Azad İsazadə: "Zelenski Trampın dilini tapa bilsə, yeni hərbi paketlər və "Tomahawk" lisenziyaları masada ola bilər"
Ukrayna cəbhəsində və Yaxın Şərqdə hərbi-siyasi gərginlik görünməmiş həddə çatıb. Kiyevin Rusiyanın dərinliklərindəki strateji infrastrukturlara və logistika mərkəzlərinə endirdiyi dalbadal zərbələr Moskvada ciddi təşviş yaradıb. Digər tərəfdən, Yaxın Şərqdə alovlanan müharibə ocaqları qlobal gücləri qarşı-qarşıya gətirib.
Bəs hazırda cəbhədə real vəziyyət necədir? Eskalasiya hansı həddə çatacaq? Kremldə və Ağ Evdə hansı hesablar aparılır?
Mövzu ilə bağlı hərbi-siyasi ekspert Azad İsazadə "AzPolitika"nın suallarını cavablandırıb.
– Azad bəy, Rusiyaya qarşı son intensiv zərbələr fonunda ölkə daxilində gedən prosesləri izləyirsiniz. Ukraynanın, xüsusilə son dövrlərdə artan bu hücumları Rusiyada – həm cəmiyyətdə, həm siyasi elitada, həm də orduda hansı situasiyanı yaradıb?
– Müharibənin ilk illərində Rusiya bu cür kütləvi zərbələri periodik olaraq – həftədə bir, ya iki dəfə Ukrayna şəhərlərinə vururdu. İndi isə Ukraynanın "vuran əli" uzanıb və qarşı tərəfə dəqiq, nöqtə zərbələri endirməyə başlayıb. Əvvəllər Ukrayna mülki obyektlərdən kənar durmağa çalışırdı. Amma Kiyevə və digər şəhərlərə mülki zərbələr çoxaldıqca, Ukrayna da adekvat addımlar atacağını nümayiş etdirdi.
Məsələn, əvvəllər neftayırma zavodları və terminallar hədəf alınırdısa, indi birbaşa logistika anbarları, "Wildberries" kimi böyük mərkəzlər vurulur. Bu, birbaşa müharibənin Rusiya cəmiyyətinə və kiçik-orta biznesinə çatması deməkdir. Bu mənzərə mənə İraq–İran müharibəsindəki o məşhur "şəhərlərin müharibəsi" terminini xatırladır. Cəbhədə irəliləyiş olmayanda şəhərləri vururdular. Fərq ondadır ki, Ukrayna indi Rusiyaya təklif edir: "Cəbhədə atəşkəs istəmirsinizsə, heç olmasa hava atəşkəsi elan edək, infrastrukturu vurmayaq". Rusiya buna getmir. Deməli, Ukrayna öz imkanlarının daha geniş olduğunu göstərməkdə davam edəcək.
– Ukrayna rəhbərliyi Rusiyanın Kiyevə və iri şəhərlərə yeni kütləvi hücum dalğası hazırladığını bildirir. Bu eskalasiya fonunda Ukraynadakı parlament, Nazirlər Kabineti və Prezident Ofisi kimi əsas hökumət binalarının vurulma ehtimalı varmı?
– Bəli, bu risk var, çünki eskalasiya gözümüzün qabağında böyüyür. Ukraynanın vurduğu zərər çox böyükdür – vurulan logistik anbarların Rusiya ÜDM-indəki payı 8 faizə yaxındır. Rusiya cavab verməyə çalışacaq. Amma məsələ burasındadır ki, Kiyevdə müharibəni idarə edən struktur çoxdan yerin altına keçib. Baş Qərargah, Müdafiə Nazirliyi, Administrasiya binaları üzdə boşdur. Yəni Bankovada Prezident Ofisinin binasını dağıtsalar da, bu, idarəetməni iflic etməyəcək.
– Bəs Moskva üçün hansı risklər yaranır? Zərbələr eyni intensivliklə Rusiya paytaxtına və ya strateji mərkəzlərə çata bilərmi?
– Əlbəttə, Rusiya anlamalıdır ki, bu zərbələr gec-tez Moskvaya da dəyəcək. Bu günlərdə Rusiya prezidentinin Valdaydakı rezidensiyasının cəmi 15 kilometrliyində Rusiyanın ən müasir "Su-57" qırıcı təyyarəsi qəzaya uğradı. Onun Ukrayna tərəfindən vurulduğu, yaxud Rusiyanın öz HHM sisteminin onu səhvən vurduğu müzakirə olunur. Hətta fantastik görünən belə bir versiya da var ki, Ukrayna Rusiya HHM sisteminin kodlarını ələ keçirib. Fakt odur ki, təyyarə Putinin rezidensiyasının düz böyründə düşüb. Bu, müharibənin artıq Kremlin qapısına dayandığını nümayiş etdirir. Önümüzdəki 2–3 ay ərzində vəziyyət çox gərgin və faciəvi olacaq.
