“Onun məqsədi Azərbaycan mədəniyyətinin zənginliyini mətbəx vasitəsilə çatdırmaqdır”.
“AzPolitika” xəbər verir ki, Belarusun 1-ci dövlət kanalında Minskdə yaşayan və fəaliyyət göstərən azərbaycanlı aşpaz Arif Şəmsiyevlə bağlı efirə gedən yeni verilişdə belə deyilir.
Təxminən yarım saatlıq reportajda azərbaycanlı aşpaz keçdiyi həyat yolu ilə yanaşı, Belarusda təkcə Azərbaycan mətbəxini deyil, həm də Azərbaycanın mədəniyyətini, tarixini, musiqisini necə təbliğ etməyə çalışdığını qeyd edir.
Verilişdə A.Şəmsiyevin sahibi olduğu və yalnız Azərbaycan mətbəxinin təqdim olunduğu restoranın daxili interyerinə xüsusi diqqət yetirilib. Belə ki, elə də böyük sahəsinin olmamasına baxmayaraq, burada Azərbaycan tarixinə, mədəniyyətinə aid rəsmlər, xalçalar, əşyalar yer alır, daim Azərbaycan müsiqiqsi eşidilir və buraya daxil olan istənilən qonaq özünü Azərbaycanın kiçik bir parçasında hiss edir.
Qeyd edək ki, A.Şəmsiyev barədə daha əvvəl də Belarus kanallarında verilişlər efirə verilib. Üstəlik, azərbaycanlı aşpaz Rusiya kanallarının da mətbəxlə bağlı proqramlarının daimi qonaqlarındandır. Xüsusilə də məşhur “TNT” kanalındakı kulinariya proqramında həmyerlimizi çox tez-tez görmək olar. Arif həmin kanaldakı məşhur “Buju” kulinariya proqramının 12 seriyasında çəkilib.
Bundan əvvəl Arif Şəmsiyevin adı Belarus Rekordlar Kitabına düşüb. Bu barədə də Belarus mediasında və televiziya kanallarında məlumat yayılıb. Şəmsiyev Belarusun Volkovısk şəhərində Belarusun ən böyük pizzasını hazırlayıb. Bu barədə Belarus Rekordlar Kitabının milli reyestrinin baş eksperti Kirill Şimko açıqlama verib.
A.Şəmsiyevlə Belarusun 1-ci kanalında hazırlanmış və efirə getmiş yeni reportajı təqdim edirik:
E.Qüdrətoğlu
“AzPolitika.info”


Şərhlər