Azərbaycan Mərkəzi Bankı istehlak krediti götürən fiziki şəxslərin işsizlikdən sığortalanması ilə bağlı yeni mexanizm hazırlayır.
"AzPolitika" xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) baş direktoru Şahin Mahmudzadə 2026-cı ilin birinci yarısının yekunlarına dair Maliyyə Sabitliyi Hesabatının təqdimatında jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
Yeni mexanizmə əsasən, banklar kredit götürən müştərilərə işsizlikdən sığorta təklif edəcəklər. Lakin bu sığortadan istifadə məcburi olmayacaq və qərarı müştərilərin özləri verəcəklər.
AMB rəsmisi qeyd edir ki, burada əsas məqsəd iş yerini itirən borcalanların kredit öhdəliklərini yerinə yetirməsinə dəstək göstərmək və bankların kredit risklərini azaltmaqdır. Yeni mexanizm çərçivəsində işsizliyin müxtəlif səbəbləri ilə bağlı sığorta təminatı nəzərdə tutulur.
Müştəriləri yeni sığorta məhsulunu almağa stimullaşdırmaq üçün müəyyən addımlar da nəzərdə tutulur. Bura ilk növbədə işsizlikdən sığortalanmış şəxslərə kreditlərin daha aşağı faizlə verilməsi aiddir. İşsizlikdən sığorta haqqının məbləği isə bazarın tələbi əsasında müəyyənləşəcək.
Onun sözlərinə görə, bu, risk amili ilə bağlıdır: “Necə ki, həyat sığortasında yaşlı insanların ölüm ehtimalı daha yüksək olduğundan sığorta haqqı da fərqlənir, eyni yanaşma burada da tətbiq oluna bilər. Yəni müəyyən seqmentlərdə işsiz qalma ehtimalı daha yüksəkdirsə, həmin sahələr üzrə sığorta haqqı da daha yüksək ola bilər. Lakin qiymətlərin formalaşmasında bazar mexanizmləri əsas rol oynayır”.
Bəs işsizlikdən sığortalanma borcalanlara hansı üstünlükləri verəcək və bu mexanizmin onlar üçün əlavə xərcləri nə qədər olacaq?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "AzPolitika"ya açıqlamasında bildirib ki, ilk növbədə, sığortanın könüllü, yoxsa icbari olacağı məsələsi tam aydınlaşdırılmalıdır: “Əslində, bu sığorta könüllü olmalıdır, icbari olmamalıdır. İkinci məsələ isə ondan ibarətdir ki, bu mexanizmlə bağlı yalnız xarici təcrübəyə əsaslanaraq fikir söyləyə bilərəm. Xarici ölkələrdə kredit götürən şəxslərin işsizlikdən sığortalanması necə həyata keçirilir? İlk növbədə, aydın məsələdir ki, vətəndaş bu sığortaya görə sığorta şirkətinə sığorta haqqı ödəməli olacaq. Yəni bu, pulsuz deyil. Digər sığorta növlərində olduğu kimi, bunun da müəyyən haqqı olacaq. Həmin məbləğin nə qədər olacağı barədə isə hələlik məlumat yoxdur. Deməli, vətəndaş kredit götürərkən əlavə xərc çəkməli olacaq”.
Bəs vətəndaş bunun müqabilində nə əldə edir? Şəxs işsiz qaldığı halda sığorta şirkəti onun kredit öhdəliyini qarşılayacaq. Lakin xarici təcrübədən bildiyimə görə, işsiz qalmaq avtomatik olaraq kreditin bütün qalıq məbləğinin sığorta şirkəti tərəfindən ödənilməsi demək deyil. Adətən, belə sığorta müəyyən müddəti əhatə edir. Məsələn, bu müddət üç və ya altı ay ola bilər. Tutaq ki, vətəndaş üçillik kredit götürüb və kreditin altıncı ayında işsiz qalıb. Bu, o demək deyil ki, sığorta şirkəti kreditin qalan iki il altı aylıq öhdəliyini tamamilə üzərinə götürəcək. Xarici təcrübədə də belə deyil. Azərbaycanda tətbiq ediləcək mexanizmdə də vəziyyətin oxşar olacağını ehtimal etmək olar”.
Ekspert qeyd edib ki, xarici təcrübə göstərir ki, belə sığortadan yararlanmaq üçün kifayət qədər sərt tələblər müəyyən edilir: “Məsələn, şəxsin iş stajı və digər şərtlər nəzərə alınır. İşsiz qalma səbəbi də əhəmiyyətlidir. Əgər şəxs öz ərizəsi ilə işdən çıxıbsa və ya yol verdiyi pozuntulara görə işdən azad edilibsə, bir qayda olaraq, belə hallarda sığorta ödənişi həyata keçirilmir. Yəni sığorta bütün işsizlik hallarını əhatə etmir. Məsələn, müəssisə bağlandığına, müflis olduğuna və ya işçi ixtisara düşdüyünə görə şəxs işini itiribsə, sığortadan yararlana bilər. Amma öz ərizəsi ilə işdən çıxıbsa və ya əmək intizamını pozduğuna görə işdən azad edilibsə, sığorta həmin şəxsə şamil olunmaya bilər. Azərbaycanda tətbiq ediləcək mexanizmin də hansı şərtləri əhatə edəcəyi hələlik məlum deyil. Buna görə də sığortanın vətəndaşlar üçün nə dərəcədə faydalı olacağını qiymətləndirmək üçün onun qiyməti, ödəniş müddəti və sığorta şərtləri açıqlanmalıdır”.
E. Bəyməmmədli
"AzPolitika.info"


Şərhlər