Məktəblərdə şagirdlər bir ay ərzində üzrlü səbəblər olmadan 7 gündən çox dərsdən qala bilməz. Bu haqda fikirlər sosial şəbəkələrdə yayıldıqdan sonra geniş müzakirələrə yol açıb. Səslənən fikirlərə görə, belə olan halda icbari ümumi təhsil üzrə şagirdin valideynlərinə və ya onu əvəz edən şəxslərə 100 manat cərimə tətbiq edilməsi mümkündür.
Bəs bu, nə dərəcədə doğrudur? Qanunda həqiqətən bu cür halla bağlı cərimə tətbiqi nəzərdə tutulubmu?
Mövzu ilə bağlı "Azpolitika"ya danışan təhsil eksperti Fuad Hacıyev bildirib ki, qanunvericilikdə belə bir müddəa var: "İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilən istisna səbəblər olmadan şagirdin bir ay ərzində 7 gündən çox dərs buraxmasına görə valideynə cərimə nəzərdə tutulur. Amma qanunun mövcudluğu davamiyyət probleminin yalnız cərimə ilə həll ediləcəyi demək deyil. Tutaq ki, valideynləri kütləvi şəkildə cərimələdik. Bununla uşaqların davamiyyət problemi aradan qalxacaq? Yoxsa ailə ilə məktəb arasındakı məsafə daha da böyüyəcək?. Yəni cəriməni ödəmək onu doğuran problemi həll etmir.
Valideynin övladının davamiyyətinə görə məsuliyyəti var. Amma təhsil sisteminin də keyfiyyətli, təhlükəsiz və uşağı kənarda qoymayan mühit yaratmaq məsuliyyəti mövcuddur. Davamiyyət tələb ediriksə, davamiyyətsizliyin səbəblərini də araşdırmalıyıq. Təhsildə uğurun göstəricisi neçə valideyni cərimələməyimiz yox, nə qədər uşağın təhsilini davam etdirməsinə şərait yaratmağımızdır".
Vəkil Roman Qaraşov isə bildirib ki, şagirdin bir ay ərzində üzrsüz səbəbdən 7 gündən çox dərs buraxmasına görə valideynlərin 100 manat cərimə edilməsi ilə bağlı yayılan məlumat hazırkı qanunvericiliyə uyğun deyil: "Belə ki, əvvəllər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsində bu hala görə 100 manat cərimə nəzərdə tutulsa da, həmin maddə 15 aprel 2016-cı il tarixli Qanunla ləğv edilib. Hazırda Məcəllənin 189.1-ci maddəsinə əsasən, valideynlər və ya onları əvəz edən şəxslər yetkinlik yaşına çatmayanların təlim-tərbiyəsi ilə bağlı vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirmədikdə onlara xəbərdarlıq edilə və ya 40 manatdan 60 manatadək cərimə tətbiq oluna bilər. Lakin bu məsuliyyətin yaranması üçün valideynin qanunla müəyyən edilən vəzifələrini yerinə yetirməməsi faktı sübut olunmalıdır. Yəni şagirdin sadəcə 7 gündən artıq dərs buraxması valideynin avtomatik olaraq 100 manat cərimələnməsinə hüquqi əsas vermir".
Günəş Fərəh
Azpolitika.info


Şərhlər