Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyası onun qarşısında duran ən başlıca vəzifədir.
“AzPolitika” erməni mətbuatına istinadən xəbər verir ki, Paşinyan bu məsələnin həlli üçün konkret zaman çərçivəsini də açıqlayıb.
Baş nazir qeyd edib ki, sülh prosesinə fokuslanmaq digər gündəlik dövlət işlərindən imtina etmək demək deyil, lakin bu məsələ onun üçün şəxsi prioritetdir:
"Mən öz qarşıma bu problemi 2031-ci ilə qədər həll etmək tapşırığı qoymuşam. Əlbəttə, bu, hökumətin və siyasi komandanın da vəzifəsidir, lakin Ermənistanın Baş naziri olaraq, bu problemi 2031-ci ilə qədər həll etməyin şəxsi gündəmim baxımından da çox vacib olduğunu düşünürəm. Görürəm ki, bu fürsət var, əks halda danışmazdım və biz yaxın gələcəkdə məhz bu gündəmə fokuslanmalıyıq".
Paşinyan əvvəlki günlərdə olduğu kimi, sülh sazişindən sonra Ermənistanın görünüşü ilə bağlı vizyonunu təkrarlayıb. O, Ermənistan ərazisinin 29 743 kvadratkilometr olması gərəkdiyini və sərhədlərin müəyyənləşdirilməsinin (delimitasiya) məhz Alma-Ata Bəyannaməsi əsasında aparılmasının vacibliyini vurğulayıb. Eyni zamanda, bu çərçivədə bölgədəki bütün nəqliyyat və kommunikasiya xətlərinin açılmasının vacibliyini qeyd edib.
Xatırladaq ki, baş nazir daha əvvəl anklav və eksklavlar probleminin torpaq mübadiləsi yolu ilə həll edilməli olduğunu açıqlamışdı. Paşinyan bu gün bir daha vurğulayıb ki, sülh sazişi imzalanıb təsdiq edildikdən sonra İrəvan və Bakının bir-birinə qarşı heç bir ərazi və ya digər növ iddiaları qalmamalıdır.
“AzPolitika.info”


Şərhlər