– Bəs Krım və cəbhə xəttindəki son durum nə yerdədir? "Boz zona"da vəziyyət hansı tərəfin xeyrinə dəyişir?
– Krımda vəziyyət kritikdir: işıq, su, benzin, ərzaq qıtlığı var, yolların 70 faizi Ukraynanın atəş nəzarətindədir. PUA komandanı "Macar"ın (Brovdi) da dediyi kimi, Kerç körpüsünü bilərəkdən tam dağıtmırlar ki, mülki əhali Krımı tərk edə bilsin. Cəbhədə isə hələlik iri quru əməliyyatları yoxdur. Vəziyyət ağır, amma sabitdir. 10–20 kilometrlik elə "boz zonalar" var ki, orada şahmat taxtası kimi Ukrayna və Rusiya mövqeləri bir-birinin arxasına keçib, cəbhə xəttini dəqiq təyin etmək olmur.
– Ukrayna ordusundakı son kadr dəyişikliklərinə – Baş komandan və Müdafiə Nazirliyindəki təyinatlara toxunaq. Drapati və yeni komanda müharibənin gedişatını dəyişə biləcəkmi?
– Sırski təcrübəli, XX əsrin klassik generalı idi – tank, top və artilleriya müharibəsini yaxşı bilirdi. Amma bu gün müharibəni dronlar, PUA-lar və kiçik diversiya qrupları həll edir. Drapati isə 43 yaşlı, 2014-cü ildən döyüşün içində olan gənc kadrdır. Öz səhvinə görə vaxtilə istefa verməyi bacarmış, məsuliyyətli hərbçidir. Müdafiə Nazirliyində xüsusi təyinatlıların və dron əməliyyatlarının ("Pautina" əməliyyatı kimi) müəllifləri ön plana keçib. Bu tandem orduda yeni texnoloji fəlsəfə yarada bilər.

– Bəs diplomatiya cəbhəsində nə baş verir? Marko Rubio ilə Sergey Lavrovun qısa görüşü və Zelenskinin Vaşinqtonda bu gün Prezident Trampla keçirəcəyi görüşdən nə gözləyirsiniz?
– Rubio ilə Lavrovun Maniladakı yarım saatlıq ayaqüstü görüşü heç bir nəticə vermədi. Rubio Rusiyanın "Ankoric ruhu" nağıllarını darmadağın etdi və bildirdi ki, Ukraynanın razılığı olmadan Rusiya ilə heç bir pazarlıq ola bilməz. Zelenskinin Trampla görüşünə gəlincə, ABŞ artıq "Patriot" raketlərinin istehsal lisenziyasını Ukraynaya verməyə razılaşıb. İndi əsas məsələ Trampın necə yola gətirilməsidir. Tramp özünü tərifləyən liderləri sevir. Zelenski onun dilini tapa bilsə, yeni hərbi paketlər və "Tomahawk" lisenziyaları masada ola bilər.
– Bəs Yaxın Şərq cəbhəsi? Husilərin Səudiyyə Ərəbistanına zərbələri, Küveyt və Bəhreynin adı hallanan raket insidentləri regionu haraya aparır? İsrail nə vaxt prosesə açıq qoşulacaq? Mövcud atəşkəs qalıcı ola bilərmi?
– İsrail dünəndən hazırdır, sadəcə Tramp icazə vermir, eskalasiyanı saxlayır. Burada hər iki tərəf cığallıq edir. Hörmüz boğazında sanki "qeyri-rəsmi parkinq idarəçiləri" kimi kimsə ABŞ-a, kimsə İrana pul ödəyib gəmi keçirir. ABŞ-ın insan itkiləri artır, amma İran da altdan-altdan ABŞ aviadaşıyıcısına zərbə vurmağa çalışacaq ki, Vaşinqtonun hegemonluq imicinə zərbə vursun.
– Qərb mediasında Pentaqonun İrana qarşı quru əməliyyatına hazırlaşdığı iddia edilir. Tramp administrasiyası seçki qabağı belə bir riskə gedərmi?
– Nəinki seçki ili, ümumiyyətlə, hərbi baxımdan İrana quru əməliyyatı keçirmək risk deyil, birbaşa ağılsızlıqdır! İran Əfqanıstan və ya Vyetnam deyil. Dağlıq, meşəlik və nəhəng ərazidən söhbət gedir. Quru əməliyyatı üçün ən azı 1 milyonluq ordu və Türkiyə ilə Pakistanın öz sərhədlərini açması lazımdır. Nə Türkiyə, nə də Pakistan buna razı olar. Ona görə də ABŞ tərəfindən quru əməliyyatı gözlənilmir – sadəcə raketlərlə "şilləvurmaca" oyunu davam edəcək.
E. Rüstəmli
E. Bəyməmmədli

Şərhlər