2027-ci il dövlət büdcəsi layihəsində dəfn müavinətinin orta məbləğinin 1200 və 700 manata çatdırılması nəzərdə tutulur. Bu rəqəmlərin açıqlanması vətəndaşlar arasında dəfn müavinətinin də artırılacağı ilə bağlı gözləntilər yaradıb. Lakin burada mühüm bir məqam var: büdcədə göstərilən orta məbləğin yüksəldilməsi heç də hər bir vətəndaşa ödənilən müavinətin həmin rəqəmlərə çatdırılması demək deyil. Bəs 1200 və 700 manat konkret ödəniş məbləğidir, yoxsa dövlət büdcəsinin xərcləri üzrə proqnoz göstəricisidir? Dəfn müavinətinin artırılması üçün ayrıca qərar və ya qanun dəyişikliyi tələb olunurmu?
Mövzunu "Azpolitika" ya şərh edən iqtisadçı Xalid Kərimli bildirib ki, burada söhbət proqnoz göstəricisindən getmir:
"Qeyd olunan 1200 və 700 manat müavinətlərin məbləğinin artırılmasını nəzərdə tutur. Yəni bu vəsaitlər ümumi büdcə xərclərinin artımı deyil, hər bir şəxsə görə ödənilən dəfn müavinətinin yüksəldilməsidir. Müvafiq artımın qanunvericiliklə təsdiqlənməsi gözlənilir. Bunun üçün hökumət tərəfindən müvafiq qanunvericilik aktları və qərarlar hazırlanmalıdır. Hazırda vətəndaş ölüm hadisəsi baş verdikdə dəfn müavinətinin alınması üçün dövlətə müraciət edir. Növbəti ildən isə yeni məbləğlərin tətbiqi nəzərdə tutulur".

İqtisadçının sözlərinə görə, burada əsas məqam ondan ibarətdir ki, söhbət gələn il ölüm hallarının sayının artacağı ilə bağlı büdcə proqnozundan getmir. Əksinə, hər bir vətəndaşın dəfni üçün ödənilən müavinətin məbləğinin artırılması nəzərdə tutulur.
Müşviq Tofiqoğlu
Azpolitika.info


Şərhlər