Menu

ZELENSKİ RUBİOYA ÜSYAN ETDİ - Kiyev hiddətini gizlətmir, Moskva isə...

09.10.2026, 12:17
ZELENSKİ RUBİOYA ÜSYAN ETDİ - Kiyev hiddətini gizlətmir, Moskva isə...

ABŞ başda olmaqla, Qərbin Ukraynanın birmənalı, təmənnasız müttəfiqi və tərəfdaşı olmadığını Ukrayna xalqı və dövləti hər keçən gün daha çox hiss etməkdədir. Bu amansız savaş Ukraynada hər qlobal qüvvənin, iri dövlətin öz marağının olduğu və bu maraqların heç cür üst-üstə düşmədiyi bir reallıq fonunda sürməkdədir. Bu səbəbdən onun sonu hələlik görünmür.

Bunun əzabını ilk növbədə Ukrayna xalqı və dövləti çəkir. Ukraynaya qarşı riyakar, ikiüzlü münasibəti və Qərbdəki güclərin əsl mahiyyətini isə Ukrayna rəhbərliyi daha yaxından görür və anlayır. Bu baxımdan Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Dövlət Katibi Marko Rubionun son açıqlamaların açıq şəkildə üsyan etməsi başa düşüləndir.

Xatırladaq ki, Rubio dünən Yunanıstanda verdiyi müsahibədə Ukrayna savaşının dalana dirəndiyi və yaxın zamanda bu savaşın diplomatik həllinin görünmədiyini bəyan edib. “24 saata müharibəni bitirmək” vədi ilə ABŞ-də hakimiyyətə gələn Tramp komandasının əsas üzvlərindən biri, bəlkə də birincisi olan Rubio deyib ki, bu savaş nəinki tezliklə bitə, əksinə, digər ölkələrə də təsir edə və daha böyük qarşıdurmaya çevrilə bilər. 

O iddia edib ki, ABŞ sülhü asanlaşdırmaq üçün danışıqlar prosesində konstruktiv rol oynamağa hazırdır: “Biz bunu əvvəllər də etməyə çalışmışıq, amma hələlik bu hədəf əlçatmazdır...”

7 oktyabrda Rusiya raketinin yaşayış binasını vurduğu, nəticədə beş uşaq da daxil olmaqla 22 nəfərin öldüyü yerə gələn Volodimir Zelenski isə Rubionun bu açıqlamasına, xüsusilə də “müharibə dalana dirənib” fikrinə sərt reaksiya verib.: "Müharibə zamanı biz çox fərqli vəziyyətlər – çıxışsız, çətin, ümidsiz və s. vəziyyətlər haqqında eşitmişik. Ancaq biz özümüz - insanlar, liderlər, siyasətçilər - özümüzü dalana dirəndiririk... Hətta müharibənin ilk günündə belə, dalana dirənmədik. Çünki bir nəfər bütün bir milləti dalana dirəməyə çalışdı və xalq ayağa qalxdı, dövlətini müdafiə etdi".

O, açıq şəkildə ABŞ-nin bu savaşı bitirmək üçün əlində olan imkanlardan istifadə etməməsinə etiraz edib. Zelenskinin sözlərinə görə, dalandan çıxmaq çətin deyil. Bunu etmək üçün Rusiyaya iqtisadi təzyiqi artırmaq, Ukraynaya Rusiya ərazisi üzərindən “Starlink”-ə çıxış imkanı vermək və Rusiya ilə gələcək iqtisadi layihələr barədə danışıqlar aparmaqdan çəkinmək lazımdır: "Baxın, bir tərəfdən ruslarla gələcək iqtisadi layihələr barədə danışıqlar apara, digər tərəfdən isə diplomatik dalanda olduğunuzu deyə bilməzsiniz. Biz diplomatik dalan vəziyyətində deyilik. Onların (Rusiyanın) bütün iqtisadiyyatını bağlayın… Onları satışlarınızla yemləməyin. Sadəcə, onların silahlarına sanksiyalar tətbiq edin. “Starlink”-i bizim üçün, Ukrayna üçün açın”.

