Rüşvətxorluq və qanunsuz miqrasiyanın təşkili ilə bağlı iş üzrə axtarışda olan Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq Baş İdarəsinin Daxili Təhlükəsizlik İdarəsinin (DTİ) keçmiş rəisi Aleksey Vasilyevin yüz milyonlarla rubl dəyərində əmlakı müsadirə edilib.
“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, qərar Sankt-Peterburq Petroqrad Məhkəməsi tərəfindən verilib.
Vasilyev bu quruma 2019-cu ilin may ayından 2022-ci ilin yanvar ayına qədər rəhbərlik edib və sonra daxili araşdırma nəticəsində işdən çıxarılıb. O, 2003-cü ildən Rusiya Daxili İşlər Nazirliyində çalışırdı.
Məhkəmə Vasilyevin Sankt-Peterburqdakı mənzilini, Sestroretskdəki daşınmaz əmlakını və torpaq sahəsini, Vsevolojskdakı binasını, Moskva və Moskva vilayətindəki bir neçə əmlakını, eləcə də Soçidəki torpaq ərazisini və mənzilini müsadirə edib. Müsadirə edilən əmlaklar arasında üç bahalı avtomobil də var.
Bundan əlavə, məhkəmə qərarı ilə ona aid 171,52 milyon rubl müsadirə edilib. Müəyyən edilib ki, Vasilyev və həyat yoldaşının 2010-cu ildən 2023-cü ilə qədər ümumi gəliri 38,6 milyon rubl təşkil edib, lakin həmin dövrdə onlar 227 milyon rubldan çox dəyərində 23 əmlak və altı nəqliyyat vasitəsi alıblar.
Polis rəisi bu əmlakları həyat yoldaşının, anasının, qayınatasının, həyat yoldaşının nənəsinin və digər qohumlarının adına qeydiyyata alıb.
2025-ci ilin mart ayında "Kommersant" qəzeti Vasilyevin Rusiyada miqrantların qanunsuz qalmasının təşkili və rüşvət alma ilə bağlı işlə əlaqədar axtarışa verildiyini yazıb. Onun harada olduğu məlum deyil.
“AzPolitika.info”


Şərhlər