Zaqatala rayonunda 2 nəfərin ölümünə səbəb olan qəza törətmiş sürücüyə hökm oxunub.
“AzPolitika” "Qafqazinfo"ya istinadla xəbər verir ki, 41 yaşlı Fəryad İbrahimov barəsindəki məhkəmə prosesi başa çatıb.
Bildirilib ki, hadisə günü F.İbrahimov “Kia Ceed” markalı avtomobillə rayonun Muğanlı kəndində yol kənarında dayanmış “VAZ 2106” markalı maşınla toqquşub. Nəticədə, maşının yanında dayanmış 1966-cı il təvəllüdlü Hüseyn Əliyev aldığı zərbədən hadisə yerində ölüb. “VAZ”da sərnişin qismində olan onun həyat yoldaşı 1977-cı il təvəllüdlü Xalidə Əliyeva isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı əvvəlcə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə iş başlansa da, sonradan 263.2-ci maddəyə tövsif edilib. Məlumata görə, Fəryad İbrahimov zərərçəkmiş tərəfin tələb etdiyi məbləği onların bank hesabına qoyaraq, barışığa nail olub.
Məhkəmə sürücünü 263.2-ci maddə üzrə təqsirli bilib. Ona 2 il sürücülük hüququndan məhrum edilməklə 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Cəzanın məntəqə tipli müəssisədə çəkilməsi qeyd edilib.
Xatırladaq ki, məntəqə tipli müəssisələrdə cəza çəkən məhkumların oranı tərk etməsinə bəzi hallarda icazə verilir.


Şərhlər