Menu

5 ölkədən Ukraynaya qış paketi - Hərbi və iqtisadi yardım göstəriləcək...

27.10.2026, 09:46
5 ölkədən Ukraynaya qış paketi - Hərbi və iqtisadi yardım göstəriləcək...

Avropanın ən böyük müdafiə büdcələrinə malik beş ölkəsinin – Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransa (E5 qrupu) müdafiə nazirləri Parisdə keçirilən görüşün yekununda Ukrayna üçün yeni "kış yardım paketi" üzrə razılığa gəliblər.

"AzPolitika" xəbər verir ki, E5 ölkələrinin müdafiə idarələrinin rəsmi internet saytlarında dərc olunan birgə bəyanatda Rusiya Avropa-Atlantik təhlükəsizliyi və sabitliyi üçün ən acil və uzunmüddətli təhdid olaraq xarakterizə edilib.

Almaniyanın müdafiə naziri Boris Pistorius Parisdəki toplantıdan sonra verdiyi açıqlamada bildirib: "Ukraynaya dəstəyimizin bir hissəsi olaraq 'qış yardım paketləri' hazırladıq". "DPA" agentliyinin məlumatına görə, E5 ölkələri ABŞ-nin Ukrayna ərazisinə hərbi materiallar, həmçinin hər şeydən əvvəl kəşfiyyat və peyk məlumatları ilə dəstəyini davam etdirməsini təmin etmək üçün hər şeyi edəcəklər.

B.Pistorius onu da açıqlayıb ki, "Patriot" və mövcud digər sistemlərə əlavə olaraq, yeni hava hücumundan müdafiə sisteminin işlənib hazırlanması məqsədilə beş ölkənin nümayəndələri Ukrayna tərəfi ilə birgə çalışırlar.

Toplantı iştirakçıları tərəfdaş ölkələrə Kiyevə verilən dəstəyi gücləndirmək çağırışı ediblər. NATO Baş katibinin müavini Radmila Şekerinska qeyd edib: "Və bu, dərhal edilməlidir. Axı hər gecə Rusiyanın təzyiqi demək olar ki, hər bir Ukrayna şəhərində hiss olunur".

E5 nazirlərinin birgə bəyanatında Avropanın öz təhlükəsizliyi üçün daha böyük məsuliyyət daşımalı olduğu vurğulanıb. Sənəddə deyilir: "Bu əlavə məsuliyyət NATO daxilində Avropa müttəfiqlərinin rolunun genişləndirilməsi ilə başlamalıdır". Eyni zamanda, sənəddə Amerika Birləşmiş Ştatlarının E5 ölkələrinin "əvəzedilməz müttəfiqi" olaraq qaldığı və qalacağı da qeyd edilib.

Açıqlamada ölkələr Ukraynaya dəstək vermək əzmində sarsılmaz olduqlarını təsdiqləyiblər: "Ukraynanın həm indi, həm də gələcəkdə özünü müdafiə etmək qabiliyyəti Avropa-Atlantik kollektiv təhlükəsizliyi üçün müstəsna əhəmiyyət kəsb edir".

E5 ölkələri Ukraynanın "etibarlı təhlükəsizlik zəmanətləri ilə dayanıqlı sülhə nail olmaq" səylərini dəstəkləyir, həmçinin ölkəyə hərtərəfli siyasi, hərbi və maliyyə yardımı göstərilməsini zəruri hesab edirlər.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol