"Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır".
"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, bu fikirləri baş prokuror Kamran Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşündə deyib.
O vurğulayıb ki, qısa müddət ərzində genişmiqyaslı hüquqi və institusional islahatların həyata keçirilməsi nəticəsində Azərbaycan beynəlxalq antikorrupsiya standartlarına uyğun müasir hüquqi baza formalaşdırıb: "Azərbaycan Respublikası BMT-nin Korrupsiyaya qarşı Konvensiyasını, BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasını, Avropa Şurasının Korrupsiya haqqında Mülki Hüquq və Cinayət Hüququ konvensiyalarını ratifikasiya edib və Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır. Müvafiq qanunvericiliyin səmərəli icrasını təmin etmək məqsədilə ölkəmizdə məhkəmə və hüquq-mühafizə sistemi islah olunub. Ən yaxşı beynəlxalq təcrübəyə uyğun olaraq ixtisaslaşmış antikorrupsiya qurumları yaradılıb. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya milli antikorrupsiya siyasətini müəyyən edən, fəaliyyət planlarının və strategiyaların hazırlanmasını və icrasına nəzarəti həyata keçirən qurumdur".
K.Əliyev əlavə edib ki, Baş Prokurorluğun strukturunda fəaliyyət göstərən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi korrupsiya cinayətləri üzrə ixtisaslaşmış hüquq-mühafizə orqanıdır: "İdarə korrupsiya cinayətləri ilə bağlı ibtidai istintaq aparır və əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malikdir. Ölkəmiz korrupsiyaya qarşı mübarizədə yalnız cəza tədbirlərinə deyil, həm də korrupsiyanın qarşısının alınmasına xüsusi diqqət yetirir. Bu baxımdan, dövlət xidmətlərini "bir pəncərə" prinsipi əsasında vahid və əlaqələndirilmiş şəkildə, şəffaf formada təqdim edən "ASAN xidmət" mərkəzləri dövlət idarəçiliyi sektorunda şəffaflığın təmin olunmasına mühüm töhfə verib. Antikorrupsiya siyasətimizin digər mühüm istiqaməti beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və təcrübə mübadiləsidir. Çünki bu sosial bəla ilə mübarizə aparmaq üçün səylərimizi birləşdirməliyik".


Şərhlər