Menu

AVROPA QAZ BAZARINDA NƏLƏR DƏYİŞİR? – Rusiyanın yeni ixrac planları

28.10.2026, 11:47
AVROPA QAZ BAZARINDA NƏLƏR DƏYİŞİR? – Rusiyanın yeni ixrac planları

Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunda Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinə çağırış edərək tənqidlər səsləndirib, eyni zamanda sanksiyaların ləğv edilməsini tələb edib. Lakin ekspertlər hesab edirlər ki, Rusiyanın Avropa bazarını itirməsi və onu Afrika və ya digər regionlarla əvəzləmək cəhdləri ciddi maneələrlə üzləşir və bir çox cəhətdən qeyri-mümkündür.

Moskvada açılışı olan Qaz İxrac Edən Ölkələr Forumunda çıxış edən Vladimir Putin mövcud münaqişələrin dayandırılmasını və Rusiyaya qarşı tətbiq olunan sanksiya rejimlərinin ləğv edilməsini istəyib. O, məhdudiyyətlərin sonda bütün tərəflər üçün ağır nəticələrə gətirib çıxardığını iddia edib. Eyni zamanda, Rusiya rəhbəri yenə də Avropanın guya boş qalan qaz anbarlarına diqqət çəkərək, Rusiyanın qlobal qaz bazarından sıxışdırılıb çıxarılmasının təşəbbüskarlarına bumeranq effekti verəcəyini vurğulayıb.

ABŞ-də sanksiya siyasətinin yumşalması fonunda Kreml Donald Trampın potensial təzyiqləri vasitəsilə Avropa bazarında mövqelərini qoruyub saxlamağa ümid edir. Xatırladaq ki, Avropa İttifaqı 2027-ci il yanvarın 1-dən öz limanlarını Rusiya maye qazının (LNG) qəbulu üçün tamamilə bağlamağa hazırlaşır. Hətta Rusiya ilə Ukrayna arasında mümkün sülh sazişi imzalansa belə, Aİ rəsmiləri bu məhdudiyyətlərin qüvvədə qalacağını istisna etmirlər.

Avropa istiqamətinin bağlanması fonunda Kreml yeni ixrac bazarları axtarışındadır. Çinin daim enerji daşıyıcılarına endirimlər tələb etməsi, Hindistanın isə sanksiyaya məruz qalan LNG-dən imtina etməsi Rusiyanı yeni alternativlərə yönəldir. Bu baxımdan Vladimir Putin tərəfindən "gələcək ümidi" adlandırılan Afrika əsas istiqamətlərdən biri kimi göstərilir.

Rusiya həmin regionda qaz infrastrukturunun inkişafı üçün "Beynəlxalq Qaz Bankı"nın yaradılmasını təklif edir. Layihəyə əsasən, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər və Rusiyanın bu banka vəsait yatırması nəzərdə tutulur.

Ancaq enerji bazarı üzrə müstəqil analitik Boris Aronşteyn hesab edir ki, bu təşəbbüs hələlik kağız üzərində qalan bəyanatlardan o tərəfə keçmir:

"Texniki cəhətdən bu, mümkündür. Lakin iki böyük maneə var. Əsas məqsəd Afrika ölkələrinə Rusiya qazını ala bilmələri üçün kredit vermək və orada infrastruktur qurmaqdır. Lakin bankın maliyyələşməsinin mənbəyi qeyri-müəyyəndir. BƏƏ və ya Qətərin bu təşəbbüsdən xəbəri yoxdur və hələ ki heç kim onlardan razılıq almayıb".

Ekspert həmçinin Qətər, İran və Rusiyanın fərqli maraqlarına görə Qaz İxrac Edən Ölkələr Forumu çərçivəsində "OPEK plus" tipli vahid kartelin yaradılmasını qeyri-mümkün hesab edir. Qətər tamamilə LNG ixracatçısı, İran yalnız boru kəməri qazı, Rusiya isə hər iki istiqamət üzrə qarışıq ixracat həyata keçirdiyindən, onların maraqları bir-biri ilə ziddiyyət təşkil edir.

Avropanın Rusiya qazından imtina etməsinin səbəblərinə toxunan Boris Aronşteyn bildirir ki, "Qazprom" artıq Avropa bazarının "qara siyahı"sına düşüb və bu statusu dəyişmək asan olmayacaq:

"Avropanın gözündə 'Qazprom' etibarsız təchizatçıdır. Bu imicdən xilas olmaq və Avropa bazarına qayıtmaq üçün onilliklər keçməlidir. Putinin bu təhdidləri və Avropanı parçalamaq cəhdləri uğursuzluğa məhkumdur".

Yekun olaraq, ekspert qeyd edir ki, hərçənd cari ildə Avropanın müəyyən ehtiyat yaratmaq məqsədilə Rusiya LNG idxalını müvəqqəti artırdığı müşahidə olunub, lakin qlobal miqyasda və Yaxın Şərqdə baş verən geosiyasi proseslər, neft qiymətlərinin kəskin oynamaları Moskvanın qaz təzyiq rıçaqlarını zəiflədir və sanksiyaların ləğvi ilə bağlı səslənən çağırışlar daha çox Kremli zəifliyinin nümayişi kimi qiymətləndirilir.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol