Menu

Azərbaycanda kredit tarixçəsi olmayan şəxslərin kredit riski belə qiymətləndiriləcək - YENİ MODEL

13.10.2026, 15:12
Azərbaycanda kredit tarixçəsi olmayan şəxslərin kredit riski belə qiymətləndiriləcək - YENİ MODEL

Azərbaycanda kredit tarixçəsi olmayan şəxslərin kredit riskinin bank kartları vasitəsilə həyata keçirdikləri əməliyyatlar əsasında qiymətləndirilməsi üçün yeni skorinq modeli hazırlanıb.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bunu "Azericard" MMC prosessinq mərkəzinin baş direktorunun müavini Zakir Əhmədov Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə bu gün keçirilən "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" çərçivəsində baş tutan tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda insanların təxminən 43 %-nin kredit tarixçəsi var, qalanlarının isə müxtəlif səbəblərdən kredit tarixçəsi formalaşmayıb.

"Bununla belə, həmin şəxslərin bank kartları var və onlar kartlar vasitəsilə müxtəlif əməliyyatlar həyata keçirirlər. Bu əməliyyatlar əsasında onların gəlirləri, xərcləri və vəsaitlərini əsasən hansı istiqamətlərə sərf etdikləri barədə kifayət qədər ətraflı məlumat əldə edə bilirik.

Bu istiqamətdə bir neçə layihə həyata keçirmişik. Sonuncu layihəni "Mastercard" şirkəti birgə icra etmişik. Şirkətin təcrübəsindən və bizim məlumatlarımızdan istifadə etməklə model hazırlamışıq. Model artıq hazırdır və ictimaiyyətə təqdim olunacaq", - deyə o bildirib.

Z. Əhmədov qeyd edib ki, model Şepli (SHapely Additive exPlanations, SHAP) adlanan yanaşmaya əsaslanır. Bu metod ayrı-ayrı amillərin yekun nəticəyə təsirini müəyyənləşdirmək üçün istifadə olunur. Məsələn, futbol sahəsində hücum zamanı hər bir oyunçunun qolun vurulmasına verdiyi töhfəni qiymətləndirməyə imkan verir.

"Biz bu yanaşmanı kredit skorinqinə tətbiq etmişik. Məqsədimiz müştərinin etibarlı və ya riskli borcalan kimi qiymətləndirilməsinə hansı amillərin təsir etdiyini müəyyənləşdirməkdir.

Bu amillərə əvvəlki gecikmələr, mövcud kreditlərin sayı, gəlir, yaş, cins və digər göstəricilər daxil ola bilər. Əsas məsələ müştərinin maliyyə davranışının hansı xüsusiyyətlərinin kredit öhdəliklərini vaxtında yerinə yetirməsi ilə əlaqəli olduğunu müəyyən etməkdir.

Aparılan təhlil nəticəsində təxminən 1 350 göstərici əsasında 56 əsas amil müəyyənləşdirilib. Bu amillər əsasında bütün müştərilərə tətbiq oluna bilən skorinq modeli formalaşdırılıb. Məsələn, hesabda kifayət qədər vəsaitin olmamasının və digər əməliyyatların müştərinin kredit riskinə necə təsir etdiyi qiymətləndirilir", - deyə "Azericard"ın baş direktorunun müavini vurğulayıb.

O əlavə edib ki, kredit riskinə mənfi təsir göstərə bilən amillərdən biri də gecə saatlarında aparılan əməliyyatlardır.

"Təhlillərimizə görə, gecə saatlarında əməliyyatlar aparan şəxslər arasında kredit ödənişlərinin gecikdirilməsi riski daha yüksək ola bilər", - deyə Z. Əhmədov bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol