Menu

KİRAYƏ MƏNZİLLƏR BAHALAŞIR... - Tələbələri qarşıda nə gözləyir? + RƏY

14.10.2026, 09:26
KİRAYƏ MƏNZİLLƏR BAHALAŞIR... - Tələbələri qarşıda nə gözləyir? + RƏY

Yeni tədris ilinin başlaması ilə Bakıda kirayə mənzil bazarında tələbə axını fonunda mövsümi canlanma müşahidə olunur. Xüsusilə metro stansiyalarına və ali təhsil müəssisələrinə yaxın ərazilərdə 1 və 2 otaqlı mənzillərə tələbin artması kirayə qiymətlərinə təsir göstərir. Tələbin yüksəlməsi və münasib mənzil təklifinin məhdud olması tələbələr üçün kirayə axtarışını çətinləşdirir. Qarşıdakı aylarda bazarda qiymət artımının davam edib-etməyəcəyi isə əsas müzakirə mövzularından biridir.

Tələbə axınının artması Bakıda kirayə mənzillərin qiymətlərini nə qədər yüksəldə bilər və bu bahalaşmanın qarşıdakı aylarda davam etməsi gözlənilirmi? Tələbələr daha münasib qiymətə kirayə mənzil tapmaq üçün Bakının hansı ərazilərinə üstünlük verə bilərlər?


Mövzu ilə əlaqədar əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “AzPolitika”ya açıqlamasında bildirib ki, mənzil bazarında mövsümi canlanma artıq səngiməyə başlayıb.

Onun sözlərinə görə, adətən sentyabr ayında müşahidə olunan qiymət artımı və tələbin yüksəlməsi oktyabrın əvvəlindən etibarən zəifləyib, hazırda isə bazarda sabitləşmə meyilləri görünür.

Ekspert qeyd edib ki, ötən dövr ərzində mənzil qiymətləri təxminən 10-11 faiz artıb. Lakin hazırda əvvəlki qiymət artımları müşahidə olunmur və bazarda tələb də əvvəlki səviyyədə deyil. Müraciətlər davam etsə də, alıcı fəallığı azalıb: “Oktyabr ayı üzrə göstəriciləri daha dəqiq təhlil etmək üçün qarşıdakı bir həftənin nəticələrini gözləmək lazımdır. Sentyabrda həm qiymətlərdə, həm də müraciətlərin sayında ciddi artım qeydə alınıb. Oktyabrın əvvəlindən etibarən isə tələbdə tədricən azalma baş verib və bazarda sabitləşmə müşahidə olunmağa başlayıb”.

Qiymətlərin ümumi dinamikasına toxunan ekspert təəssüflə qeyd edib ki, Bakıda mənzil bahalaşması davam edir: “Bunun əsas səbəblərindən biri şəhərsalma tədbirləri nəticəsində köhnə yaşayış fondunun sürətlə azalmasıdır. Bu proses daha ucuz mənzillərin təklifini azaldır və bazarda münasib qiymətli mənzil portfelinin məhdudlaşmasına gətirib çıxarır”.

Ekspert vurğulayıb ki, bu tendensiya təkcə mövsümi amillərlə bağlı deyil. Son bir neçə ildə mənzil təklifinin azalması səbəbindən qiymət artımları ilboyu müşahidə olunur: “Şəhərsalma tədbirləri nəticəsində müəyyən dövrlərdə bazara yeni alıcılar da daxil olur. Bu isə əlavə tələb yaradır, müraciətlərin sayını artırır və hətta mövsümi fəallığın zəif olduğu dövrlərdə belə qiymət artımlarına səbəb olur”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol