Oktyabrın 22-nə keçən gecə Rusiya regionları kütləvi PUA hücumuna məruz qalıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri gecə ərzində 800-dən çox Ukrayna dronunu zərərsizləşdirib. Əsas zərbələr Moskva vilayətinə, həmçinin Lipetsk və Kursk vilayətlərinə dəyib.
Moskva meri Sergey Sobyaninin açıqlamasına görə, gecə saatlarında paytaxt istiqamətində 630-a yaxın PUA uçub, onlardan 160-dan çoxu şəhərə yaxınlaşarkən vurulub. Yerli teleqram kanallarının məlumatına görə, Serpuxov şəhərində Rusiya Müdafiə Nazirliyinin silah-sursat istehsalı və hərbi texnikanın təmiri ilə məşğul olan "75-ci Arsenal" müəssisəsi hədəfə alınıb. Yeni Moskvanın Voronovo rayonunda isə dron qalıqlarının düşməsi nəticəsində iki nəfər xəsarət alıb.
Lipetsk vilayət qubernatoru İqor Artamonov bir nəfərin yaralandığını təsdiqləyib. Şəhərdə bir neçə yaşayış binasının fasadları və pəncərələri zədələnib, poliklinikanın damına isə PUA-nın partlamamış döyüş başlığı düşüb. "Atmosfera" yaşayış kompleksində dronun düşməsi nəticəsində yuxarı mərtəbələrdə yanğın baş verib. Region üzrə ümumilikdə 20-yə yaxın dronun vurulduğu bildirilir.
Kursk vilayətinin Xomutovka qəsəbəsində PUA hücumu nəticəsində 82 yaşlı qadın ayağından qəlpə yarası alıb. Bir neçə evdə pəncərələr sınıb.
Ukrayna hərbi qurumları hələlik bu hücumlarla bağlı rəsmi şərh verməyib.
Rasim
“AzPolitika.info”


Şərhlər