Menu

Paşinyandan anklav və eksklav açıqlaması - "Torpaq mübadiləsi ilə həll edilməlidir"

15.10.2026, 14:28
Paşinyandan anklav və eksklav açıqlaması - "Torpaq mübadiləsi ilə həll edilməlidir"

Ermənistanın Baş naziri Nikol Paşinyan yerli mətbuata müsahibəsində bildirib ki, Azərbaycan və Ermənistan arasında hələlik anklavlar və eksklavlarla bağlı yekun razılaşma yoxdur, lakin məsələnin tənzimlənməsi üçün torpaq mübadiləsi variantı müzakirə olunur.

“AzPolitika” erməni mətbuatına istinadən xəbər verir ki, Paşinyan bu məsələnin həlli ilə bağlı mü müxtəlif detalları açıqlayıb.

Paşinyan qeyd edib ki, sərhədin hər iki tərəfində daxili və ya xarici anklavlar qalmamalıdır: "Sərhədin hər iki tərəfində anklav və eksklav olmamalıdır, yəni Ermənistan və Azərbaycan müvafiq ölçüdə torpaq mübadiləsi həyata keçirməlidir".

Baş nazirin sözlərinə görə, söhbət Azərbaycan ərazisində qalan Bağanis Ayrım, Xeyrimli, Sofulu və Yuxarı Əskipara kəndlərindən, eləcə də Ermənistanın nəzarətində olmayan Başkənd kəndindən gedir.

Paşinyan iddia edir ki, məsələni həll etmək üçün kəndlərin coğrafi olaraq bir qədər sağa, sola və ya düz istiqamətdə "yerinin dəyişdirilməsi" (yəni həmin ərazilərin Ermənistan və ya Azərbaycanın ana torpaqları ilə birləşdirilməsi üçün dəhliz və ya sərhəd düzəlişləri) variantı nəzərdən keçirilir. Misal üçün, Başkənd kəndinin Ermənistan ərazisinə bitişdirilməsi üçün sərhəd xəttinin uyğunlaşdırılması təkliflər sırasındadır.

Paşinyan qeyd edib ki, bu cür həll yolu sakinlərin hərəkəti, sərhəd keçidləri və digər saysız-hesabsız texniki-məişət problemlərinin qarşısını alacaq.

Baş nazir vurğulayıb ki, bu cür dəyişikliklərin texniki və hüquqi baxımdan necə formalaşdırılacağı hələ dəqiqləşdirilməlidir:

"Məsələn, belə bir ssenaridə referendumun keçirilib-keçirilməyəcəyi hüquqi analizdən asılıdır. Əvvəlcə sərhədlərin müəyyənləşdirilməsi (delimitasiya) həyata keçirilməli, bölgələrin dəqiq yeri müəyyən edilməlidir ki, həm hüquqi, həm də siyasi olaraq düzgün qərar verə bilək".

Paşinyan xatırladıb ki, 44 günlük müharibədən sonra anklavlar mövzusu mütəmadi olaraq gündəmə gəlir və bu həssas məsələnin gələcəkdə hər iki ölkə arasında hərbi gərginliyə səbəb olmaması üçün qarşılıqlı anlaşma ilə həlli vacibdir. O, hələlik Bakı ilə bu məsələ üzrə heç bir yekun rəsmi razılaşmanın əldə olunmadığını da vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol