Menu

“Biz onu dərhal Azərbaycana qaytarmalıyıq...” – “Erkən seçkilərə getməyi də nəzərdən keçirə bilərik”

22.10.2026, 14:51
“Biz onu dərhal Azərbaycana qaytarmalıyıq...” – “Erkən seçkilərə getməyi də nəzərdən keçirə bilərik”

Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında və brifinqdə bir sıra mühüm bəyanatlarla çıxış edib. O, Azərbaycanla sülh sazişinin imzalanması perspektivləri, ölkə daxilində mümkün erkən parlament seçkiləri, eləcə də qaz qiymətləri və Avrasiya İqtisadi Birliyi (AİB) ilə bağlı sərt reallıqları diqqətə çatdırıb.

Paşinyan Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalana biləcəyinə inandığını bildirib. Lakin o, öz hesablamalarına əsasən, Ermənistan Konstitusiyasının məhz həmin dövrdə dəyişdirilib-dəyişdirilməyəcəyi barədə sualı cavabsız qoyub.

Azərbaycan tərəfi haqlı olaraq təkid edir ki, Ermənistan Konstitusiyasından 1990-cı il tarixli Müstəqillik Bəyannaməsinə (həmin sənəddə Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsinə dair 1989-cu il qərarına istinad edilir) edilən istinadlar tamamilə aradan qaldırılmayınca sülh müqaviləsi imzalanmayacaq.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də İrəvan və Bakı Ağ Evdə — ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişi imzalamış, tərəflər sənədi tarixi adlandıraraq iki ölkə arasında sülhün praktiki olaraq bərqərar olduğunu elan etmişdilər. Buna baxmayaraq, hüquqi əngəllərin aradan qaldırılması prosesi hələ də davam edir.

Ermənistan parlamentindəki müxalifətin yeni konstitusiyasının referenduma çıxarılması qərarına səs verməyə razı salına bilməməsi fonunda Paşinyan erkən parlament seçkilərinin keçirilməsi ehtimalını açıq şəkildə masada saxlayıb. "Həmkarıımızı bunun çox vacib bir məsələ olduğuna inandırmağa çalışacağıq. Əgər bu alınmasa, erkən seçkilər də daxil olmaqla digər ssenariləri nəzərdən keçirəcəyik," - deyə baş nazir "Azatutyun"a müsahibəsində bildirib.

O xatırladıb ki, partiyası son parlament seçkilərində konstitusiya çoxluğunu əldə edə bilməyib: 

"Əgər Ermənistan xalqı bu öhdəliyin yerinə yetirilməsini istəyirsə, mən də xalqla birlikdə bunu reallaşdırmalıyam. Lakin xalqın bu istiqamətdə qətiyyətini görməsəm, bir nöqtədə siyasi missiyamın başa çatdığı ortaya çıxa bilər".

Paşinyan azərbaycanlı çobanın sərhədi keçərək Ermənistan ərazisinə düşməsi məsələsinə də münasibət bildirib. O, çobanın dərhal Azərbaycana qaytarılacağını bəyan edib.

"Dünyada elə bir sərhəd, təmas xətti və ya cəbhə yoxdur ki, insan onu keçə bilməsin. Adam keçib, hərbçilər onu görüb saxlayıblar və Milli Təhlükəsizlik Xidmətinə təhvil veriblər. Onu Respublika meydanında tutublar ki? Adam sərhədi keçib və biz onu Azərbaycana qaytarmalıyıq," – o vurğulayıb.

Brifinqdə daxili iqtisadi məsələlərə də toxunan Nikol Paşinyan təbii qazın qiymətinin artmayacağına dair heç bir zəmanət olmadığını bəyan edib. O, son səkkiz ildə qazın qiymətinin azı iki dəfə bahalaşdığını, lakin hökumətin daxili resurslar və vergi ödəyicilərinin vəsaitləri hesabına bu artımı əhaliyə hiss etdirmədiyini vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol