Menu

POLŞA AZƏRBAYCANLILARIN GÖZÜ İLƏ... - Yüksək maaş, karyera imkanları və “görünməyən” reallıqlar + MÜSAHİBƏ

14.10.2026, 08:54
POLŞA AZƏRBAYCANLILARIN GÖZÜ İLƏ... - Yüksək maaş, karyera imkanları və “görünməyən” reallıqlar + MÜSAHİBƏ

Vətənindən uzaqda yeni həyat qurmaq, başqa dilə, fərqli mədəniyyətə və yeni qaydalara uyğunlaşmaq heç də həmişə asan olmur. Daha yaxşı yaşayış şəraiti, təhsil və iş imkanları axtarışı bir çox azərbaycanlını Avropa ölkələrinə üz tutmağa sövq edir. Bu ölkələr arasında Polşa da son illərdə azərbaycanlıların maraq göstərdiyi istiqamətlərdən birinə çevrilib.

Polşaya gələn azərbaycanlıların bir qismi təhsil almağa, digərləri işləməyə, bəziləri isə burada uzunmüddətli həyat qurmağa üstünlük verir. Onların arasında universitetlərdə təhsil alan gənclər, müxtəlif sahələrdə çalışan əmək miqrantları, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar və ailələri ilə birlikdə yaşayanlar var.

Hər birinin bu ölkəyə gəlmək səbəbi fərqli olsa da, qarşılaşdıqları suallar çox vaxt oxşardır: Polşada iş tapmaq nə dərəcədə asandır, qazanc gündəlik xərcləri qarşılamağa kifayət edirmi, yerli cəmiyyətə uyğunlaşmaq nə qədər vaxt aparır və xaricdə yaşamaq gözləntiləri doğruldurmu?

Polşada yaşayan azərbaycanlılarla söhbətimizdə onların şəxsi təcrübələrini, gündəlik həyatını, iş və təhsil imkanlarını, eləcə də gələcək planlarını öyrənməyə çalışdıq.

Əli Əliyev: “Polşaya yalnız yüksək maaş ümidi ilə gəlmək düzgün deyil”

Əli Əliyev artıq 5 ilə yaxındır ki, Polşanın Varşava şəhərində yaşayır və bərbər kimi çalışır. O, bu müddət ərzində həm peşəsini inkişaf etdirib, həm də fərqli ölkələrdən olan müştərilərlə işləmək təcrübəsi qazanıb. Əlinin sözlərinə görə, Polşada insanın qazancı onun peşəsindən, təcrübəsindən və xərclərini necə idarə etməsindən asılıdır.

“Burada yaşamaq mənə peşəmi inkişaf etdirmək və gələcəyimi daha yaxşı planlaşdırmaq imkanı verib. Polşada yaşamağın Azərbaycanla müqayisədə mənim üçün ən böyük üstünlüyü əməyimin qarşılığını almaq və gələcəyimi planlaşdırmaq imkanımın olmasıdır. İnsan peşəsini düzgün seçib məsuliyyətlə işləyirsə, yaxşı qazanc əldə edə bilər”, – deyə Əli Əliyev bildirir.

Bununla belə, müsahibimiz xaricdə yaşamağın çətinliklərindən də danışır. Onun fikrincə, ailədən, dostlardan və doğma ölkədən uzaqda yaşamaqla yanaşı, dil baryeri də gündəlik həyatda ciddi problemlər yarada bilər: “Ən çətin tərəfi ailədən, dostlardan və doğma ölkəndən uzaqda olmaqdır. Digər böyük çətinlik isə dildir. Mən beş dil bilirəm, amma Polşada təxminən beş ildir yaşamağıma baxmayaraq, polyak dilini hələ də tam öyrənə bilməmişəm. Hazırda da “Polish Harmony” kursunda azərbaycanlı müəllimlərdən dərs alıram. Müxtəlif dilləri bildiyim üçün fərqli ölkələrdən olan müştərilərlə ünsiyyət qura bilirəm. Çünki müştəri bazam yalnız polyaklardan ibarət deyil”.

Polşada əldə olunan gəlirin normal yaşamaq və pul yığmaq üçün kifayət edib-etməməsi məsələsinə toxunan Əli Əliyev bunun fərdi vəziyyətdən asılı olduğunu deyir.

“Bu suala birmənalı cavab vermək çətindir. Burada 3–5 min zlotı qazanan da var, 15–20 min zlotı və daha çox qazanan da. Hər kəsin qazancı fərqlidir. Eyni zamanda, gəlirlə yanaşı, xərcləri də nəzərə almaq lazımdır. Əgər gəlirlə xərclər arasında düzgün nisbət varsa, pul qazanmaq və kənara yığmaq mümkündür. Əsas xərclər kirayə, ərzaq, kommunal xidmətlər, nəqliyyat və ailə ehtiyaclarıdır. Hər kəsin xərcləri fərqli olduğu üçün mənzərə də dəyişir. Özümə gəldikdə isə, pul yığa bilirəm”, – deyə müsahibimiz bildirir.

Müsahibimiz Azərbaycanla Polşa arasındakı fərqlərdən danışarkən əmək bazarına da diqqət çəkir: “Azərbaycanda universiteti bitirdikdən sonra iş tapa bilməyən çox insan var. Polşada isə fərqli sahələrdə işləmək və iş tapmaq imkanları mövcuddur. Əlbəttə, iş tapmaq həmişə asan deyil. Əsas məsələ işəgötürənin tələblərinə cavab verməkdir. Mənim üçün iki ölkə arasındakı əsas fərqlərdən biri budur”.

Polşada əcnəbi kimi yaşamağın müəyyən çətinlikləri olduğunu deyən Əli Əliyev xüsusilə sənədləşmə prosesini və dövlət səhiyyə xidmətlərinə çıxışı qeyd edir: “Əcnəbi olduğun üçün burada müəyyən çətinliklərlə qarşılaşırsan. Ən çox hiss olunan problemlər dil və sənədləşmə ilə bağlıdır. Bürokratiya da az deyil. Bəzən yaşayış kartı və ya başqa bir sənəd üçün bir-iki il gözləməli olursan”.

Onun sözlərinə görə, dövlət səhiyyə xidmətlərindən yararlanmaq da bəzən uzun müddət gözləməyi tələb edir: “Azərbaycanda olduğu kimi, dərhal həkimə gedib müayinə olunmaq burada həmişə mümkün deyil. Bəzi hallarda üç-beş ay əvvəldən növbə götürmək lazım gəlir. Söhbət dövlət səhiyyə xidmətlərindən gedir. Maddi imkanın varsa, özəl klinikaya müraciət edə bilərsən. Amma pulsuz xidmətlərdən yararlanmaq istəyirsənsə, bəzi müayinələr və həkim qəbulları üçün aylarla gözləməli olursan”.

Polşaya köçməyi planlaşdıran azərbaycanlılara tövsiyələrini də bölüşən Əli Əliyev hesab edir ki, yalnız yüksək maaş ümidi ilə ölkəni dəyişmək düzgün yanaşma deyil. Onun fikrincə, köçməzdən əvvəl əmək bazarını, yaşayış xərclərini və qanuni işləmək şərtlərini araşdırmaq lazımdır.

Nihat Mikayılzadə: “Polşada normal iş tapanda maaş Azərbaycandakından qat-qat yüksəkdir”

Nihat Mikayılzadə artıq 3 ildir ki, Polşada, Varşavada yaşayır. Son 4 aydır “Ryanair” şirkətində çalışan Nihatın sözlərinə görə, Varşava Bakı ilə müqayisədə nəqliyyat və kommunikasiya baxımından daha əlverişli, eyni zamanda daha sakit şəhərdir. Bununla belə, xaricdə yaşamağın çətinlikləri də az deyil. O, xüsusilə ilk vaxtlarda tənhalığın və dil baryerinin çətinlik yaratdığını deyir.

“Varşavanın Bakı ilə müqayisədə üstün cəhətləri nəqliyyat və kommunikasiya baxımından daha əlverişli olması, şəhərin daha səliqəli və sakit olmasıdır. Çətin tərəfinə gəldikdə isə, yəqin ki, hamının deyəcəyi kimi, tənhalıqdır. Xüsusilə ilk vaxtlarda ətrafında yaxınlarının, dostlarının olmaması özünü hiss etdirir”, – deyə Nihat bildirir.

Nihatın sözlərinə görə, Polşada əldə olunan gəlirdən müəyyən məbləği kənara qoymaq mümkündür. Ancaq bunun üçün yaşayış xərclərini, xüsusilə də kirayə haqqını nəzərə almaq lazımdır.

“Orta hesabla ayda 5–6 min zlotı xalis gəlir əldə edirəmsə, bunun müəyyən hissəsini kənara qoymaq, pul yığmaq mümkündür. Burada əsas xərc kirayədir. Xüsusilə Varşavada kirayə qiymətləri ildən-ilə artır və gəlirin əhəmiyyətli hissəsi buna gedir”, – deyə müsahibimiz qeyd edir.

Polşada iş tapmaq imkanlarından danışan Nihat hesab edir ki, əmək bazarında rəqabət var və yaxşı işə düzəlmək üçün həm dil bilikləri, həm də müəyyən bacarıqlar tələb olunur. Bununla belə, Nihatın fikrincə, uyğun iş tapdıqdan sonra əməkhaqqı baxımından Polşada daha yaxşı imkanlar əldə etmək mümkündür.

Nihat Polşada yaşamağa başladığı ilk dövrlərdə ən çox dil səbəbindən çətinlik çəkdiyini deyir. Onun sözlərinə görə, zaman keçdikcə yerli insanlarla ünsiyyət qurmaq və onların dediklərini anlamaq asanlaşır. Bununla yanaşı, yaşayış icazəsi ilə bağlı prosedurlar da müəyyən çətinliklər yarada bilər.

Polşada yaşamağın üstünlüklərindən danışan Nihat burada olmağın ona Avropanın digər ölkələrinə daha rahat səyahət etmək və müxtəlif imkanlardan yararlanmaq baxımından üstünlük verdiyini düşünür.

Nihat Polşaya gəlməyi planlaşdıran azərbaycanlılara əvvəlcədən dil öyrənməyi və ölkədə işləmək üçün tələb olunan şərtləri araşdırmağı məsləhət görür.

Əli İlyasov: “İnsan özünü inkişaf etdirməyə çalışmalıdır”

26 yaşlı Əli İlyasov artıq 2 il yarımdır ki, Polşada yaşayır və logistika şirkətində çalışır. Onun sözlərinə görə, Polşada hətta minimum əməkhaqqı ilə də xərcləri düzgün planlaşdırmaq şərtilə normal həyat yaşamaq mümkündür. Bununla belə, Əli hesab edir ki, xaricdə yaşayan insan yalnız pul qazanmağa deyil, özünü inkişaf etdirməyə və gələcək üçün peşəkar təcrübə toplamağa da diqqət yetirməlidir.

“Polşada qazandığımız pulla normal həyat yaşamaq mümkündür. Məsələn, minimum əməkhaqqını nəzərə alsaq, bu pulla normal şəraitli evdə, hətta studiya mənzildə yaşamaq və qalan pulla digər ehtiyaclarımızı qarşılamaq mümkündür. Əsas xərc kirayədir. Ərzaq nisbətən ucuzdur, səyahət etmək də burada o qədər çox xərc tələb etmir”, – deyə Əli İlyasov bildirir.

Əli İlyasovun fikrincə, iş tapmaq, təhsil almaq və gələcək qurmaq baxımından Polşanın Azərbaycandan fərqli imkanları var. O, bunu ölkənin iqtisadi inkişafı və sənaye potensialı ilə əlaqələndirir: “Polşa iş tapmaq, təhsil almaq və gələcək qurmaq baxımından daha geniş imkanlar təqdim edir. Çünki Polşa Avropanın sənaye mərkəzlərindən biridir, iqtisadiyyatı sürətlə inkişaf edir. Həmçinin Avropada logistika anbarlarının sayına görə ön sıralarda olan ölkələrdən biridir. Azərbaycanla müqayisədə əsas fərqlərdən biri də budur. Qısaca desəm, Azərbaycanda istehsal sahəsi kifayət qədər inkişaf etməyib”.

Əli Polşada gündəlik həyatında ciddi problemlərlə qarşılaşmadığını və əcnəbi olduğuna görə xüsusi çətinlik yaşamadığını deyir. O, polyaklara qarşı münasibətdə tez-tez səsləndirilən irqçilik ittihamları ilə də razılaşmır: “Polşada gündəlik həyatda heç bir problemlə qarşılaşmıram. Əcnəbi olduğuma görə də hər hansı çətinlik yaşamamışam. Bəzən polyakları irqçilikdə ittiham edirlər, amma mən bu fikirlə razı deyiləm. Məncə, polyaklar səmimi və istiqanlı insanlardır”.

Əli hesab edir ki, yerli cəmiyyətə uyğunlaşmaq üçün ölkənin dilinə və mədəniyyətinə maraq göstərmək vacibdir: “Bəzən insanlar burada uzun müddət yaşayırlar, amma polyak dili və mədəniyyəti haqqında heç nə öyrənmirlər, buna maraq da göstərmirlər. Belə olduğu halda yerli insanlardan soyuq münasibət görmələri təəccüblü deyil. Mən bu münasibəti avtomatik olaraq irqçilik adlandırmazdım. İnsan yaşadığı ölkənin dilinə və mədəniyyətinə hörmətlə yanaşmalıdır”.

Əli İlyasov Polşa ilə Azərbaycan arasındakı fərqlərdən danışarkən xüsusilə insanlar arasındakı münasibətlərə və nəzakətə diqqət çəkir. Onun fikrincə, Polşada insanlar arasında qarşılıqlı hörmət daha çox nəzərə çarpır.

“Polşada yaşadıqdan sonra Azərbaycanla bağlı müəyyən fərqləri daha çox hiss etmişəm. Ən çox diqqətimi çəkən isə nəzakətdir. Burada insanlar bir-biri ilə nəzakətlə davranırlar. Azərbaycanda isə bəzən nəzakət zəiflik kimi qəbul edilir. İnsanlara sırf insan olduqları üçün hörmət etmək əvəzinə, bəzən əvvəlcə onların vəzifəsinə, mövqeyinə və sosial təbəqəsinə baxılır. Məncə, Polşada insanlar bir-birinə daha çox insan olduqları üçün hörmət edirlər”, – deyə Əli qeyd edir.

Əli həmçinin hesab edir ki, insanın xaricdə keçirdiyi illərin nəticəsi yalnız qazandığı pulla ölçülməməlidir. Onun fikrincə, uzun müddət eyni işlə məşğul olub yeni bacarıqlar qazanmamaq gələcəkdə seçim imkanlarını məhdudlaşdıra bilər.

“Tutaq ki, bir insan Polşaya gəlir və üç-beş il taksi sürücüsü işləyir. Beş ildən sonra onun müəyyən qədər pulu olur, amma başqa sahədə təcrübəsi olmur. Həmin pulla dönərxana və ya restoran açmaq istəyə bilər. Ancaq heç vaxt işləmədiyin, təcrübən olmayan bir sahəyə bütün pulunu yatırmaq risklidir. Bu işi bacarmasan, yenidən əvvəlki vəziyyətinə qayıtmalı və başqa işdə çalışmağa başlamalı olacaqsan”, – deyə müsahibimiz izah edir.

Əli İlyasovun fikrincə, xaricdə yaşayan insanlar maddi qazancı yeganə məqsədə çevirməkdənsə, yeni biliklər əldə etməyə, peşəkar bacarıqlarını artırmağa və gələcək üçün təcrübə toplamağa üstünlük verməlidirlər.

Elvin Bəyməmmədli

Varşavadan "AzPolitika.info" üçün

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol