Menu

"Süni intellekt qarşıdurma və ya inhisarçılıq vasitəsi deyil"

15.10.2026, 14:39
"Süni intellekt qarşıdurma və ya inhisarçılıq vasitəsi deyil"

AQEM-də əlaqəliliyin gücləndirilməsi Asiyada dayanıqlı inkişafı dəstəkləyəcək.

"AzPolitika" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında deyib.

Onun sözlərinə görə, AQEM, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq TƏŞKİLATI, Şanxay Əməkdaşlıq Təşkilatı arasında koordinasiyanın gücləndirilməsi, şübhəsiz ki, qitə üzrə əlaqəliliyin artırılmasına töhfə verəcək:

"Əlaqəlilik rəqəmsal dünyanı da əhatə edir. AQEM çərçivəsində elm, texnologiya və innovasiya sahələrində əməkdaşlığımızı dərinləşdirməliyik ki, süni intellekt və digər yeni texnologiyalar təkcə Asiyada deyil, bütün dünyada insanların rifahına xidmət etsin. Süni intellekt qarşıdurma və ya inhisarçılıq vasitəsi deyil, inklüziv əməkdaşlığın əsası olmalıdır".

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəklədiyini bəyan edib.

Türkiyə XİN rəhbəri qeyd edib ki, bu gün dünyada artan böhranlar beynəlxalq forumlarda qeyri-müəyyənliyin güclənməsinə səbəb olur:

"Ümumi çağırışlarımıza birgə həll yolları tapmaq heç vaxt olmadığı qədər vacibdir. Çox ehtiyac duyulan bu çoxtərəfli fəaliyyətin qarşısındakı ən böyük maneə isə beynəlxalq aktorlar arasında etimadın olmamasıdır. Həll yolu kimi regional məsuliyyət və təşəbbüskarlıq prinsipləri əsasında əməkdaşlığı təkmilləşdirməklə qarşılıqlı etimadı gücləndirən dialoq mədəniyyətinin formalaşdırılmasını prioritet hesab edirik. AQEM dialoqu səmərəli əməkdaşlığa çevirməkdə mühüm rol oynaya bilər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol