Menu

Rusiyadan yeni miqrasiya başlayır? - “The Economist” diqqətçəkən mənzərəni açıqladı

15.10.2026, 13:06
Rusiyadan yeni miqrasiya başlayır? - “The Economist” diqqətçəkən mənzərəni açıqladı

Nüfuzlu "The Economist" jurnalı Rusiyada artan gərginliyi, yeni səfərbərlik narahatlıqları və əhalinin ölkəni tərk etmək cəhdlərinə dair məqalə dərc edib. Rəsmi dairələr hərbi çağırışlarla bağlı bütün iddiaları qəti şəkildə təkzib edir.

“AzPolitika” məqalənin əsas detallarını və səbəblərini təqdim edir:

Məqalədə vurğulanır ki, Ukraynadakı müharibənin uzanması və texnoloji xarakter alması Rusiya ordusunun kadr ehtiyacının strukturunu dəyişib. Artıq sadəcə canlı qüvvə deyil, həm də müasir texnologiyalara yiyələnmiş mütəxəssislərə ehtiyac duyulur.

Rusiya üzrə ali məktəblərdə təhsil alan 2 milyondan çox gənc potensial səfərbərlik ehtiyatı kimi nəzərdən keçirilir. Bəzi regionlarda tələbələrə müqaviləli hərbi xidmət təklif olunması və ya akademik məzuniyyətlərlə bağlı sərtləşən qaydalar gəncləri dərhal tədbir görməyə məcbur edir.

Qeyd edilir ki, İT mütəxəssisləri, mühəndislər və peşəkarlar - ölkənin iqtisadi və texnoloji gələcəyini təmin edən ağıllı başlar və ixtisaslı kadrlar artıq ölkədə qalmağın təhlükəli olduğunu düşünürlər.

2022-ci ilin sentyabrındakı ilk şok səfərbərlik dalğasından sonra yüz minlərlə rusiyalı ölkəni tərk etmişdi. İndi isə həmin prosesin daha səssiz, lakin daha kütləvi şəkildə təkrarlandığı bildirilir. Lakin bu dəfə ciddi maneələr var:

Avropa İttifaqı ruslar üçün sərhədləri demək olar ki, qapadıb, vizaların verilməsi prosedurları həddindən artıq mürəkkəbləşdirilib. Sanksiyalar səbəbindən xaricdə hesab açmaq, maliyyə vəsaitini köçürmək və ya uzunmüddətli yaşamaq demək olar ki, mümkünsüz hala gəlib.

Buna baxmayaraq, ruslar hələ də Ermənistan (İrəvan), Gürcüstan, Qazaxıstan, eləcə də Mərkəzi Asiya və Körfəz ölkələri istiqamətində yollar axtarırlar. Onlayn forumlarda və sosial şəbəkələrdə "ölkədən necə tez çıxmaq olar" sualları rekord həddə çatıb.

"The Economist" qeyd edir ki, hərbi maşının dəyirmanına tökülən hər bir gənc həyat və ya ölkəni tərk edən hər bir mütəxəssis Rusiyanın uzunmüddətli perspektivini məhv edir. 

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol