Rusiya ilə ABŞ arasında əldə olunan razılaşma çərçivəsində ilk praktiki addımlar atılır. Rusiya hökuməti yaxın vaxtlarda ABŞ istiqamətində ilk dizel yanacağı partiyasının yola salınacağını elan edib, lakin bu sövdələşmə həm bazardakı qiymət dinamikası, həm də siyasi müstəvidə ciddi mübahisələrə səbəb olub.
Baş nazirin müavini Aleksandr Novak bildirib ki, 40 min ton su tutumu olan ilk dizel tankeri oktyabrın 22-də yola düşəcək və ardınca digər partiyalar da göndəriləcək. Onun sözlərinə görə, yekun müqavilə hələ də tamamlanma mərhələsindədir və Rusiya neft emalı zavodlarının imkanları nəzərə alınmaqla, ixracın tam həcmə ilin sonuna qədər bərpa oluna biləcəyi gözlənilir. Həmçinin Türkiyənin də bu razılaşma çərçivəsində Rusiya dizelinin bir hissəsini əldə edəcəyi bildirilib.
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 21-də Sankt-Peterburqda ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkof və Cared Kuşnerlə görüşdə ilk tankerlə bağlı planı təsdiqləyib. Putin iddia edib ki, "dizel sövdələşməsi" elan olunduqdan sonra dünya bazarlarında dizel yanacağının qiyməti 5-6% ucuzlaşıb. Lakin "Vot tak" nəşrinin enerji ekspertləri ilə apardığı araşdırma bu iddianın həqiqətə uyğun olmadığını göstərib. Məlumatlara görə, ABŞ-də dizel füçersləri və pərakəndə yanacaq qiymətləri qısamüddətli enişdən sonra yenidən bahalaşıb, hətta oktyabrın 19-na olan qiymətlər sövdələşmədən əvvəlki səviyyəni də üstələyib.
Xatırladaq ki, oktyabrın əvvəlində ABŞ Maliyyə Nazirliyi Rusiya mənşəli dizel yanacağı əməliyyatlarına icazə verən (2027-ci il aprelin 7-dək qüvvədə olan) general lisenziya vermişdi. Ukrayna Prezidenti Vladimir Zelenski isə ABŞ-ın bu addımını kəskin tənqid edərək bildirib ki, deeskalasiya üzrə real razılaşmalar əldə olunmadan sanksiya təzyiqinin azaldılması Rusiyaya müharibəni davam etdirmək üçün əlavə imkanlar yaradır.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər