Rusiya qüvvələri ötən gecə Kiyevə növbəti dəfə ballistik raketlərlə zərbələr endirib. Dağıntılar və insan tələfatı var.
“AzPolitika” xəbər verir ki, bu barədə sosial mediada məlumatlar və görüntülər yayımlanıb.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, hücum nəticəsində azı bir nəfər ölüb, 10 nəfər yaralanıb. Qurbanların əksəriyyəti Desnyanski rayonundakı yataqxanada yaşayan tələbələr olub.
Rusiyanın hücumunun hədəflərindən biri yenidən Kiyevin Dnepr çayı üzərindəki əsas körpülərindən olan Cənub körpüsü olub. Kiyev Şəhər Dövlət Administrasiyasının məlumatına görə, körpü və onun üzərində yerləşən metro infrastrukturu zədələnib. Körpüdə nəqliyyatın hərəkəti tamamilə dayandırılıb, metronun qırmızı və yaşıl xətlərində hərəkət məhdudlaşdırılıb.
Cənub körpüsü əvvəllər də dəfələrlə Rusiya qüvvələri tərəfindən atəşə məruz qalıb. Sonuncu dəfə isə körpüyə 22 oktyabrda zərbələr endirilib. Rusiya Müdafiə Nazirliyi hücumları təsdiqləyərək, Kiyevdəki körpünün guya "qoşunların hərəkətində və Donbasdakı Ukrayna Silahlı Qüvvələri üçün hərbi yüklərin çatdırılmasında" iştirak etdiyini bildirib.
Ötən axşam Rusiya qüvvələri Xarkovun Novobavarski rayonundakı yaşayış massivinə də zərbələr endirib. Nəticədə şəxsi və çoxmərtəbəli yaşayış binalarına, uşaq təhsil müəssisəsinə, özəl müəssisələrə və nəqliyyat vasitələrinə ziyan dəyib. Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, iki nəfər ölüb, dörd nəfər yaralanıb.
Kiyevə ballistik raket hücumu fonunda Ukrayna Prezidenti Volodimir Zelenski tərəfdaşlar tərəfindən hava hücumundan müdafiə raketlərinin çatdırılmasında gecikmələrin qəbuledilməz olduğunu bəyan edib. Ukrayna lideri deyib: “Məhz bu şəraitdə, təhdidin daimi olduğu, istənilən vaxt, hətta şəhər və kəndlərə qarşı zərbələrin endirilə biləcəyi bir vaxtda Ukrayna üçün hava hücumundan müdafiə sistemlərində süni gecikmələr terrorizmə şərait yaradır". Qeyd edək ki, Zelenski ötən gün ABŞ administrasiyasını, xüsusilə də Pentaqon başçısı Pit Heqseti müqavilə ilə haqqı ödənmiş HHM sistemlərinin çatdırılmasını yubatmaqda ittiham edib.
Bundan öncə isə Ukraynanın yüksək vəzifəli rəsmiləri "The Economist"ə bildiriblər ki, Rusiya qış gəlməzdən əvvəl Kiyevi iflic etməyi planlaşdırır. Ondan ötrü ki, ictimai gərginlik maksimum dərəcədə artsın və Ukraynadakı siyasi vəziyyət pozulsun. Onlar iddia edirlər ki, bu məqsədlə Vladimir Putin Ukrayna paytaxtındakı bütün mülki hədəflərə hücum əmri verib.
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər