Azərbaycanda gənclərin ailə qurmaq yaşı artmaqda davam edir. Statistik göstəricilər göstərir ki, həm kişilər, həm də qadınlar əvvəlki illərlə müqayisədə daha gec evlənir. Bu tendensiyanın arxasında sosial-iqtisadi problemlərdən tutmuş, gənclərin həyat və karyera ilə bağlı gözləntilərinin dəyişməsinə qədər bir sıra amillər dayanır.
Mövcud göstəricilərə əsasən, Azərbaycanda ilk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28,7, qadınların orta yaşı isə 24,1-dir. Bütün nikahlar üzrə orta yaş göstəricisi kişilərdə 30,1, qadınlarda isə 25,1 təşkil edir. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə ilk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27,3, qadınların orta yaşı isə 23,1 olub. Yəni, son 15 ildə ilk nikah yaşı kişilərdə 1,4 il, qadınlarda isə 1 il artıb.
Bəs gənclərin ailə qurmağa əvvəlki illərlə müqayisədə daha gec qərar verməsinin səbəbləri nədir?
Mövzu ilə bağlı "AzPolitika"ya danışan sosioloq Naib Niftəliyev hesab edir ki, evlilik yaşının artması qlobal tendensiyadır və Azərbaycan da dünyada baş verən sosial dəyişikliklərdən kənarda qala bilməz.
“Ümumiyyətlə, evlilik yaşının artması qlobal tendensiyadır. Azərbaycan da beynəlxalq proseslərin fəal iştirakçısı kimi bu dəyişikliklərdən kənarda deyil. Dünya artıq bir-biri ilə sıx inteqrasiya olunub və müxtəlif ölkələrdə baş verən sosial proseslər qarşılıqlı təsir göstərir. Sosial münasibətlər, ailə institutundakı dəyişikliklər və boşanma hallarının artması da bu ümumi mənzərənin tərkib hissəsidir. İnsanların ailə qurmaq üçün daha çox gözləməsi, ilk növbədə, onların daha yaxşı, daha sabit və rifahlı həyat qurmaq istəyi ilə bağlıdır. Bu baxımdan sosial-iqtisadi amillər əvvəlki kimi yenə də əsas rol oynayır”, – deyə sosioloq bildirib.
Naib Niftəliyevin sözlərinə görə, Azərbaycanda bütün nikahlar üzrə orta yaş göstəricilərinə nəzər saldıqda, kişilərin ailə qurmaq üçün daha çox 30 yaş ətrafına qədər gözlədiyi görünür. Bununla belə, orta göstəricilər bütün insanların həyat təcrübəsini əks etdirmir. Bəziləri daha erkən, digərləri isə daha gec yaşda ailə qurur. Boşanaraq yenidən nikaha daxil olan şəxslər də ümumi statistik mənzərəyə təsir göstərir.
Sosioloq hesab edir ki, son 15 ildəki dəyişikliklər xüsusilə kişilərin üzərinə qoyulan sosial gözləntilərlə də əlaqəlidir:
“İlk nikah yaşı ilə bağlı göstəriciləri 15 il əvvəlki dövrlə müqayisə etdikdə artım görürük. Kişilərdə bu dəyişiklik daha qabarıqdır. Bu, müəyyən mənada kişilərin üzərinə qoyulan ənənəvi məsuliyyətlərin hələ də qüvvədə qalması ilə bağlıdır. Gender bərabərliyi, qadınların təhsil alması və əmək bazarında daha fəal iştirak etməsi kimi dəyişikliklərə baxmayaraq, cəmiyyət kişilərdən hələ də müəyyən gözləntilərə uyğun davranmağı tələb edir. Kişidən ailəni dolandırmaq, sabit işə və gəlirə sahib olmaq, peşəkar fəaliyyətini qurmaq və gələcəklə bağlı ciddi addımlar atmaq gözlənilir. Həm cəmiyyət, həm də ailə qurmaq istəyən qadınlar kişidən bu məsələlərdə müəyyən təminat görmək istəyirlər. Nəticədə kişi özünü maddi və sosial baxımdan hazır hiss edənə qədər ailə qurmaq qərarını təxirə sala bilər”.
Naib Niftəliyev hesab edir ki, insanların ailə qurmaq qərarına münasibəti də dəyişir. Gənclər artıq seçimlərini daha diqqətlə qiymətləndirməyə, gələcək həyat yoldaşını daha yaxından tanımağa və münasibətlərinin uzunmüddətli perspektivini düşünməyə çalışırlar. Texnologiyanın inkişafı, sosial şəbəkələr və tanışlıq platformaları da insanların bir-birini tanımaq imkanlarını genişləndirir.
“Bu gün gənclərin ailə qurmazdan əvvəl daha çox düşünməsi, seçimlərini araşdırması və gələcək həyatlarını planlaşdırmağa çalışması müəyyən mənada müsbət tendensiyadır. İnsanlar qərar verməzdən əvvəl bir-birini daha yaxşı tanımaq, uyğunluqlarını qiymətləndirmək və münasibətlərinin gələcəyini düşünmək imkanı əldə edirlər. Ancaq burada başqa bir məqam da var. İnsanların yaşı artdıqca seçim imkanları genişlənsə də, bu, onların mütləq daha uğurlu ailə quracaqları demək deyil. Əsas məsələ ailə və karyera planlarını, gələcək hədəflərini uzlaşdırmaqdır. İnsan özünü maddi baxımdan hazır hiss etdikdə və müəyyən peşəkar sabitlik əldə etdikdə ailə qurmaq məsələsini də nəzərdən keçirməlidir. Bu qərarı sonsuzadək təxirə salmaq da müəyyən risklər yarada bilər”, – deyə sosioloq bildirib.
O, ailə qurmaq üçün yaş məsələsinə yanaşarkən insanların şəxsi seçimlərinə də hörmətlə yanaşılmasının vacibliyini qeyd edib. Sosioloqun fikrincə, hər bir insanın həyat şəraiti, məqsədləri və imkanları fərqlidir. Buna görə də evlilik yaşı ilə bağlı vahid yanaşma bütün insanlara şamil edilə bilməz.
Bununla yanaşı, N. Niftəliyev hesab edir ki, ailə institutunun möhkəmləndirilməsi üçün dövlət siyasəti də mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, ailə siyasəti sosial siyasətin tərkib hissəsi kimi qiymətləndirilməli, gənclərin qarşılaşdıqları problemlərin həlli istiqamətində daha təsirli addımlar atılmalıdır.
“Bu məsələdə dövlətin həyata keçirdiyi ailə və sosial siyasət mühüm rol oynayır. Gənclərin qarşılaşdıqları çətinliklərin aradan qaldırılması, həssas sosial qrupların dəstəklənməsi və ailə institutunun möhkəmləndirilməsi istiqamətində tədbirlər görülməlidir. Eyni zamanda, bu tədbirlər tədricən təkmilləşdirilməli və cəmiyyətin müxtəlif təbəqələrinin ehtiyaclarını nəzərə almalıdır. Ailə yalnız iki insanın bir araya gəlməsi deyil, həm də cəmiyyətin əsas institutlarından biridir. Buna görə də ailə dəyərlərinin qorunması, qarşılıqlı hörmət və sədaqətin təşviqi, ənənələrlə müasirliyin düzgün uzlaşdırılması vacibdir. Müasir həyatın tələbləri nəzərə alınmalı, eyni zamanda milli-mənəvi dəyərlərin qorunmasına da diqqət yetirilməlidir”, – deyə o əlavə edib.
Sosioloq hesab edir ki, ailə qurmaq məsələsinə həm fərdi seçim, həm də ictimai məsuliyyət baxımından yanaşmaq lazımdır. Onun fikrincə, ailə həyatına hazırlıq yalnız maddi imkanlarla məhdudlaşmır. Tərəflərin bir-birini anlaması, ortaq məqsədlər müəyyənləşdirməsi, qarşılıqlı hörmət və etimad əsasında münasibət qurması da vacib şərtlərdəndir:
“İnsanlar ailə qurarkən yalnız maddi imkanlarını deyil, həm də gələcək planlarını, həyat məqsədlərini və bir-birinə münasibətlərini nəzərə almalıdırlar. Qarşılıqlı anlaşma, sədaqət və hörmət ailə həyatının əsasını təşkil edir. Bu məsələdə nə həddindən artıq tələsmək, nə də qərarı əsassız şəkildə uzun müddət təxirə salmaq düzgün yanaşmadır. Eyni zamanda, cəmiyyətdə ailə institutuna münasibət də əhəmiyyətlidir. Ailəyə qarşı mənfi münasibətlərin yayılması, ailə dəyərlərinin zəifləməsi və sosial-iqtisadi çətinliklər bu sahədə problemləri dərinləşdirə bilər. Ona görə də ailənin cəmiyyətdəki rolunun gücləndirilməsi üçün həm dövlət qurumlarının, həm də ictimai təşəbbüslərin iştirakı vacibdir”.
E. Bəyməmmədli
"AzPolitika.info"


Şərhlər