Murad Hüseynli,
Siyasi şərhçi
Beynəlxalq münasibətlərdə bəzi proseslərin mahiyyəti keçirilən görüşlərin sayında deyil, həmin görüşlərin arxasında yaranan əlaqələr sistemində görünür. Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü də bu baxımdan diqqət çəkir.
Azərbaycanın bu formata tamhüquqlu üzv kimi qoşulmasından sonra keçirilən görüş ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərinin artıq institusional xarakter aldığını göstərir. Prezident İlham Əliyevin çıxışında bu qərarın “tarixi qərar” olduğu xüsusi vurğulanıb.
Məsələnin mahiyyəti isə üzvlük faktından daha genişdir. Azərbaycanla Mərkəzi Asiya dövlətlərini yaxınlaşdıran amillər artıq yalnız tarixi və mədəni bağlarla məhdudlaşmır. Ticarət, investisiya, enerji və nəqliyyat sahələrində formalaşan ortaq maraqlar siyasi dialoqun iqtisadi dayaqlarını möhkəmləndirir.
Bu baxımdan Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. Xəzərin iki sahilində yerləşən dövlətlərin nəqliyyat imkanlarının bir sistemdə birləşməsi Azərbaycanın coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirmək imkanını genişləndirir. Prezidentin bildirdiyi kimi, Orta Dəhliz üzrə yükdaşımaların həcmi artır.
Burada söhbət yalnız yüklərin daşınmasından getmir. Nəqliyyat marşrutu inkişaf etdikcə onun ətrafında logistika, investisiya və istehsal imkanları da genişlənir. Beləliklə, Azərbaycanla Mərkəzi Asiya eyni iqtisadi zəncirin bir-birini tamamlayan halqalarına çevrilə bilər.
İqtisadi münasibətlərdəki dinamika da diqqətəlayiqdir. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsinin ötən il 50 faizdən çox artması və Azərbaycanda region dövlətlərinin kapitalı ilə 400-dən artıq şirkətin fəaliyyət göstərməsi əlaqələrin praktiki məzmununu göstərir. Prezidentin “birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq” fikri qarşıdakı mərhələnin istiqamətini müəyyənləşdirir.
Enerji sahəsində də yeni imkanlar yaranır. Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması ilə yanaşı,Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində iş aparılır. Bu, əməkdaşlığın ənənəvi enerji gündəliyindən daha geniş müstəviyə keçdiyini göstərir. Bütün bu proseslərin siyasi əhəmiyyəti iqtisadi göstəricilərdən daha genişdir. Çünki nəqliyyat, investisiya və enerji layihələrinin davamlılığı regional sabitlik və qarşılıqlı etimad tələb edir. Prezidentin “sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməlidir” fikri də bu reallığı ifadə edir.
Türkmənbaşı görüşündə Birgə Bəyanatın və Məşvərət formatının tənzimləyici sənədlərinə dair qərarın imzalanması siyasi dialoqun daha sistemli çərçivəyə salınması baxımından əhəmiyyətlidir.
Mənzərə göstərir ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər artıq ayrı-ayrı səfərlərin məcmusu deyil. Burada siyasi iradə, iqtisadi maraq, nəqliyyat və enerji əməkdaşlığının bir-birini tamamladığı regional model formalaşır.
Bu modelin mərkəzində Xəzər dayanır. Xəzər getdikcə iki coğrafiyanı ayıran məkan deyil, onları birləşdirən platformaya çevrilir. Azərbaycanın Mərkəzi Asiya ilə dərinləşən əlaqələri də bu dəyişən geosiyasi mənzərənin göstəricilərindən biridir.
Türkmənbaşı görüşünün əsas siyasi mesajı, məncə, məhz budur: Azərbaycan və Mərkəzi Asiya dövlətləri bir-birinin imkanlarını tamamlayan regional aktorlara çevrilirlər. Qarşıdakı mərhələdə əsas məsələ bu siyasi yaxınlığın nə qədər davamlı iqtisadi layihələrə və real regional bağlantılara çevriləcəyidir.


Şərhlər