Rusiya Dövlət Dumasına “Qəhrəman şəhərlərin statusu haqqında” qanun layihəsi təqdim olunub.
“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, qanun layihəsini Rusiya Federasiyası Kommunist Partiyasını təmsil edən deputat Anjelika Qlazkova təqdim edib.
Layihəyə əsasən Sankt-Peterburq adı dəyişdirilərək Leninqrad, Volqoqrad isə Stalinqrad olmalıdır. Müəllif qanunu "tarixi ədalətin bərpası" və “Böyük Vətən Müharibəsinin xatirəsinin qorunması” ilə izah edib.
Qanuna əsasən, hər iki şəhər 1941-1945-ci illər arasında daşıdıqları adları birdəfəlik saxlayacaq. Onların yenidən dəyişdirilməsi qadağan ediləcək. Bərpa olunmuş Leninqrad və Stalinqradın gerblərində və bayraqlarında Lenin ordeni və Qızıl Ulduz medalı təsvir olunacaq. İndi Dumanın buna səs verib-verməyəcəyini gözləmək lazım olacaq.
Postsovet Rusiyasında Rusiya Federasiyası Kommunist Partiyasının, Ədalətli Rusiya və əlaqəli təşkilatların nümayəndələri dəfələrlə Volqoqrad və Sankt-Peterburqun köhnə adlarına qaytarılması məsələsini qaldırıblar. 2015-ci ilin fevral ayında Dövlət Dumasındakı kommunistlər Volqoqradın adının dəyişdirilməsi ilə bağlı qanun təklif ediblər, lakin nə digər partiyaların parlamentariləri, nə də Volqoqrad şəhərinin yerli hökuməti bu təklifi dəstəkləməyib.
2025-ci ildə Rusiya Prezidenti Vladimir Putin Volqoqrad Hava Limanının adının "Stalinqrad" olaraq dəyişdirilməsi ilə bağlı fərman imzalayıb. Rəsmi olaraq, bu, İkinci Dünya Müharibəsi veteranlarının və Ukraynadakı müharibə iştirakçılarının Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov tərəfindən Putinə çatdırılan müraciətləri ilə bağlı olub. Elə həmin il Volqoqrada səfəri zamanı Putin şəhərin adının dəyişdirilməsini "məntiqli" adlandırmışdı, lakin "sakinlərdən soruşmalıyıq" kimi bir əlavə etmişdi.
2023-cü ilin fevral ayında keçirilən sorğuya görə, Volqoqrad sakinlərinin 67%-i şəhərin köhnə adının bərpası ideyasına qarşı çıxıb. Bu, insanların ideoloji mülahizələri deyil, şəhərin adının dəyişdirilməsi ilə bağlı xərcləri ödəmək istəməmələrilə əlaqədar olub. 2025-ci ildə "Stalinqrad"a qarşı çıxanların nisbəti hətta 72%-ə yüksəlib.
“AzPolitika.info”


Şərhlər