Amerika kəşfiyyatı İranın xaricdə fəaliyyət göstərən ABŞ diplomatlarına və rəsmi şəxslərinə qarşı sui-qəsdlər hazırladığına dair məlumatlar əldə edib.
"AzPolitika" xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Qeyd olunub ki, bu barədə oktyabrın 23-də ABŞ dövlət katibi Marko Rubiyoya göndərilən xidməti qeyddə bildirilib.
Sənəddə qeyd olunub ki, İran Yaxın Şərqdə və regiondan kənarda amerikalı diplomatlara və rəsmi şəxslərə qarşı sui-qəsd hazırlıqlarını əhəmiyyətli dərəcədə intensivləşdirib. Kəşfiyyatın qiymətləndirməsinə görə, mümkün hücumlara hazırlıq artıq irəliləmiş mərhələyə çatıb.
Xidməti qeyddə Tehranın xaricdəki ABŞ nümayəndələrini aradan götürməyə yönəlmiş hazır planlarının ola biləcəyi barədə də xəbərdarlıq edilib.
ABŞ administrasiyasının nümayəndələri “Axios”a bildiriblər ki, əldə olunan kəşfiyyat məlumatları Yaxın Şərqdəki bir sıra ABŞ səfirliklərinin əməkdaşlarının sayının azaldılması qərarına təsir edən amillərdən biri olub.
Vaşinqtonun narahatlığına səbəb olan digər amil isə noyabrın əvvəlində ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdən sonra ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları bərpa edə biləcəyi ehtimalıdır.
Ötən gün ABŞ Prezidenti Donald Tramp Floridada tərəfdarları qarşısında çıxışı zamanı İrana qarşı yeni hərbi əməliyyatın keçirilməsini istisna etməyib.
Tramp, həmçinin İran rəhbərliyini münaqişənin həlli üçün Vaşinqtonun irəli sürdüyü şərtləri qəbul etməyə çağırıb.
“Axios”un məlumatına görə, xidməti qeyddə mümkün təhdidlər barədə məlumatların daha geniş dairədə olan amerikalı əməkdaşlara çatdırılmasının vacibliyi də vurğulanıb.
Bununla belə, sənəddə ehtimal olunan sui-qəsdlərin konkret hədəfləri, onların Yaxın Şərqdən kənarda hansı ölkələrdə həyata keçirilə biləcəyi və İranın mümkün planlarının digər təfərrüatları açıqlanmayıb.


Şərhlər