Son illərdə elm və texnologiyanın inkişafı sayəsində laboratoriya şəraitində yeni məhsulların əldə edilməsi prosesi getdikcə təkmilləşir və sürətlənir. Tarixi baxımdan bu cür xüsusi əhəmiyyət daşıyan proses kimi Çində süni yolla əldə edilən almaz istehsalını nümunə çəkə bilərik. Biz bu prosesə təkcə hansısa yeni məhsulun meydana çıxması kimi yox, həmçinin nadir tapılan qiymətli təbii daşın sosial-iqtisadi statusuna necə zərbə vurulması kimi baxmalıyıq.
Süni almaz deyəndə, elə düşünülməsin ki, o, mədənlərdən hasil edilən təbii almazdan keyfiyyət baxımından geri qalır. Əksinə, bu almaz yüz faiz saf karbondan ibarətdir və Mohs şkalasına görə ən yüksək bərkliyə malikdir. Laboratoriya şəraitində hazırlanmasına baxmayaraq, süni almaz sadəcə təbii almazın oxşarı və ya ona bənzəyən daş deyil, öz kimyəvi və fiziki parametrlərinə görə təbii almazla eynidir.
İlkin istehsal dövründə azot qarışıqları səbəbindən süni almazlarda sarımtıl və ya qəhvəyi çalarlar qalırdısa, prosesin təkmilləşdirilməsi nəticəsində artıq bu problem böyük ölçüdə həll olunub. Xüsusi təmizləmə texnologiyasının tətbiqi sayəsində laboratoriyada təbiətdə çox nadir hallarda rast gəlinən ən yüksək rəngsizlik və eyni zamanda tam qüsursuzluq dərəcəsinə çatdırılmış almazların kütləvi istehsalı həyata keçirilir.
Məlumdur ki, bəşəriyyət öz tarixi boyunca bəzi materiallara sadəcə nadir tapıldıqları üçün yüksək dəyər vermiş, onları əlahiddə statusa, rəmzə çevirmişdir. Böyük önəmə sahib olmuş almaza həmişə təbiətin möcüzəsi kimi yanaşmışlar. Almaz öz kimyəvi xüsusiyyətinə görə kristal qəfəsə malikdir və karbon elementinin allotropik şəkildəyişməsidir. O, Yerin təxminən 200 kilometr dərinliklərində milyard il öncə güclü təzyiq və yüksək temperatur şəraitində meydana gəlib. Amma əgər bu gün elmi-texniki tərəqqi sayəsində laboratoriya şəraitində təbiətin milyard il öncə etdiyini cəmi bir neçə həftəyə reallaşdıran texnologiyalar fiziki, kimyəvi və optik baxımdan onun tamamilə eynisini yarada bilirsə, deməli, onun “təbii” olması əvvəlki önəmini və müstəsnalığını itirməyə başlayır. Müasir texnologiya süni almazı iki üsulla əldə edir.
Birincisi – HPHT (High Pressure High Temperature – Yüksək Təzyiq və Yüksək Temperatur). Bunu həyata keçirmək üçün nəhəng hidravlik preslər vasitəsilə xüsusi germetik kamerada 50-60 min atmosfer təzyiq və 1500 Selsi dərəcə temperatur yaradılır və karbon qrafiti bir neçə gün belə şəraitdə saxlanılır və nəticədə qrafit almaz kristalına çevrilir. Bu üsul Yerin daxili qatlarında milyard il qabaq almazın yaranmasına səbəb olmuş xarakterik yüksək təzyiq və böyük temperaturun imitasiyasıdır.
İkincisi – CVD (Chemical Vapor Deposition – Kimyəvi Buxar Çöküntüsü). Bu metod zamanı vakuum kamerasına hidrogen və metan qazları buraxılır. Mikrodalğalı plazma vasitəsilə qaz molekulları parçalanır və azad olan karbon atomları kameranın dibindəki nazik almaz lövhəsinin üzərinə qar dənəcikləri kimi təbəqə-təbəqə çökür.

Çinin Henan əyaləti yüksək təzyiq və temperatur texnologiyası (HPHT) sayəsində böyük miqdarda laboratoriya almazı istehsal edir. Çində istehsal olunan bu cür almazların həcmi dünyanın qalan hissəsində istehsal olunan almazdan daha çoxdur.
Hazırda laboratoriyada yaradılan almazlarla təbii brilyantlar arasında ciddi rəqabət gedir. Süni almazların dərin mədənlərdən və mürəkkəb geoloji süxurlardan hasil edilən almazları sıxışdırmasının əsas səbəbi ucuz başa gəlməsidir. Almaz satışı üzrə ixtisaslaşmış “De Beers” şirkətindən verilən məlumata görə, zərgərlik sektorundakı laboratoriya brilyantlarının qiyməti 2020-ci ildən bəri təxminən 90 faiz aşağı düşüb və hazırda bir karat laboratoriya brilyantının qiyməti təxminən 2800 dollar, təbii almazın qiyməti isə bir karat üçün 4000 min dollardır. Məsələ ondadır ki, süni almazların qiyməti düşdükcə bu, müvafiq surətdə təbii almazların da qiymətinə təsir edir və onların dəyərini aşağıya çəkir.
Dünya almaz ticarətinin 80%-dən çoxunu idarə edən və başlanğıc tarixi XV əsrin ortalarınadək gedib çıxan Antverpen (Belçika) bazarı hazırda bu texnoloji dalğaya qarşı ciddi müqavimət göstərir. Antverpen Almaz Məhəlləsi süni daşların adiləşməsindən qorunmaq üçün radikal addımlar atıb. Şəhərin rəsmi gemologiya qurumu olan “HRD Antwerp” süni almazlara keyfiyyət sertifikatı verməyi tamamilə dayandıraraq, bu daşları yüksək zərgərlik statusundan kənarlaşdırmağa çalışır. Amma bu cür özünü qoruma cəhdi real mənzərəni dəyişə bilməz. Artıq kütləvi süni almaz ticarəti ənənəvi Avropa birjalarından yan keçərək laboratoriya daşlarını məmnuniyyətlə qəbul edən Hindistanın Mumbay və Birləşmiş Ərəb Əmirliklərinin Dubay birjalarına yönəlirlər.

Süni almazlar ucuzlaşsa da, bu hələlik təbii almazların tam mənası ilə dəyərdən düşməsi anlamına gəlmir. Bu gün bazarda iki fərqli məhsul təklif olunsa da, gələcək perspektivdə təbii almaz öz dəyərini saxlaya bilməyəcək, daha doğrusu, artıq ona əvvəlkitək böyük məbləğlər ödənilməyəcək. Digər yandan, onu da xüsusilə vurğulamaq lazımdır ki, rəngsiz (ağ) almazın kütləviləşməsinə və tədricən istənilən sosial təbəqə üçün əlçatanlaşmasına baxmayaraq, zəngin alıcı kütləsi onun yerini rəngli qiymətli daşlarla əvəzləməyə çalışacaq. Həm rəngli almazlar, həm də kimyəvi tərkibində müxtəlif qarışıqların sintezi olan rubin, zümrüd, sapfir, turmalin, aleksandrit və bu kimi daşların eynisini laboratoriyada almaq hələ ki, çətindir.
Yeri gəlmişkən, tarixi cəhətdən xüsusi bir nümunə kimi almazın hazırkı taleyini alüminiumun ictimai-iqtisadi mövqeyi ilə müqayisə edə bilərik. Texnologiya bir maddəni kütləvi şəkildə istehsal etməyi bacardığı an, artıq həmin maddənin “nadir lüks” imici sönür və o, adi sənaye məhsuluna dönüşür. Süni almaz istehsalı bəşər tarixinin ən mühüm hadisəsi olan alüminium sənayesinin meydana gəlməsini yada salır. Hələ XIX əsrin ortalarında alüminium qızıldan baha idi. Deyilənlərə görə, Fransa imperatoru III Napoleonun sarayında fəxri qonaqlara yemək zamanı alüminiumdan hazırlanmış çəngəl-bıçaq dəstləri təqdim olunurmuş. Alüminiumun bahalı olmasının səbəbi onun təbiətdə azlığından yox, filizdən asanlıqla və böyük miqdarda ayrılmasının hələ ixtira edilməməsindən irəli gəlirdi. Alüminiumun ucuzlaşmasının əsas dönüş nöqtəsi 1886-cı ildə “Hall-Eru” prosesinin işə salınmasından sonra başladı və alüminiumun kütləvi istehsalı “imperator metalı”nı anidən hamının istifadə edə biləcəyi materiala çevirdi.

Ümumiyyətlə, süni almazların qiymətinin zərgərlik sektorunda ucuzlaşması onun iflası demək deyil, çünki təbiətin ən yaxşı istilik keçiricisi və ən bərk maddəsi kimi ondan yüksək texnologiyalar sektorunda istifadə edilir. Süni almazlar kompüterlərin, mikroçiplərin və hərbi radar sistemlərinin soyudulmasında strateji komponent sayılır. Artıq almaz bəzək daşı statusundan çıxaraq universal və real dəyər kimi texnoloji inkişafın mühüm vasitəsinə çevrilir.
Beləliklə, almaz əlahəzrət tarixi faktın qarşısında artıq bahalı daş yox, texnoloji inkişafın bəşəriyyətə bəxş etdiyi və kütləvi istehsalı mümkün olan universal sənaye məhsuludur.
Vaqif Nəsibov
"AzPolitika.info"


Şərhlər