Zelenski qeyd edib ki, ABŞ İrana hücum edəndə, İsrail vasitəsilə İranın səmasını tam bağlamışdı və Qərb istəsə, Ukrayna üçün də bunu təmin edə bilər: "Yəni, sizə lazım olanda bu işləyir... Sadəcə özümüzü qorumaq üçün səmanı bağlayın. ABŞ-də bu imkan var. Onlar üçün Ukraynanı qorumaq heç bir qiymət kəsb etmir. Mən açıq şəkildə dedim: "Bizə səmamızı qorumağa və orada hakim olmağa kömək edin. O zaman Putin danışıqlar masasına oturacaq...” Bəs, hanı burda həqiqət, hanı dürüstlük? Hansı dalan? Buna sadəcə, istəməmək deyilir".

Bununla da Zelenski Rubionun timsalında ABŞ administrasiyasını dürüst olmamaqda və Ukraynaya bacardığı, asanlıqal əlindən gələn köməyi göstərməməkdə ittiham edib. Qeyd edək ki, Ukraynada keçirilən son sorğular əhalinin də ABŞ admnistrasiyasının Ukrayna siyasətinə olduqca mənfi yanaşdığını göstərir…


Lakin Kiyevdən fərqli olaraq, Moskva Rubionun son açıqlamasını müsbət qarşılayıb. Kreml, Rusiyanın Ukraynaya qarşı müharibəsinin diplomatik həlli perspektivinin olmadığına inanan ABŞ Dövlət Katibi Marko Rubio ilə tamamilə razıdır. 

Rusiya başçısının mətbuat katibi Dmitri Peskov deyib ki, "Rubio həqiqətən haqlıdır; biz hələlik bunun üçün heç bir ilkin şərt görmürük… Lakin diplomatiyanın işi dinc trayektoriyaya imkan verəcək boşluq tapmaqdır".

Peskov həmişəki kimi, savaşın uzanmasında hücum edən tərəfi deyil, müdafiə olunan Ukraynanı və onun başçısını günahkar çıxarıb. Onun iddiasına görə, Zelenskinin açıqlamaları “Ukraynanın dinc yol tutmaq istəmədiyini nümayiş etdirir və onun 40 günlük əməliyyatla bağlı Rusiyaya qarşı təhdidləri indi Ukraynanın özünə qarşı yönəlib”: "Prezidentin (Vladimir Putinin) dediyi kimi, bu cür açıqlamalar Ukraynanın hər hansı bir sülh trayektoriyası tutmaq istəmədiyini və buna hazır olmadığını tamamilə nümayiş etdirir". Onun sözlərinə görə, bunun nəticələrini Kiyevin və digər şəhərlərin sakinləri, eləcə də Ukraynanın sənaye sektoru hiss edir. Yəni, Kreml sözçüsü Ukraynanın təslim olmadığı, öz ərazilərini təhvil vermədiyi, kapitulyasiya şərtlərilə razılaşmadığı üçün dinc əhalinin raket və PUA zərbələrilə, işıqsız, susuz, istiliksiz qoyulması ilə cəzalandırıldığını açıq şəkildə etiraf edib…

Üstəlik, Peskov deyib ki, hazırda Rusiya və ABŞ iqtisadi sahədə birgə "qarşılıqlı faydalı layihələri" müzakirə edirlər: "Potensial olaraq qarşılıqlı faydalı ola biləcək bir sıra potensial iqtisadi əməkdaşlıq layihələri müzakirə olunur"…

Yəni, Ukraynanın ABŞ-dən müharibəni bitirmək, hava hücumlarının, insan itkilərinin, şəhərlərin dağıdılmasının qarşısını almaq üçün kömək istməsinin fonunda Moskva ilə Vaşinqton arasında “potensial iqtisadi əməkdaşlıq” müzakirə olunur, kobud dildə desək, alış-veriş gedir. 

Bu reallıq bir daha göstərir ki, istənilən ölkə, xüsusilə də postsovet ölkəsi ilk növbədə özünə güvənməli, kimsəyə arxayın olmamalı, öz imkanlarını, gücünü artırmalı və elə xarici siyasət qurmalıdır ki, kimsənin əlində oyuncağa, hansısa strateji maraqların kəsişmə nöqtəsinə çevrilib, ayaq altında qalmasın…

Cəlal Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol