Menu

NƏ NETANYAHU, NƏ DƏ AYZENKOT - Yeni hökumətin taleyini ərəb partiyaları həll edəcək?

28.10.2026, 10:45
NƏ NETANYAHU, NƏ DƏ AYZENKOT - Yeni hökumətin taleyini ərəb partiyaları həll edəcək?

İsraildəki seçkilərdə bülletenlərin 53,7%-i sayıldıqdan sonra Mərkəzi Seçki Komissiyası ilkin nəticələri dərc edib.

“AzPolitika” xəbər verir ki, həmin nəticələrə əsasən, hazırkı Baş nazir Benyamin Netanyahunun bloku 55 yer, müxalifət isə 50 yer alır.

Lakin bu nəticələr sürətlə dəyişir. Bundan öncə, səslərin 41,9%-i sayılanda Netanyahunun öz partiyasının və ifrat sağçı, eləcə də ultra-ortodoks partiyalardan ibarət blokunun əldə etdiyi ümumi yerlərin sayı 57 idi. Müşahidəçilərin fikrincə, səslər sayıldıqca Netanyahunun partiyasının və blokunun əldə etdiyi mandatların sayı azala, mövqeyi zəifləyə bilər. Daha əvvəl hakim blokun 63 yer qazanacağı proqnozlaşdırılsa da, indi ümumi say artıq 55-ə düşüb. 120 yerlik parlamentdə çoxluğu əldə etmək üçünsə ən azı 61 yer lazımdır.

İlkin nəticələr İsraildə siyasi dalan ssenarisini daha real edir. Hazırda heç bir tərəf təkbaşına hökumət qurmaq üçün kifayət qədər yerə malik deyil. Netanyahunun partiyası hələlik təkbaşına 25 yer, Qadi Ayzenkotun “Yaşar” partiyası 21 yer qazanır. Onların təşkil edə biləcəkləri bloklar isə ayrı-ayrılıqda 50 civarında yer qazanacaq kimi görünür. Bu, yeni hökumət qurmaq üçün qətiyyən kifayət deyil.

İlkin nəticələr göstərir ki, İsraildəki ərəb partiyaları təxminən 16 mandat qazanacaqlar. Xatırladaq ki, bu ölkədə 2 milyondan çox ərəb yaşayır və onlar ənənəvi olaraq, Ra'am (Birləşmiş Ərəb Siyahısı), Hadaş, Ta'al və Balad partiyalarına səs verirlər. Bu partiyaların üçünün 3.25 faizlik hədi keçəcəyi güman edilir.

İsraildəki ərəb partiyaları rəsmi olaraq Benyamin Netanyahunun qatı əleyhdarlarıdır. Ancaq onlar Netanyahunun əsas rəqibi olan Ayzenkotu və onun rəhbərlik etdiyi müxalifət blokunu da rəsmən dəstəkləmir.

Ərəb partiyaları ənənəvi olaraq idarəetmə koalisiyalarında (sağçı və ya solçu/mərkəzçi) iştirak etmirlər. Lakin onlar Knessetdə müəyyən təşəbbüsləri dəstəkləyirlər. Netanyahunun özü və müttəfiqləri müxalifətin seçkilər zamanı ərəb partiyaları ilə əməkdaşlıq etmə ehtimalından fəal şəkildə istifadə edərək rəqiblərini tənqid ediblər. Eyni zamanda, ərəb siyasətçilərinin özləri mövcud Netanyahu hökumətinin siyasətini kəskin tənqid edirlər (xüsusən də Qəzzadakı hərbi əməliyyatları). Lakin Ayzenkotun rəhbərlik etdiyi müxalifət bloku da ərəbləri rəsmi koalisiya tərəfdaşı kimi görmür. Buna baxmayaraq, müstəqil qüvvə kimi ortaya çıxan ərəb partiyaları koalisiyaya qatılaraq hökumət qurmasalar da, Netanyahunun rəqibinin quracağı hökumətə dolayısı ilə dəstək verə, onların lehinə səs verə bilərlər. Hər halda, müşahidəçilər belə bir ssenarini tam istisna etmirlər.

Xatırladaq ki, 2019-cu il seçkisində ərəb partiyaları Netanyahunun o vaxtkı rəqibi Beni Qantsı Baş nazir postuna namizəd kimi dəstəkləmişdilər. Bu addım İsrailin siyasi tarixində çox nadir və tarixi bir hadisə hesab olunurdu, çünki ərəb partiyaları 1992-ci ildən bəri ilk dəfə idi ki, yəhudi bir siyasətçinin baş nazirliyini rəsmən tövsiyə edirdilər. Məqsəd Netanyahunu devirmək idi. O vaxt demək olar ki, bu ssenari alınmadı. Bu dəfə alınacaqmı? Bunu yaxın zamanda görəcəyik…

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol