Menu

“Yaşayarıq, görərik” - Paşinyan ölkəsinin təhdid edilməsinə cavab verdi

22.10.2026, 14:36
“Yaşayarıq, görərik” - Paşinyan ölkəsinin təhdid edilməsinə cavab verdi

“Mənim mövqeyim dəyişməyib. Yaşayarıq, görərik”. 

“AzPolitika” xəbər berir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumət iclasından sonra keçirdiyi ənənəvi brifinqdə Avrasiya İqtisadi Birliyinə(AİB) üzv dövlətlərin nümayəndələrinin son bəyanatını şərh edərkən deyib.

Baş nazirin sözlərinə görə, Ermənistan hökuməti əsasən Ermənistanın davamlı, sabit inkişafına, onun müstəqilliyinin və suverenliyinin qorunmasına diqqət yetirir.

"Biz bu yolu və münasibətlərimizin şaxələndirilməsi yolunu tutacağıq", - deyə Paşinyan bildirib.

O, xüsusilə Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı qanunu qeyd edib. Baş nazirin sözlərinə görə, bu, hökumətin vətəndaş cəmiyyətinin qanunvericilik təşəbbüsünü dəstəklədiyinin göstəricisidir.

Baş nazir həmçinin hökumətin ölkədə demokratiyanı müdafiə etmək əzmini və hazırlığını qeyd edib.

Xatırladaq ki, AİB üzvü olan Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın son birgə hesabatında Ermənistanın təşkilatdan çıxarılacağına eyham vurulub. Orada qeyd olunur ki, Ermənistanın Avropa İttifaqına üzvlük tələblərinə əməl etməsi ölkənin AİB qarşısındakı öhdəliklərini pozacaq. Belədə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın Ermənistanın AİB-dəki üzvlüyünü dayandırmaq hüququ var.

AİB Müqaviləsinin dayandırılmasının Ermənistan üçün mümkün nəticələri barədə hesabatda deyilir ki, Ermənistanın quruma üzvlüyü dayandırılarsa, onun spirtli içki ixracı 50% azala, Ermənistan üçün qaz qiymətləri 69% arta bilər.

Həmçinin, hesabatda deyilir ki, Ermənistanın AİB üzvlüyü dayandırılarsa, onun iqtisadiyyatı 15,6% kiçilə, ölkə sürətlənmiş inflyasiya və istehlakın azalması ilə üzləşə bilər: "Ermənistan Respublikasının ittifaqdakı üzvlüyünün dayandırılması nəticəsində respublikanın ÜDM-nin təxminən 15,6% azalması, inflyasiyanın 14,9 faiz artması və Ermənistan Respublikası iqtisadiyyatında istehlakın 14,6% azalması proqnozlaşdırılır".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol