanın əsas məqsədinin Avropa İttifaqının Ukraynaya dəstək əzmini yoxlamaq olduğunu desə də, cavabın əks-effekt verəcəyini vurğulayıb: "Biz qorxmuruq, çünki bu gün və sabahkı təhlükəsizliyimizin Ukraynada həll olunduğunu yaxşı bilirik".
Görüşdə iştirak edən Radikal Sol Partiyasının lideri Qiylom Lakrua sosial şəbəkədə müzakirələrin dəhşətli mənzərəni ortaya qoyduğunu qeyd edib: "50 yaşımda Yaxın Şərq və Ukraynadakı vəziyyətin ağırlığından, dünyanı xaos aparan bu çılğınlıqdan nadir hallarda belə dəhşətə gəlmişəm".
Təhlükəsizliklə yanaşı, tədbirdə yanacaq qiymətlərinin kəskin artması da müzakirə olunub. "Milli Birlik" partiyasının lideri Jordan Bardella hökumətin bu bahaçılıqla mübarizə üçün konkret təkliflər irəli sürmədiyini tənqid edib. Makron isə qiymət artımının Yaxın Şərqdəki müharibənin fəsadı olduğunu bildirib və əlavə edib ki, Fransa Qrup yeddi (G7) sədri kimi yaxın həftələrdə enerji daşıyıcılarının qiymət artımını, Yaxın Şərq və Ukraynadakı vəziyyəti müzakirə etmək üçün təşkilatın fövqəladə iclasını çağıracaq.
Qeyd edək ki, qapalı görüşdə Qabrielya Attal, Eduar Filipp, Brünio Retayo, Rafael Qlüksmann kimi aparıcı siyasətçilər iştirak ediblər. Sorğularda lider olan Marin Le Penin əvəzinə partiyanı Jordan Bardella, Jan-Lük Melanjonun əvəzinə isə onun nümayəndəsi Manuel Bompard təmsil edib.
“AzPolitika.info”


Şərhlər