Menu

“Sabah” Çempionlar Liqasında ilk xalını qazana biləcəkmi? - "Oyunun taleyini kiçik detallar həll edəcək"

13.10.2026, 14:56
“Sabah” Çempionlar Liqasında ilk xalını qazana biləcəkmi? - "Oyunun taleyini kiçik detallar həll edəcək"

Məlum olduğu kimi, bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turuna start veriləcək.

Azərbaycan çempionu “Sabah” da turnirdə ilk ev oyununa çıxacaq. Təmsilçimiz Çexiyanın “Slaviya” klubunu qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı avstriyalı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, ilk turda “Sabah” səfərdə “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzub. “Slaviya” isə öz meydanında “Lans”a 2:3 hesabı ilə məğlub olub.

İdman mütəxəssisi Aslan Kərimov “Sabah” – “Slaviya” qarşılaşması ilə bağlı fikirlərini "AzPolitika" ilə bölüşüb.

Onun sözlərinə görə, Azərbaycan futbolu üçün Çempionlar Liqasının himninin səslənəcəyi belə bir oyuna şahidlik etmək əhəmiyyətlidir. Kərimov qarşılaşmanın maraqlı və gərgin keçəcəyini gözləyir.

“Çempionlar Liqasının Liqa mərhələsində artıq zəif rəqib anlayışı yoxdur. Bu turnirdə “Barselona”, “Real Madrid”, “Mançester Yunayted”, Dortmund “Borussiya”sı və “Bavariya” kimi komandalar mübarizə aparır. Bu komandalarla müqayisədə “Slaviya” ilə oynamaq və ondan xal almaq mümkündür. “Sabah” “Mançester Yunayted”lə qarşılaşmada da göstərdi ki, belə nəhəng rəqiblərə qarşı qol imkanları yarada bilir. Təəssüf ki, həmin şansları reallaşdırmaqda çətinlik çəkdik. Düşünürəm ki, bu oyunda komandaların şansları bərabərdir. Hər iki tərəf rəqibə xal qazanmaq baxımından real imkan kimi yanaşır. Həm “Sabah”, həm də “Slaviya” bu qarşılaşmadan xal götürə biləcəklərini düşünürlər. Bu, bizim üçün əlçatan görünür, amma asan olmayacaq", - deyə o qeyd edib.

Ekspert rəqibin üstün cəhətlərindən birinin pressinq olduğunu bildirib: 

"Mənə elə gəlir ki, “Sabah” daha çox topa sahib olmağa, oyuna nəzarət etməyə və onun gedişatını müəyyənləşdirməyə çalışacaq. “Slaviya” isə daha ehtiyatlı oynaya bilər. Onlar meydanın mərkəzində, ikinci zonada bizi qarşılamağa və aqressiv pressinq vasitəsilə topu ələ keçirməyə çalışacaqlar. Bundan sonra komandamızın müdafiədə yarana biləcək dağınıq vəziyyətindən istifadə edərək qol imkanları yaratmaq istəyəcəklər. “Slaviya” Çempionlar Liqasının ilk turunda “Lans”la oyunda da təxminən bu strategiyanı seçmişdi və bu, kifayət qədər uğurlu alınmışdı. Qırmızı vərəqədən sonra çətinlik çəksələr də, 90-cı dəqiqəyə qədər hesabda öndə idilər. Rəqibini 2:1 hesabı ilə məğlub edirdilər. Yalnız son dəqiqələrdə iki qol buraxaraq uduzdular. Bu, onu göstərir ki, “Slaviya” aqressiv müdafiə oluna bilən, topu ələ keçirdikdən sonra əks-hücumlar zamanı qol imkanları yaradan komandadır".

İdman mütəxəssisi "Sabah"ın şanslarını belə dəyərləndirib:

“Sabah”ın üstün tərəfi futbolçularının sürətli olması, hücuma meyilli və iti oynamağı bacaran oyunçularının çoxluğudur. Heyətin necə olacağını dəqiq bilmirəm, amma, məsələn, Elipinitsa, Umar Əli və İsayev kimi futbolçuların hər biri fərdi keyfiyyətləri hesabına rəqib müdafiəsini yarmağı, qol imkanları yaratmağı və hücumçulara dəstək olmağı bacarır. Bütün bunları nəzərə alsaq, bu qarşılaşmada hər iki komandanın şanslarının təxminən bərabər olduğunu demək olar".

"Məncə, oyunun taleyini kiçik detallar həll edəcək. Bu detallardan biri azarkeş dəstəyi, digəri isə doğma meydanda oynamağımız ola bilər. Bunlar “Sabah”a rəqib üzərində müəyyən üstünlük qazandıra bilər. Ancaq bu amillərin təsiri çox böyük olmaya da bilər və hücumların təşkilində gözlə görünəcək dərəcədə hiss edilməyə bilər. Ona görə də hər iki komandanın şanslarını bərabər qiymətləndirirəm. Konsentrasiya, futbolçuların buraxacaqları kiçik və ya taktiki səhvlər həlledici rol oynaya bilər, - deyə mütəxəssis qeyd edib.

E. Bəyməmmədli

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol