Menu

Tehran İnqilab Məhkəməsi Azərbaycan əsilli rejissora hökm oxudu

28.10.2026, 12:25
Tehran İnqilab Məhkəməsi Azərbaycan əsilli rejissora hökm oxudu

Tehran İnqilab Məhkəməsi tanınmış azərbaycanəsilli iranlı kinorejissor Cəfər Pənahi barəsində əmlakının müsadirə edilməsi ilə yanaşı, 5 il 1 ay müddətinə qiyabi həbs qərarı çıxarıb.

"AzPolitika" xəbər verir ki, bu barədə rejissorun vəkili Mustafa Neyli açıqlama verib.

Vəkilin sözlərinə görə, məhkəmə qərarı ilə Pənahiyə iki il müddətinə ölkədən çıxış və sosial şəbəkələrdən istifadə qadağası da qoyulub. Bundan əlavə, onun bank hesabları dondurulub.

Rejissora qarşı irəli sürülən ittihamların mahiyyəti barədə isə məlumat verilməyib. Məhkəmə qərarında Cəfər Pənahinin hazırda İranda yaşamadığı da qeyd olunub.

Qeyd edək ki, 2025-ci ilin dekabrında da Tehran məhkəməsi rejissor barəsində bir il müddətinə qiyabi həbs qərarı çıxarıb.

Xatırladaq ki, Cəfər Pənahinin 2025-ci ildə çəkdiyi “Sadə təsadüf” filmi Kann Film Festivalının baş mükafatı olan “Qızıl palma budağı”na layiq görülüb. Film, həmçinin “Ən yaxşı xarici film” və “Ən yaxşı orijinal ssenari” nominasiyalarında “Oskar” mükafatına namizəd göstərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol